Manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

MALİYYƏ 19 may 2021, 08:56
Azərbaycan bank sektoru 2015-2016-cı illərdə baş verən böhranın təsirlərindən hələ də çıxa bilməyib. Böhrandan ötən dövr ərzində bank sisteminin əsas problemlərindən biri hesab olunan əmanət və kreditlərdə dollarlaşma səviyyəsində ciddi azalma baş verib. Belə ki, banklardakı dollar əmanətlərinin payı 2015-ci ildəki 86 faizdən 55 faizə, kreditləşmədə dolların payı isə 2016-cı ildəki 51,9 faizdən 28,2 faizə qədər azalıb.

Ölkənin bank sektorunun mövcud durumunu qiymətləndirən “Fitch Ratings” beynəlxalq reytinq agentliyi sektorun nisbətən zəif olduğunu və bunun ölkənin bank sisteminin “b” səviyyəsində qiymətləndirməsində öz əksini tapdığını qeyd edib. Buna baxmayaraq, agentliyin analitikləri son illərdə sektorda kredit əsaslarında bir irəliləyişin olduğu və aprel ayında əməliyyat mühiti üzrə proqnozun "mənfi"dən “stabil”ə yüksəldilməsi haqqında məlumat verib.

“Fitch”ə görə, cari ilin I rübündə cəmi depozit bazasının dollarlaşması 2019-cu ilin sonunda qeydə alınan 61 faizdən 55 faizə ensə də, “BB+” səviyyəsində qiymətləndirilən ölkələrə xas olan 26 faizlik səviyyədən uzaq qalır. Bundan əlavə, bank sektorunun ümumi dollarlaşmasının yüksək qaldığı bildirilir.

Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatına əsasən bu ilin aprelin 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2,8 faiz azalaraq 8 milyard 147,5 milyon manat təşkil edib. Bu zaman əmanətlərin 50,3 faizi xarici valyutada olub ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi çoxdur.

Bu ilin aprelin 1-i tarixinə Azərbaycandakı kredit təşkilatları (banklar, BOKT, kredit ittifaqları) tərəfindən verilən kreditlərin həcmi isə aylıq 0,7 faiz artaraq 14 milyard 728 milyon manat təşkil edib. Kreditlərin 28,2 faizi və ya 4 milyard 153 milyon manatı xarici valyutada olub. Beləliklə də ötən ilin mart ayından bəri xarici valyutada kredit qoyuluşları 20 faiz azalıb.

Rəsmi statistikadan da aydın olur ki, Azərbaycan əhalisi, elə biznesi də krediti manatla götürməyə həvəsli olsa da, öz vəsaitlərini saxlayarkən ABŞ dollarına üstünlük verməyə davam edir. Hətta dollar əmanətləri üzrə faizlərin manat əmanətlərindən dəfələrlə aşağı olması da bu vəziyyəti dəyişmir. Nəzərə alsaq ki, son 3 ildə Azərbaycanda milli valyutanın məzənnəsi sabit qalıb, bu sabitliyin əmanətlərə təsirinin çox zəif olduğunu görmək olur. Manata inamsızlığın səbəbi nədir? Milli valyutamız hansı şərtlər daxilində ölkə vətəndaşları üçün etibarlı valyuta ola bilər?

İqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, 2015-ci il devalvasiyasından yenicə özünə gəlmiş banklar 2018-ci ildən başlayaraq kredit aktivliyini gücləndiriblər və hətta 2018-2019-cu illərdə ümumilikdə kredit qoyuluşunu 36,4 faiz artırmağa nail olublar: “Ancaq növbəti il kredit qoyuluşunda yenidən geriləmə özünü göstərməyə başladı. Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci il ərzində ölkə üzrə bankların xalis kredit qoyuluşu 3,5 faiz azalaraq 13,7 milyard manatdan 13,3 milyard manata düşüb. Kredit qoyuluşuna əsas dəstək dövlət banklarından gəlib. Dövlət banklarının kredit qoyuluşunun 8,4 faiz artımı fonunda özəl bankların qoyuluşu 7,8 faiz azalıb. Nəticədə ümumi kredit qoyuluşunda dövlət banklarının payı 16,7 faizdən 19,1 faizə yüksəlib. Dövlət bankları arasında artım ancaq Azərbaycan Beynəlxalq Bankına (9,9 faiz) məxsusdur. Digər dövlət bankı olan Azər Türk Bankda 10,2 faiz azalma qeydə alınıb. Konkret banklar üzrə aparılan analiz göstərir ki, pandemiyanın bankların kredit aktivliyinə təsiri fərqli olub. 2020-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşunu azaldan əsas banklar AFB Bank (azalma 61,3 faiz), Bank VTB (47,1%), Xalqbank (19,4 faiz), Yapı Kredi Bank (20,2 faiz) və Accessbank (17,7 faiz) olub. Ancaq Kapital Bank (19,5 faiz), Paşa Bank (16,5 faiz), Günay Bank (20,1 faiz), Rabitəbank (12,3 faiz) kredit portfelini əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olublar. Ümumiyyətlə götürdükdə ölkə banklarının yarısının kredit qoyuluşunda artım, yarısında isə azalma qeydə alınıb”.

