Paşinyan və Qarabağ klanı arasında “taran” hazırlığı


DÜNYA 18 iyn 2021, 10:40
Ermənistanda seçki kampaniyasının başa çatmasına saatlar qalıb. Artıq heç kimdə şübhə yoxdur ki, İrəvanda 2008-ci ilin 1 mart hadisələri təkrarlana bilər. Təkcə ona görə yox ki, 44 günlük müharibədə aldığı zərbələrdən sonra Ermənistanda daha heç kim bir-birinin kitabını oxumur. Uçurumun başında qərarlaşmış bu ölkədə qanlı hadisələri zəruri edən əsas amil budur ki, mübarizənin tərəflərindən biri eks-prezident, əli həm Azərbaycan xalqının, həm də ermənilərin qanına batmış Robert Köçəryandır.

Bu arada prezident rəqibi Nikol Paşinyana hücumları artırmaqla yanaşı, Rusiyaya ünvanlanmış açıq mesajlar da verir. Məsələn, o bildirir ki, Rusiyanın Ermənistandakı hərbi iştirakını gücləndirmək lazımdır. Bir gün əvvəl isə Köçəryan Ermənistandakı “Soros şəbəkəsinin” fəaliyyətinin dayandırılacağını demişdi ki, bu da açıq şəkildə Kremlə xoş gəlmək cəhdidir. Seçicilərlə görüşündə R.Köçəryan bildirib ki, qarşıda həm Ermənistanın müharibədə məğlub olmuş ordusunu bərpa etmək, həm də Rusiyanın hərbi iştirakını “daha müasir” hala gətirmək vəzifəsi dayanır. Onun fikrincə, buna nail olmaq mümkündür və lazımdır. Xüsusən də regiondakı proseslərin inkişafını nəzərə alanda. Belə görünür ki, bu cani hələ də xəyallardan ayılmaq, yaxud sərsəm iddialardan əl çəkmək niyyətində deyil. Bugünlərdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan revanşistləri ağıllı olmağa çağırmışdı.

O, işğal olunmuş ərazilərin daimi olaraq saxlanıla biləcəyinə dair illüziyaları absurd hesab etdiyini qeyd edib: “İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”. Ter-Petrosyan Köçəryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı verdiyi vədləri təhlükəli hesab etdiyini bildirib. “Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə ilə mümkündür. Yəni Robert Köçəryan yeni bir müharibə vəd edir. Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”, - deyə Ter-Petrosyan qeyd edib.

Düzdür, L.T.Petrosyan “süddən çıxan ağ qaşıq” deyil, Azərbaycan ərazilərinin işğalında onun “məxsusi xidmətləri” var. Yəni Azərbaycana vurulan çoxsaylı zərbələrə görə birinci prezident də məsuliyyət daşıyır. Ancaq hələ 90-cı illərin sonlarında vəziyyəti doğru-düzgün qiymətləndirməyə cəhd edərək, Ermənistan ictimaiyyətini doğru seçimə çağıran Ter-Petrosan haqlı olaraq bildirirdi ki, vaxt gələcək Azərbaycan ona təklif olunan şərtlərlə razılaşmayacaq. Belə də oldu, Azərbaycan artıq qalib dövlət olaraq bölgənin şəklinin dəyişməsini diktə edən tərəfdir, bunu dünya gücləri də təsdiqləyir. Belə olan halda Qarabağ klanının cinayətkar liderlərinin yenidən gərginliyi körükləməyə cəhd göstərməsi ilk növbədə Ermənistan üçün təhlükələr vəd edir. Azərbaycan Prezidenti son çıxışlarında da aydın şəkildə bəyan edib ki, Ermənistan revanşist meyllərdən əl çəkməsə, dəmir yumruq növbəti dəfə öz sözünü deyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, burada Azərbaycan Prezidenti ilə tarixi əhəmiyyət kəsb edən, iki qardaş dövlətin hərtərəfli, o cümlədən hərbi əməkdaşlığını özündə ehtiva edən Müttəfiqlik Bəyannaməsini imzalamasından, hər iki liderin səsləndirdiyi bəyanatlardan, xəbərdarlıq və mesajlardan sonra da Ermənistanın cinayətkar siyasətçiləri “köhnə palan içi sökmək”lə məşğul olurlarsa, deməli, onlar ilk növbədə öz xalqının düşmənləridir. R.T.Ərdoğan Bakıda sülh, əməkdaşlıq, o cümlədən Rusiya və İranın da iştirak etdiyi 3+3 formatında regional əməkdaşlıq çağırışları etdi. Elə Türkiyə lideri Milli Məclisdəki çıxışında da bir daha bu mövzuya qayıtdı, Azərbaycan Prezidenti ilə birgə bölgə üçün əməkdaşlıq formatı təklif etdiklərini xatırlatdı, Ermənistanın da bu şansdan yararlanması halında ermənilərin qazanc əldə edəcəklərinə işarə vurdu. Onu da bildirdi ki, Türkiyənin Ermənistana qapılarını açması rəsmi İrəvanın siyasətindən və seçimindən asılı olacaq. Göründüyü kimi, həm Azərbaycan, həm də Türkiyə dövlətinin rəhbərliyi bu qədər düşmənçiliyə rəğmən Ermənistana sağlam əməkdaşlıq təklif edirlər. Ancaq bölgəyə fəlakətdən, qarşıdurma və müharibədən başqa heç nə təklif edə bilməyən qüvvələr yenə də köhnə havalardadır və bununla sanki erməni xalqının birdəfəlik məhvinə fərman vermək istəyirlər.

