Deputat: “İstəyərdik ki, sahibkarların gömrüklə bağlı deputata şikayət etməsinə də ehtiyac olmasın”

GÜNDƏM 14 iyn 2021, 13:00
“Çox istəyərdik ki, sahibkarların üzləşdiyi problemlər dərhal həllini tapsın. Gömrük orqanlarının bu mövzularda operativ, həssas olmaları çox yaxşı olardı. Sahibkarlar üzləşdikləri problemlərin həllini elə gömrük əməkdaşları ilə rahatlıqla həll edə bilsələr, daha yaxşı olar”.

Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı Elman Nəsirov Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı danışarkən deyib.

O, gömrük əməkdaşlarının sahibkarlarla münasibətdə daha diqqətli və operativ olmalarının lazım olduğunu bildirib:

“İstəyərdik ki, sahibkarların gömrüklə bağlı deputata şikayət etməsinə də ehtiyac olmasın. Çünki bizə şikayət daxil olarkən biz onu ictimailəşdiririk, həllini gözləyirik və bu arada sahibkarlar da zaman itirir, ona ziyan dəyir. Ona görə də, gömrük orqanlarının sahibkarların üzləşdiyi problemlə bağlı daha operativ olmalarını istəyirik. Sahibkarlara dəyən ziyan həm də kənd təsərrüfatına, iqtisadiyyata dəyən zərərdir. Bu xüsusda gömrük orqanları daha diqqəli olmalıdırlar”.

Millət vəkili bildirib ki, sahibkarların şikayəti əsasən məhsulu xaricə çıxarmaları ilə bağlı olur:

“Bir müddət əvvəl gömrüklə bağlı narazılıq vardı, bunu parlamentin plenar iclasında da səsləndirdim. Cəlilabadlı sahibkarlar şikayət edirdilər ki, əziyyətlə yetişdirdikləri məhsulu Rusiya bazarına çatdıra bilmirlər. Buna səbəb isə Rusiya ilə sərhəddə gömrük məntəqəsində yüzlərlə maşının dayanması, onların uzun növbəsinin yaranması olub və keçid çətinləşib. Bu məsələni ictimailəşdirdik və bildirdik ki, bizim gömrük orqanları əməkdaşları rusiyalı həmkarları ilə bu barədə danışıqları istensivləşdirsinlər, daha fəal olsunlar. Çünki digər halda iş adamlarının, sahibkarların məhsulu xarab olur və əziyyətləri batır. Sahibkarın məhsulunun məhv olması onların əlindəki vəsaitlərin də batması deməkdir. Yenidən əkib-becərmək üçün onların əlində kifayət qədər maliyyə olmur, bu isə kənd təsərrüfatına ciddi ziyan vurur. Bu məsələni qaldırdıqdan sonra müəyyən irəliləyişlər oldu. Gömrük Komitəsindən də məlumat verdilər ki, Rusiya tərəfi ilə bu barədə çox ciddi danışıqlar gedir. Bu baxımdan istəyərdik ki, gömrük orqanları bizim məsələni ictimailəşdirməyimizi gözləmədən məsələni həll etsinlər. Bununla da, sahibkarlar öz məhsullarını daha yaxşı vəziyyətdə xarici bazara çıxara bilərlər”.

Aygül Qarayeva
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top