"Əyilə-əyilə ifadəsini yumşaq demişəm, sürünə-sürünə deməli idim" — Elman Nəsirov "Onun 10 cavabı"nda

GÜNDƏM 01 iyn 2021, 16:44
AZXEBER.COM-un "Onun 10 cavabı” rubrikasının növbəti qonağı Milli Məclisin deputatı Elman Nəsirovdur.

O müxtəlif media qurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb.

1. Teymur Məmmədov - Sosial şəbəkələrdə ən çox tənqid olunan siyasətçilərdənsiniz. Bu tənqidlərin səbəbi nədir və buna münasibətiniz necədir?

- Hesab edirəm ki, sosial şəbəkə dedikdə burada bu seqmentin özü yekcins deyil. Peşəkar insanlar sosial şəbəkəyə cəmiyyət üçün faydalı olan fikirlərini, ideyalarını paylaşmaq üçün bir məkan kimi baxır. Bu baxımdan onların paylaşdığı ideyalar, düşüncələr cəmiyyət üçün faydalıdır. İkinci kateqoriyaya aid olanlar isə sosial şəbəkəyə bir əyləncə, tanışlıq, söhbət etmək məkanı kimi baxanlardır. Onlar ictimai-siyasi həyatdan tamamilə uzaqdılar. Üçüncü kateqoriyaya daxil olanlar isə qaragüruhçulardır. Onlara görə sosial şəbəkələr qanunların mövcud olmadığı və ya cəngəllik qanunlarının geçərli olduğu bir məkandır. Onlar üçün sosial şəbəkələr anarxiya, xaos mərkəzidir. Onlar sosial şəbəkəni insanların şərəf və ləyaqətini alçaltmaq üçün, insanların işgüzar ləyaqətinə xələl gətirmək üçün istifadə edirlər. Eyni zamanda bütün bunları edib və qarşılığında heç bir cəza almayacaqlarını düşünürlər. Şəxsən mən özüm dəfələrlə bu cür anoloji vəziyyətlə üzləşmişəm. Şərəf və ləyaqətim təhqir edilib, olmayan şeyi adıma çıxarıblar. Həmişə də mən insanlara söyləyirəm ki, mənim haqqımda bir şayiə yayılarkən, böhtan atılarkən baxın görün bir mənbə varmı? Mənim bir səsim varmı, hansısa sayta müsahibə vermişəmmi? Bunların heç biri olmadığı təqdirdə yeri, məkanı, adı da özü qədər mürəkkəb olan bir trolun yazdığı fikir əsasında cəmiyyəti çaşdırmaq istəyirlər. Bu vəziyyətdə mən şərəf və ləyaqətimin alçaldıldığı üçün, işgüzar nüfuzuma xələl gətirildiyi üçün məhkəməyə müraciət edə bilərəm. Belə olan vəziyyətdə şər və böhtan maddələri ilə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. O zaman kampaniya başlayacaq ki, bəs Azərbaycanda növbəti siyasi məhbus yarandı. Ölkəmizdə "siyasi məhbus” belə yaradılır.

Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz. Demokratik inkişaf yolun seçmiş bir ölkəyik. Ulu Öndər Heydər Əliyev bu yolu müəyyən edib və Cənab İlham Əliyev həmin siyasəti davam etdirir. Hesab edirəm ki, Azərbaycanda siyasi məhbus ümumi şəkildə belə yaranır. Cinayət edib, məhkəməyə cəlb edilib ona iş kəsiləndə deyir ki, məni siyasi baxışlarıma görə cəzalandırdılar. Bu yaxınlarda mənimlə bağlı növbəti bir şaiə göstərmişdilər ki, guya mən söyləyirəm ki, şəhid olmaq istəyirdim, Qarabağ müharibəsində bu niyyətimə çata bilmədim. Ona görə, Qüds uğrunda müharibədə mən şəhid olmaq istəyirəm. Mənim adımdan belə böhtan, şər ifadələri bu cür yayıblar. Bu yalanı yayan tərəfi mən məhkəməyə versəm, sübut edəcəyəm ki, o, cinayətkardır. Bu cür adamlarla bağlı yazmışdım ki, sürünmək üçün doğulanlar heç vaxt uça bilməzlər. Bu insanlar sürünmək üçün doğulublar. Onlar yazıq, bədbəxt insanlardır. Mənim onlara yazığım gəlir ki, onlar həyatda özlərini təsdiq edə bilmirlər.

