"Azərbaycanın sərhədinə müdaxilə cəhdi olarsa, qarşısı sərt şəkildə alınacaq" — Polkovnikdən Ermənistana XƏBƏRDARLIQ

QARABAĞ 26 may 2021, 15:45
"Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuş dövlət sərhədini bərpa edir və həmin ərazilərdə sərhəd xətti qurulur. Ermənistanda post müharibə dövründəki vəziyyəti bilirik, üstəlik ölkədə seçkilərə çox az müddət qalıb. Adətən belə vəziyyətlərdə siyasi təxribat törətmək istəyən qüvvələr olur". 

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov sərhəddə baş verən erməni təxribatı ilə bağlı danışarkən deyib. 

O, bildirib ki, bu cür hallar gözlənilən idi: 

"Onlar hər cür siyasi addımdan istifadə edərək, hakimiyyətə gəlmək məqsədi güdürlər. Azərbaycan tərəfi üçün bu, heç də yeni vəziyyət deyil. Biz bütün bu hadisələri gözləyirdik və lazımi tədbirləri görmüşük. Azərbaycanın o istiqamətdəki dövlət sərhədləri dəqiqləşdirilir. Bizim mövqeyimiz bəllidir, Azərbaycan torpağının bir qarışını da qarşı tərəfə güzəştə getməyəcəyik. Orada olan Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri yüksək peşəkarlıq göstərir. Yəni Azərbaycan nə düşmən təxribatına yol vermək niyyətindədir, nə də qarşı tərəfin yaratmaq istədiyi gərginliyə göz yumur. Azərbaycan torpaqlarına hücum olsa, ərazi bütövlüyünü təhlükəyə atacaq addım atılsa, lazımi addımlar atılacaq, bununla bağlı Azərbaycan Prezidenti gərəkli tapşırığı verib. Dəfələrlə bəyan edilib ki, Azərbaycana qarşı qanuna zidd addım, hansısa təxribat olarsa, "Dəmir yumruq" işə salınacaq. Qısacası, bütün addımlar Azərbaycanın maraqlarına, torpaqların qorunmasına yönəlib. Azərbaycan nəyin bahasına olursa-olsun öz sərhədlərini bərpa edəcək". 

Ekspert qeyd edib ki, ermənilərin yeni vəziyyətə öyrəşməsi üçün müəyyən vaxt lazımdır:

"Bu hadisələr təbiidir. 30 ilə yaxın müddətdə ermənilərə o ərazilərdə istədikləri kimi hərəkət ediblər, sərhəd anlayışı saxlamayıblar. İndi isə onlar yeni reallıqla, hadisələrlə rastlaşırlar. Azərbaycanın bu istiqamətdə səhərdlərini bərpa etməsi ermənilərin azad hərəkətini məhdudlaşdırır. Ermənilərin yeni sərhəd xətlərinə öyrəşməsi üçün zaman lazımdır. Bəzi revanşist qüvvələr yeni və formalaşmaqda olan reallıqdan istifadə etmək istəyirlər.

Azərbaycan tərəfi sərhəd məsələləri ilə bağlı ərazidə olan rus nümayəndələri ilə sıx əlaqədədirlər. Ermənistan ictimaiyyətinin guya Azərbaycan tərəfinin onların hərbçisini öldürmələri ilə bağlı yalan xəbər yayılmışdı, bu zaman da Azərbaycan tərəfi məsələni rus hərbi nümayəndələri ilə aydınlaşdırdı və müəyyənləşdirildi ki, həmin şəxsin ölümü ilə Azərbaycan tərəfinin əlaqəsi yoxdur. Yəni, bu cür təxribatları gözləməliyik, post müharibə dövründə belə hadisələr ola bilər. Azərbaycan daim rus nümayəndələri ilə danışır və məsələni qarşı tərəfdən fərqli olaraq, sivil şəkildə həll etməyə çalışır. Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan istənilən vaxt sərt addımlar ata bilər. Ona görə də, biz silah gücü tətbiq etmədən bu təxribatların qarşısını almalıyıq".

Ehtiyyatda olan polkovnik qeyd edib ki, dövlət sərhədində hansısa təxribatın qarşısını almaq üçün bütün tədbirlər görülür:

"Ərazidə olan şəxsi heyət də yüksək peşəkarlıq göstərir. Digər tərəfdən, bilirik ki, Azərbaycan Ordusu yeni döyüş təcrübəsi qazanmış ordudur. Ordumuz qarşı tərəfin təxribatına uymayacaq, həm də Azərbaycanın sərhədinə və ya ərazisinə müdaxilə cəhdi olarsa, onun qarşısını çox ciddi və qəti addımlarla alacaq".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top