Deputat: "Ağdam möhtəşəm dəyişikliklərin astanasındadır"


GÜNDƏM 02 iyn 2021, 14:05
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən Müharibəsində şanlı qələbə qazanması və torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması ilə Azərbaycan dövləti yeni quruculuq mərhələsinə qədəm qoyub. Artıq işğaldan azad edilmiş rayonlar möhtəşəm dəyişikliklərin astanasındadır. Dəfələrlə Qarabağ bölgəsinə səfər edən dövlətimizin başçısı bildirib ki, biz dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyik. Onun inamla söylədiyi bu fikirlərin təsdiqi olaraq demək lazımdır ki, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinə start verilib.

Bu günlərdə Ağdam rayonuna səfər edən dövlət başçısının rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər və bölgədə nəhəng quruculuq işlərinin başlaması bir daha onu göstərir ki, bərpa işləri sürətlə davam etdiriləcək, həyat canlanacaq və Prezidentimizin qürurla söylədiyi kimi, biz Qarabağ bölgəsində cənnət yaradacağıq. Ağdamın Baş Planının təqdim olunması, şəhərin təməlqoyma mərasiminin keçirilməsi və Prezidenti İlham Əliyevin verdiyi ismarıclar böyük tarixi hadisə kimi dəyərləndirilməlidir. Bu gün hər bir Azərbaycan vətəndaşı inanır ki, Qarabağın mərkəzi olan Ağdam modern səviyyədə qurulacaq, əzəmətli, inkişaf etmiş bir rayona çevriləcək və biz bütün bunlardan sonra Qarabağa Böyük Qayıdışın şahidi olacağıq". 

Bu fikrləri SİA-ya açıqlamasında bildirən Milli Məclisin deputatı Ağalar Vəliyev qeyd edib ki, birləşdirilən kəndlərlə birlikdə 50 min nəfər əhalinin yaşayacağı Ağdam şəhərinin ictimaiyyət nümayəndələrinə təqdim olunan Baş Planına əsasən qıza zaman ərzində kommunal, iqtisadi və sosial strukturların qurulması, yaşayış binalarının tikilməsi və ən başlıcası "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının icra olunması təmin ediləcəkdir. Ağdam rayonunun infrastrukturunun qurulması başa çatdıqdan sonra burada "yaşıl enerji" əraziləri yaradılacaq və bununla da "ağıllı şəhər" , "ağıllı kənd" layihələrinin həyata keçirilməsi uğurla başa çatdırılacaq.

Millət vəkili söyləyib ki, müharibədən yenicə çıxmış ölkədə ən müasir texnologiyaların tətbiq olunduğu "ağıllı şəhər" , "ağıllı kənd" kimi smart layihələrin işə düşməsi dünyada iqtisadi problemlərin cövlan etdiyi indiki pandemiya şəraitində Azərbaycan dövlətinin iqtisadi qüdrətindən xəbər verir.

Ağdam şəhərində aparılacaq geniş miqyaslı quruculuq işləri işğaldan azad edilmiş digər rayonlara da əhəmiyyətli təsir göstərəcək. Şəhərin Baş Planının təqdim olunması mərasimində diqqət cəlb edən əsas məqamlardan biri də o oldu ki, Ağdam sakinlərinin hər birinə 18 sot həyətyanı sahənin verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən verilən göstərişə əsasən həyətyanı sahə olaraq hər bir sakinə 18 sot torpaq sahəsinin ayrılması təqdirəlayiq hadisə kimi dəyərləndirilməlidir. Rayon ərazisində iri müasir fermer təsərrüfatlarının yaradılması yalnız Ağdamın deyil, ölkəmizin kənd təsərrüfatı məhsulları ilə təminatında vacib rol oynayacaq, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək və ən nəhayət minlərlə Ağdam sakininin məşğulluğu məsələsinin həllinə öz töhfəsini verəcək. 200 hektara yaxın sahədə Ağdam Sənaye Parkının qurulması və yaxın gələcəkdə istismara verilməsi nəticəsində burada minlərlə Ağdamlı işlə təmin olunacaq.

Milli Məclisin üzvü onu da vurğulayıb ki, Ağdam rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısının söylədiyi "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır" fikri hər bir Azərbaycanlının qəlbinə işıq saçır və Qarabağın döyünən ürəyi olan Ağdamın möhtəşəm bir rayona çevriləcəyindən xəbər verir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sen 2021, 23:37
Top