2. Vilayət Muxtar - ReAl Partiyasının sədri İlqar Məmmədov təklif edib ki, hansı rayonun icra başçısı həbs edilibsə, həmin rayonun parlament təmsilçisi istefa versin. Sizin də parlamentdə təmsil etdiyiniz Cəlilabad rayonun icra başçısı rüşvət üstündə həbs olunub. Bu təklifə sizin münasibətiniz necədir?

- Mən bunu çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, o əsaslandırılmamış bir mövqe ifadə edib. Bu məntiqdən uzaq bir yanaşmadır. Əgər bir rayonun icra başçısı qanuna zidd addım atıbsa, onun bu addımını ancaq hüquq-mühafizə orqanları araşdırıb üzə çıxara bilər. Deputat ali icra hakimiyyəti üzərində qanunverici hakimiyyətin təmsilçisi olaraq heç bir xüsusi səlahiyyəti yoxdur. Bizim fəaliyyətimiz onunla bağlıdır ki, biz seçicilərin içində olaq. Onların qayğıları ilə tanış olaq, onların problemlərini dinləyək. Yeri gəlmişkən Cəlilabadın həbs olunan icra başçısı ilə mənim telefon danışıqlarım olmuşdu. Söyləmişdim ki, sizdən insanların mənə çoxsaylı şikayət məktubları gəlir. İnsanlar etiraz edirlər ki, müraciətlərinə baxılmır. Çox soyuqqanlı yanaşmalar olur. Məmurlar öz üzərlərinə düşən məsuliyyəti dərk etmək istəmirlər. Ləyaqətlə bizə xidmət etmək istəmirlər. Bizlə görüşdən yayınırlar və s. kimi onların etiraz məktubları daxil olurdu. Mən həmin icra başçısını bunlar barədə məlumatlandırmışdım. Bir çox hallarda bununla razılaşmırdı. Onun cavabı belə olurdu ki, xüsusi insanlar var ki, onların gecə-gündüz işləri ancaq şikayət etməkdir. Bunun da qarşılığında müəyyən umacaqları var. Ona görə də mən hesab edirəm ki, İlqar müəllimin bu yanaşması tamamilə kökündən səhv bir yanaşmadır. Təəssüf edirəm ki, bu cür uzun müddət siyasətlə məşğul olan bir insan, hüquqi məsələləri bilən bir insan nədənsə bu qədər yanlış bir mövqe ortaya qoyur. Bu bir populizmdir. Belə yanaşma İlqar müəllimə başucalığı gətirməz.

3. İsmayıl Qocayev - Elman müəllim, bəzi deputatlardan fərqli olaraq tənqidlərə qarşı reaksiyanız adətən çox yumşaq olur. Həqiqətənmi bu qədər təmkinli, səbirlisiniz, yoxsa siyasi-ictimai statusunuza görə çox da "dərinə" getmirsiniz?

- Bu mənim xarakterimlə bağlıdır. Ümumiyyətlə, siyasətdə olan insanların ən mühüm şərti təmkin və səbrdir. Tez özündən çıxan, əsəbləri yerində olmayan insanlar siyasətdə çox böyük səhvlərə yol verə bilərlər. Özlərini "yandıra” bilərlər. Çox böyük ictimai qınağa səbəb ola bilərlər. Məsələn, mən vaxtilə deyirdim ki, erməni əsgəri Azərbaycan əsgəri ilə qarşısında qorxur. Onlar əyilə-əyilə gəzir. Mənim bu ifadəmi qanadlandırmışdılar, ağızlarından da düşmürdü. Amma mən deyən oldu, ya yox? İndi sözümdə dəyişiklik də etdim. Dedim o zaman çox yumşaq demişəm, əyilə-əyilə demişəm, heç düzgün ifadə işlətməmişəm, onlar Vətən Müharibəsi dövründə sürünə-sürünə qaçırdılar. Ona görə də əyilə-əyilə ifadəsini mən yumşaq demişəm, sürünə-sürünə deməli idim. Mənə sonradan zəng edirlər, sosial şəbəkədə yazırlar ki, siz nə qədər düzgün deyibmişsiniz, biz düzgün anlamırmışıq. Mən debatlarda da oluram. Müxalifətin demək olar ki, bütün nümayəndələri ilə debatlarım olub. Ən çox ona təəccüblənirəm ki, 30 ildir bunların siyasi təcrübəsi var, amma qəti tənqidə dözümləri yoxdur. Ancaq özləri tənqid etsin. Hava tutulub, deyirlər iqtidar hara baxır. Qar yağdı, indi qar yağmamalı idi. Yağış yağdı, yağmalı deyildi, bəs iqtidar hara baxır. Yəni bu qədər ancaq nehilizm, heç bir fikri bəyənmir, hər şeyi təkzib edirlər. Deyəndə ki, yaxşı bir təklif et, biz necə edək, hansı addımı ataq? Buna cavabları yoxdur. Əsas da populizm. Çalışırlar ki, xalqın dərdini çəkən, halına yanan bir fon yaratsınlar. Mən debatlarda bunu görürəm. Həmişə də onlara söyləyirəm, əks hücuma keçirəm, kontur arqumentlər qoyuram, onları arqumentlərlə təslim etməyə çalışıram, özlərindən çıxırlar. Halbuki onların heç birinin xətrinə dəyən bir söz demirəm. Mənim əxlaqım və tərbiyəm imkan verməz ki, kimisə təhqir edəm. Mən iqtidar təmsilçisiyəm, hakimiyyətin mövqeyini faktlara söykənməklə izah edirəm. O faktların qarşısında aciz qalanda başlayırlar səslərinin tonunu dəyişməyə, əsəbləşib qışqırmağa. Məlum olur ki, bunların təmkini də yoxdur. Mən onda sual verirəm ki, 30 il keçib, tutaq ki sizin 65 yaşınız var, 30 il bundan əvvəl 35 yaşınız var idi. Bunu radikal müxalifət nümayəndələrinə deyirəm. Siz 65 yaşında, dünyanı dərk etmə bir yaşında bu qədər hövsələsiz və səbrsizsinizsə, siz 25-30 yaşında nə gündə olmusunuz, hansı vəziyyətdə olmusunuz? Elə ona görə də, cəmi bir il hakimiyyətdə qala bildiniz. Siz bu qədər təcrübəsiz, hövsələsiz, səbrsiz adamlar olmusunuz.

