Füzulidə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş körpələr evi-uşaq bağçası istifadəyə verildi — FOTOLAR


SOSİAL 21 iyn 2021, 09:15
Füzuli rayonunun Arayatılı kəndində  Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi uğurlu dövlət uşaq siyasətinin əsası da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sevindirici haldır ki, sabahımız olan uşaqlara həssas münasibət və qayğı bu gün dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində saxladıqları məsələlərdəndir.

Təsadüfi deyildir ki, bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətimizlə yanaşı Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəb binaları tikilir və ya əsaslı şəkildə yenidən qurulur.

Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən  mühüm layihələrin həyata keçirilməsi bu günə qədər də uğurla reallaşdırılıb. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qoleriyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir.Rayonunda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür.

İyun ayının 18-də rayonun Arayatılı kəndində Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir olunub istifadəyə verilən  75 yerlik körpələr evi-uşaq bağçasının açılışı oldu. Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, ictimaiyyət nümayəndələri, valideynlər və uşaqlar iştirak etdilər. 

Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

Gələcəyimiz olan uşaqların rahat istirahət etmələrini təmin etmək məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi – uşaq bağçasında 4 oyun, 4 yataq otağı, əlavə olaraq musiqi otağı, tibb otağı körpə fidanların istifadəsinə verilib.

Açılış zamanı rayon rəhbərliyi və valideynlər bağçada yaradılmış şəraitlə yaxından tanış oldular. Arayatılı kənd körpələr evi-uşaq bağçasının kollektivi, valideynlər, kənd sakinləri yaradılmış şəraitə və göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.



Demokrat.az
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top