Hələliksə diqqət Ermənistanın 20 iyun növbədənkənar seçkilərinə yönəlib. N.Paşinyan qalib gələcəyinə əminlik ifadə edərək tərəfdarlarını 21 iyunda baş meydana gəlməyə çağırır, Köçəryan-Sərkisyan cütlüyü isə üsyan ovqatındadır. Ermənistanın indiki rəhbərliyi şübhə etmir ki, hakimiyyət taxtını əldən versə, R.Köçəryanı illərdir süründürdüyü məhkəmə dəhlizləri onu gözləyəcək. Üstəlik, 44 günlük müharibədəki məğlubiyyətin cəzası da onun çiyninə qoyulacaq. Eyni zamanda Qarabağ klanının liderləri də bu mübarizəni “son döyüş” hesab etdikləri üçün “taran”a hazırdırlar.

İrəvan Türk Cümhuriyyətinin (İTC) başqanı, politoloq Qafar Çaxmaqlı öncə Levon Ter-Petrosyanın son müsahibəsindən bəhs etdi: “O, Ermənistanda Zəngəzur dəhlizinin açılmasına qarşı olanları darmadağın etdi və dedi ki, Köçəryanın Hadrut və Şuşanı geri almaqla bağlı bəyanatı yeni bir müharibəyə çağırışdır, bu, Ermənistan dövlətinin sonunu gətirəcək. O, açıq dedi ki, Qarabağın tamamı Azərbaycan ərazisidir və biz bundan sonra heç nə edə bilmərik. Ərdoğanın Şuşa səfərindən sonra yalnız Ter-Petrosyan deyil, bir çox siyasi liderlərin də mövqelərində dəyişiklik hiss edilməkdədir. Seçki ərəfəsində revanşist fikirlərin səslənməsi normaldır. Amma bu, Zəngəzur dəhlizi ilə bağlı verilən qərarı dəyişdirmək səviyyəsində təhlükə törətməyəcək. Ermənilər bundan sonra anlayacaqlar ki, Zəngəzur dəhlizinin açılmasına qarşı getmək mümkün deyil. İyinin 20-də hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılmasına onlar məcbur ediləcəklər”. Q.Çaxmaqlı qeyd etdi ki, R.T.Ərdoğan əslində Milli Məclisdəki çıxışında Ermənistana şans verdi: “İndi bu ölkə seçim qarşısında qalıb: ya Türkiyə-Azərbaycan siyasətinə uyğun addım atmalı, ya da dövlətçiliyini təhlükəyə atmalıdır. Onun vaxtı da yoxdur ki, havadarlarına baş vursun və onların yardımı ilə vəziyyəti öz xeyrinə dəyişdirməyə cəhd etsin. Ter- Petrosyana görə, Ermənistanın indi müttəfiqi belə yoxdu. Çünki Qarabağ tamamən beynəlxalq aləmdə Azərbaycanındır və bunu dəyişdirmək heç cür mümkün olmayacaq. Bir sözlə, Şuşa Bəyannaməsi indiyə qədər olan narahatlıqlarımızın hamısını birdəfəlik aradan qaldırıb. Artıq Qarabağın da qarantorluğu Türkiyədədir. 44 günlük savaşın diplomatik zəfərini də yaşamaqdayıq”.

Hər halda, Şuşa zirvəsinin mahiyyətini anlayan ermənilər az deyil. Sadəcə, onların əksəriyyəti qatil Qarabağ klanından ehtiyatlandığı üçün mövqe nümayişindən çəkinirlər. Üstəlik, bu qüvvələrin Kremldəki dairələrə sığınması da tərəddüdləri artırır. Bundan əlavə, Ermənistanda terrorun adi hal olması da bəzi qüvvələri ehtiyatlı olmağa vadar edir. Amma bütün bunlara baxmayaraq, Xankəndinin üzərindən səslənən xəbərdarlıq və mesajlar öz sözünü deyir.