4. Aqşin Kərimov - Elman müəllim, parlamentdə ara-sıra tənqidi çıxışlar da etmisiniz. Bundan sonra hakimiyyətin tənqid obyektinə çevirdiyiniz qurumlarından sizə iradlar olub?

- Xeyr, belə iradlara mən rast gəlməmişəm. Birincisi, cəmiyyətdə özünü büruzə verən bütün neqativ hallara qarşı mübarizənin önündə ölkə prezidenti Cənab İlham Əliyev gedir. Cənab prezident korrupsiya və rüşvətxorluğa qarşı bir müharibə elan edib. Hansı icra başçısını, naziri vəzifəyə təyin edirsə, qarşısında qoyduğu vəzifə o olur ki, get xalqa ləyaqətlə xidmət et, xalqın içində ol, onların problemləri ilə maraqlan. Xüsusilə icra başçılarına deyir ki, get xalqın içində ol, onları dinlə. Bunun əksi olacaqsa, sən şəxsi maraqlarını bütün dövlət maraqlarının və milli maraqların önündə qoyacaqsansa, həyata idrakın gözü ilə yox, mədənin gözü ilə baxacaqsansa bu xalqa xidmət deyil. Heç burada ləyaqətli xidmətdən söhbət belə gedə bilməz. Belə olan halda məsələ kifayət qədər qəlizləşir və buna hüquqi müstəvidə qiymətləndirmə ön plana keçir. Səhv etmirəmsə 7 ya 8 icra başçısı həbs edilib. Mərkəzi icra hakimiyyəti rəhbərləri işdən qovulub. Bunlar hamısı dərsdir. Prezident də söyləmişdi ki, hamı qanun qarşısında cavabdehdir, heç kimin xüsusi səlahiyyəti yoxdur. Bütün bunlardan sonra yenidən həbs olunanlar var. Mən hesab edirəm ki, onlar tamamilə ağıllarını itiriblər. Görmür ki, özündən qabaq analoji yolu seçən insanların taleyi necə olub? Bunu dərk edə-edə, yox mənə toxunmazlar, qonşu icra başısının başına gəldi, mənim başıma gəlməz, bu düşüncə ilə yaşamaq ağlını itirməkdir. Amma bundan sonra da hansı icra başçısı həbs olunsa, inanın ki, onlar üçün "ağlını itirib” ifadəsi çox yumşaq ifadədir.

5. Xəyal Abdullayev - "Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz” – deyən Lavrov ermənilərin dəyirmanına su tökməklə nəyə nail olmaq istəyir?

