Sirac Abışovun anası: “Şəhid reportajlarına baxanda həmişə susurdu” — VİDEO


SOSİAL 11 iyn 2021, 18:54
O, bir vətən sevdalısı, torpağına bağlı insan idi. 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. 4 yaşında isə taleyinə məcburi köçkünlük həyatı yaşamaq yazılmışdı. Bu səbəbdən 1993-cü ildən ailəsi ilə Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşmışdı.

Söhbət iyunun 4-də Kəlbəcərdə mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovdan gedir.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AzərTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Siracın ailə üzvləri hələ də onun yoxluğuna inana bilmir. Atası Abış kişinin gözləri hələ də oğlunun gələcəyi ümidi ilə yollara dikilib. Şəhid atası danışmaq istəsə də, qəhər onu boğduğundan hisslərini ifadə edə bilmir.

Sirac ailənin ilk şəhidi deyil. Onun dayısı Həmzə Adıyev 1994-cü ildə vətən uğrunda gedən savaşda şəhid olub. Ömrünü övladlarının yolunda şam kimi əridən Azadə Abışova oğlu Siracın da qardaşı kimi mərd, vətənpərvər olduğunu deyir. Sirac mənfur düşmənə qarşı öz kamerası ilə döyüşürdü. Anası oğlu ilə hər gün danışırmış: “Demək olar ki, hər gün danışırdım. Sonuncu həmin hadisə olan günü axırıncı mesajı saat 10-a işləmiş gəlib. Sirac çox ailəcanlı, çox həssas, ataya-anaya bağlı övlad idi. Sirac razı olmurdu ki, biz ondan nigaran qalaq, narahat olaq. İmkan düşən kimi salam da olsa, nə isə yazırdı yoldaşına, ya atasına, mənə ki, nigaran qalmayaq. Həmişə də yazırdı hər şey yaxşıdır, mən yaxşıyam, özünüzdən muğayat olun”.

Sirac Azadə xanımın oğlu olmaqla yanaşı, həm də sirdaşı olub. Ana sevimli oğlu ilə çox sirlərini paylaşırdı. Azadə ana sirdaşını da itirib bu dünyada: “Sirac mənim sirdaşım idi. Sirrimi onunla paylaşırdım həmişə. Çox həssas idi. Müharibə başlayanda evdə olanda oturardı mənim yanımda. Böyrümdə oturub əlimdən tuturdu ki, şəhidlər haqqında veriliş olanda, reportaj olanda həyəcanlanmayım. Kanalı dəyişməzdi. Deyirdi ki, baxın. Çəkirlər ki, hamı tanısın bunları. Əlini alırdı əlimə, bir qolunu da boynuma. Əlimi sığallayırdı, heç nə demirdi, amma çox şey deyirdi. Susurdu, amma çox şey deyirdi. Onun ürəyindən keçənləri hiss edirdim”.

Şəhidin qardaşı Şirzad da operator işləyir. O, Siracın 7 aydır ki, işğaldan azad olunmuş torpaqlarda peşə fəaliyyəti ilə məşğul olduğunu, mənfur düşmənin vandallığını kameranın yaddaşına köçürdüyünü bildirir. Sirac sonuncu hadisədən öncə də təhlükə ilə rastlaşıb. Lakin qismət elə gətirib ki, çəkiliş qrupu bu təhlükədən qurtula bilib. Şirzad qardaşı ilə son görüşünü belə xatırlayır: “Ramazan bayramında gəlmişdi, Ramazan bayramından sonra getdi. Ondan 5-6 gün sonra bizim rayonun - Qubadlı rayonunun Dondarlı kəndindəydi. Onda biz də ordaydıq. May ayının 20-si. Qardaş itkisini yalnız qardaşını itirənlər bilər. Heç kimə istəmərəm onu başa düşəsiz. Dəhşətdir qardaş itkisi. Bu evin hər küncü, bucağı, həyət, məhəllə, dostlar, Siracın dostları... Hər yer Sirac üçün xatirədir”.

Sirac yalnız ailəsinin sevimlisi olmayıb. Qohumlarının qəlbində də xoş xatirələr, unudulmaz izlər buraxıb: “Bizim nəsildə elə bir insan yoxdur ki, Siracla həm yoldaş olmasın, həm dost olmasın. Yəni bunu böyükdən-kiçiyə kimi hər kəs deyə bilər. Çünki o, hər kəslə öz dilində danışmağı bacaran birisi idi. Böyüklə böyük dilində, kiçiklə kiçik dilində danışırdı. Amma çox təəssüf, Sirac Abışov öz şəhadəti ilə bizim sıralarımızı tərk elədi”.

Qeyd edək ki, Sirac Abışov ailəli idi, Özgür adlı oğlu vətənə əmanət qaldı.

Şəhid operator Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Allah rəhmət eləsin!

APA TV  


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top