QAT sədri Akif Nağı da hesab edir ki, prezidentlərimizin Şuşa səfəri yeni və vacib mərhələnin əsasını qoydu: “Azərbaycan və Türkiyədə İkinci Qarabağ müharibəsindəki qələbəni hər kəs qürur hissi ilə qəbul edir. Eyni zamanda hər kəsi bir sual düşündürür: hansı sürətlə irəliyə doğru gedə biləcəyik. İndiki mərhələdə irəliyə doğru hərəkət dedikdə Xankəndi və dəhlizi ilə birlikdə Zəngəzur hədəf olaraq nəzərdə tutulur. Şuşa Zirvəsi bu istiqamətdə məsələlərə aydınlıq gətirdi. Ona görə yeni mərhələdən danışa bilərik. Şuşa Bəyannaməsinin bəndləri və fərdi mesajlar mənzərəni kifayət qədər aydınlaşdırdı.  İki prezident Xankəndini növbəti hədəf kimi göstərdi, özü də bunu gülə-gülə eməklə məsələnin onlar üçün çətin olmadığını vurğuladılar”. A.Nağı qeyd etdi ki, digər mesajlar da önəmlidir: “Qars Müqaviləsinə işarənin də xüsusi əhəmiyyəti var. Düz 100 il bundan əvvəl məhz Türkiyənin dominatlığı, diqtəsi ilə Qars müqaviləsi imzalandı. İndi tarix təkrar olunur. Şuşa Bəyannaməsinin hər bəndi önəmlidir, hər biri böyük bir mücadilə cəbhəsinin əsasını qoyur.  İki qardaş ölkə təhlükəsizilik şuralarının birgə iclaslarını keçirməyi qərara aldılar. Bu, bir mərkəzdən idarə olunan siyasət deməkdir. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Həmçinin ölkələrdən hər hansı birinin təhdid və ya təcavüzə məruz qalacağı halda o bilri tərəf onun yanında olacaq. Sənəddə bunu hələlik ”məsləhətləşmə" kimi ifadə edirlər, amma hər kəs bilir ki, bu ifadə daha geniş mənanı ehtiva edir. Ola bilər ki, Türkiyənin NATO öhdəlikləri bu yumşaq ifadəni işlətməyi şərtləndirir".

İrəvandan verilən reaksiyalara gəldikdə, QAT sədri qeyd etdi ki, bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı aydın iradə və qətiyyət nümayış etdirilir: “Ermənistanda hər kəs Ter-Petrosyanın dediklərini başa düşür və onunla həmrəydir. Amma hələlik açıq mövqe ifadə edə bilmirlər. Revanşıstlərin heç bir şansı yoxdu, onlar hakimiyyətə gələ bilməyəcəklər. Gəlsələr də, dediklərini, məsələn, hansısa ərazini ”geri almaq"la bağlı vədlərini yerinə yetirə bilməyəcək, daha ağır vəziyyətə düşüb hakimiyyətdən getməli olacaqlar, həm də Ermənistanı daha ağır vəziyyətə salıb gedəcəklər. Görünən budur ki, Türkiyə birmənalı şəkildə regionda qalır, bütün dünya dövlətələri bu reallıqla hesablaşır. Bu şəraitdə Azərbaycan və Türkiyənin Qarabağda və Zəngəzurda irəliləməsi davamlı prosesə çevriləcək".

Gözləyək. Ermənistanın 20-21 iyunu çox maraqlı olacaq. Hər halda, 90-cı illərdə Qarabağın işğalı məhz Azərbaycandakı çaxnaşmaların nəticəsində baş verib, ermənilər indi bunu daha çox etiraf edirlər. Revanşist meyllərin güclənməsi bu ölkənin birdəfəlik məhvinə, ermənilərin növbəti dəfə başqa məkana kütləvi şəkildə köç etməsinə gətirib çıxara bilər. Bəlkə elə Qafqazın nicatı bundadır. Erməni işğalına on illər ərzində stimul verənlər, Azərbaycanda ikinci erməni dövlətini yaratmağa çalışanlar alsınlar bu xəstə toplumu öz ağuşuna, istəsələr, dövlətlərini də yaratsınlar, status da versinlər. Şuşa Bəyannaməsi, bütövlükdə Azərbaycanın təhlükəsizliyinin təminatı olan İkinci Qars Müqaviləsindən sonra onsuz da onların bölgədə hansısa oyunlar oynaması mümkün deyil. Hə, yeri gəlmişkən, ermənilər son illərdə Qars Müqaviləsinin “ləğvinə” (?!) çağırışlar edirdilər...

Cavab möhtəşəm oldu: İkinci Qars - Şuşa Bəyannaməsi imzalandı...(musavat.com)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2021, 20:38
Top