- İndi Ermənistanda 20 iyun növbədənkənar parlament seçkiləri gəlir. Bismarkın belə bir sözü var, üç halda yalan baş alıb gedir. Birincisi, ovçu ova gedir, qayıdanda danışdıqlarının çoxu yalandır. İkincisi, seçki öncəsi və seçki dövründə çox şeylər yalan ola bilər. Üçüncüsü isə, müharibə dövrü və müharibədən sonra eşitdiklərinizin çoxu yalandır. Seçicinin səsini qazanmaq üçün istənilən populizmə gedirlər. Elə bəyənatlar verirlər ki, erməni ictimai fikrində onun çox kompromissiz, qətiyyətli siyasətçi obrazı formalaşsın. Bu gün revanşistlər də eyni yanaşmanı ortaya qoyurlar. Hətta iqtidarın özü də eyni yanaşma ortaya qoyur. Halbuki Paşinyan çox gözəl dərk edir ki, belə bəyənatların sonu yaxşı olmayacaq. Üstəgəl də topun yox, topxanan yox, ordun kapituliyasiya edib, darmadağın olunub. Özün kapitulyasiya aktına imza atmısan. On mindən çox fərarin var. Belə olan halda vəziyyəti gərginləşdirsən, müharibə ola bilər. O müharibəni etməyə sənin gücün var? İndiki vəziyyətdə Lavrov da bir çox hallarda seçkiqabağı reallıqları nəzərə alıb belə bəyənatlarla çıxış edir. Hər halda Lavrovun fikrinə qiymət verərkən onu unutmaq lazım deyil ki, onun böyüyü, yəni Putin məlum üçtərəfli sənədə imza atıb. Həmin sənədin bəndlərindən biri də onunla bağlıdır ki, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya əlaqələri bərpa olunmalıdır. Cənab Prezident də söylədi ki, biz bunu dinc yolla edəcəyik. Əgər dinc yolla olmasa, güc tətbiq edəcəyik.

6. Amid Eyyuboğlu - Sizin deputat olmağınızda Prezident Administrasiyasının sabiq müdiri Əli Həsənovun yardımçı olduğu deyilir. Sonuncu dəfə Əli Həsənovla nə vaxt danışmısınız və nədən danışmısınız?

- Bu, növbəti uydurmadır, yalandır. Əvvəla o səbəbdən ki, mən YAP-ın ən fəal üzvlərindən biri olmuşam. Biz vəzifəyə xidmət edirik. Bu gün vəzifədə kimdirsə, o da dövlətin siyasətini həyata keçirir. Biz də dövlətin müəyyən etdiyi kursa xidmət edirik. Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi hər kəsin dühasını yetirmişik. Bundan sonra da Cənab Prezident İlham Əliyev onun yolunu davam etdirir.

7. Tehran Orucoğlu - Elman müəllim, növbəti millət vəkili seçkilərində namizədliyinizi irəli sürməyi düşünürsünüzmü və nəyə görə?

- YAP öz namizədlərini müəyyən edir. 125 yerə öz namizədliyini irəli sürür. YAP-ın 760-dan çox üzvü var. Bu üzvlərin içərisində 125 nəfəri seçmək və namizədlik irəli sürmək həm asandır, həm də çox çətindir. Asandır o baxımdan ki, sayımız çoxdur, seçim imkanlarımız genişdir. Çətini odur ki, nə qədər istedadlı, peçəkar insanlar var. Yaxşıların içərisindən ən yaxşısını seçmək çətindir. Bu məntiqlə yanaşanda hesab edirəm ki, məhz fəaliyyət, seçicilərlə ünsiyyət, onların razı qalması əsas məsələdir. Yeri gəlmişkən mən elə bu günlərdə deputatı olduğum Cəlilabad rayonundan geri qayıtdım. Mən daha 7 şəhid ailəsində oldum. Şəhidlərin qəbrini ziyarət etdim. Bəzi problemləri elə yerindəcə həll etdim. Bəziləri ilə də bağlı müraciətlər etmişəm. Mən hesab edirəm ki, hakim partiya bütün deputatların fəaliyyətini çox gözəl bilir. Kim nə dərəcədə öz vəzifə səlahiyyətlərinin öhtəsindən gəlir, bu, göz qabağındadır. YAP-ın sonuncu qurultayında təftiş komitəsinin üzvü seçilməyim mənə böyük etimadın nəticəsidir.

8. Elçin Əhmədov - Elman bəy, I Qarabağ müharibəsi gənclik illərinizə təsadüf edir. Həmin müharibədə iştirak etmisinizmi?

- Mən 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşam. Sovet İttifaqı dövrü idi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Dövlət Universitetində təhsil alırdım. Mən tələbə idim. O zaman həmin müharibə dövründə bugünkü biliklərimin müəyyən hissəsini həmin dövrdə əldə etmişəm. Bizim patokda 75 nəfər tələbə var idi. Yalnız mənim BDU-da saxlanmağımla bağlı elmi şuranın qərarı oldu. Məndən bir kurs aşağıda oxuyan tələbələrin müəllimi oldum. Mən o cür peşəkar elmlə məşğul oldum. Azərbaycan – ABŞ əlaqələri mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim. Porfessorluq adı aldım. Həmin illərdə televiziya və mətbuatda informasiya cəbhəsində döyüşmüşəm. Bunlar da bugünkü reallıqda informasiya cəbhəsində qazanılan qələbə hərbi cəbhədə qazanılan qələbə özəyidir. Mən bu cəbhədə hər zaman olmuşam və bu gün də varam.

9. Fərqanə Allahverdiqızı - Mandatdan istefa verməyiniz üçün nə baş verməlidi?

- Mandatdan istefa verməyim üçün ilk növbədə o baş verməlidir ki, yəni mən elə bir addım atım ki, dövlətə, dövlətçiliyə tamamilə zidd olan bir hadisə olsun. Amma bunun baş verməsi qeyri-realdır. Mənim konkret formalaşmış bir əqidəm var. Mən təpədən dırnağa qədər dövlətə bağlı bir insanam. Bir siyasi partiya seçmişəm, o da YAP olub. Kimsə məni bəyənməyə bilər, kimsə mənim çıxışlarımın əlehinə ola bilər. Amma bir şeyi təstiq edəcəklər ki, mənim bir sifətim var. Biz peyğəmbər deyilik, yəni səhvsiz insan olmur.

10. Aydın Nuri - Əvvəl Göyçay-Ağdaş seçki dairəsindən namizədlik irəli sürmüşdünüz, sonununcu seçkidə isə Cəlilabaddan. Əvvəlki dairədə etimadı doğrultmadığınız üçün dairəni dəyişdiniz, ya nəyə görə?

- Bunun birinci səbəbi onunla bağlıdır ki, hakim partiya və partiya rəhbəri bu qənaətə gəlib. İkincisi, Cəlilabad mənim doğulduğum yerdir. Orada oxumuşam, təhsil almışam. Yəqin ki, bu da əsas amillərdən biridir ki, hər kəsin doğulduğu yerdə qalib olma şansı daha böyükdür. Çünki orada səni hamı tanıyır, fəaliyyətinin necə olduğunu bilir. Fəxr edirlər ki, bizim içərimizdən kiminsə namizədliyi irəli sürülüb. Bu baxımdan seçkilərdə qalib gəlmək şansın da çox olur. 10 nəfər də bu seçki marafonunda iştirak edirdi. Hər birinə hörmətlə yanaşıram. Bir çox hallarda həmin namizədlər mənim əlehimə də danışırdılar. Hətta olmayan şeyləri söyləyirdilər. Amma mən onların hamısını bağışlayıram. Son sözü xalq deyir. Məğlublar isə həmişə belə olurlar. Onların məğlubiyyətinin əsas səbəbi heç də göründüyü kimi olmur. Ən böyük problem o olur ki, məğlub olduqları səbəbin üzərində dayanmırlar. Həmin vaxt insanlar çox böyük axınla seçkiyə gəlirdilər, öz səslərini də verirdilər. Mən də çalışıram ki, o etimadı doğruldum. Tez-tez seçicilərlə görüşürəm. Onların problemləri ilə maraqlanıram. Cəlilabadın çox böyük problemlərindən biri əkin sahələrinin suvarılması ilə bağlı idi. Bu çox ciddi məsələ idi, su qıtlığı yaşanırdı. İnsanlar mənə zəng vurub deyirdilər ki, əgər iki-üç gün də su gəlməsə, bütün zəhmətimiz batacaq. Mən bu problemlə məşğul oldum. Daha sonra bilirisiniz nə baş verdi? İndi sahibkarlar mənə müraciət edirlər ki, su o qədər çox gəlir ki, sahələri su basır. Siz tapşırın ki, suyu az versinlər. Digər bir ciddi problem isə o idi ki, İran sərhədi boyunca kəndlərdə 60-cı illərdə basdırılmış işıq dirəkləri var idi. Adicə meh əsən kimi həmin dirəklərin hamısı aşırdı və işıqlar yanmırdı. Qonşu İranda işıqlar yanır, amma İran sərhədi boyu bizim kəndlərdə işıqlar yanmırdı. Bu məsələ ilə də bağlı mən lazımi adamlarla görüşdüm və bu problemin də həllinə nail oldum. Qazlaşma gəlib 96 faizə çatıb. Amma bununla bağlı problem orada hələ də qalmaqdadır. Biz çalışırıq ki, bu problemlər də həll olunsun.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top