Koronavirus pandemiyası və dünya neft bazarında baş verən kəskin təbəddülatlar devalvasiya riskini artırsa da, bu, kredit qoyuluşunun dollarlaşmasını şərtləndirməyib: “Əksinə, il ərzində milli valyutada verilən kreditlərin payı 65,4 faizdən 70,2 faizə yüksəlib. Dollarlaşmanın aşağı düşməsinin səbəbi Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərarıdır. Çünki bu qərardakı qaydalar sahibkarların banklardan ancaq milli valyutada alacaqları kreditlərə şamil edilir. Bu baxımdan banklar verdikləri kreditlərə dövlət zəmanəti və faiz subsidiyası əldə etmək üçün manat kreditlərini verməkdə davam etdilər. Lakin 2020-ci ilin mart ayında dünya bazarlarında neft kəskin ucuzlaşması fonunda manatın devalvasiya ehtimalının artması əhalinin vəsaitlərinin bir hissəsini banklardan çıxartmağa, digər hissəsini isə dollara transfer etməyə sövq etdi. Onun ardınca növbəti ay 4 bankın bağlanması qərarı depozit bazarını ikinci dəfə silkələdi. Bütün silkələnmələrin fonunda ötən il depozit qoyuluşunda azalma cəmisi 3,2 faiz civarında oldu”.

Ekspertin fikrincə, 2020-ci ildə manatın devalvasiya ehtimalı və ölkədə dollar satşına qoyulan məhdudiyyətlər depozitlərin valyuta tərkibinə neqativ təsir göstərə bilməyib: “Valyuta bazarında yaranmış qısamüddətli gərginliyə rəğmən ümumi depozitlərdə milli valyutanın payı 2020-ci ildə artaraq 39 faizdən 43,6 faizə yüksəlib. Bu artım əhali və hüquqi şəxslərin vəsaitləri hesabına baş verib. Bu müddətdə maliyyə institutlarının depozitlərində dollarlaşma səviyyəsi artaraq 66 faizdən 68 faizə yüksəlib. Əmanətlərin tam sığortalanması və xarici valyutada olan depozitlərin illik faiz dərəcəsinin həddindən aşağı olması milli valyuta depozitlərinin cəlbediciliyini hələ də saxlamaqdadır. Bu məsələdə əsas rolu devalvasiya ehtimalının aşağı olması oynayır”.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, hökumətin təşfiqlərinə baxmayaraq, xarici valyutadakı əmanətlərin payının yüksək olaraq qalması aktual problemlərdən biri olaraq qalmaqdadır: “Burada məsələnin kökündə, təbii ki, milli valyutaya - manata güvənsizlik məqamı dayanır. Baxmayaraq ki, 2015-ci ildən sonra əmanətlərin dollarlaşma səviyyəsini azaltmaq üçün bir sıra mühüm siyasətlər həyata keçirildi, ötən müddət ərzində məlum oldu ki, bu siyasətlər ciddi müsbət effekt vermir. Bunun da səbəbi hökumətin yanaşmasının birmənalı olmaması, subyektiv maraqların hansısa formada önə keçməsi və sairlə bağlıdır. Nəticədə, bu istiqamətdə ciddi nəticələrə nail olunmadı. Manatın əsas problemi onun məzənnəsinin neftin qiymətinə bağlı olmasıdır. Dünya neft bazarı volatil bazardır, burada qiymət dəyişiklikləri çox sürətlə baş verir. 2015-ci ildən sonra Azərbaycan əmanətçisi birmənalı olaraq neft bazarını izləyir, qərarlarını oradakı vəziyyətlə uyğunlaşdırır. Bu şəraitdə baxmayaraq ki, manatın məzənnəsi bir neçə ildir sabit saxlanır, bu, əmanətlərin valyuta tərkibinə ciddi təsir göstərmir. 2020-ci ildə koronavirus pandemiyasının təsiri ilə neftin qiymətində müşahidə olunan kəskin azalma əhalinin manata yanaşmasında daha ehtiyatlı olmasını şərtləndirdi. Buna görə də son göstəricilər əmanətlərin dollarlaşmasında artıma doğru dəyişiklik olduğunu nümayiş etdirir”.

Ekspert hesab edir ki, manata inamı möhkəmləndirməyin əsas yolu onun məzənnəsinin neft qiymətindən asılılığını azaltmaqdır: “Bunun üçünsə ümumilikdə iqtisadiyyatın neftdən asılılığı azaldılmalıdır. Sonuncu uzunmüddətli bir proses olduğu üçün yaxın və ortamüddətli dövrdə əhalinin öz vəsaitlərini dollarla saxlamağa daha çox üstünlük verməsinin davam edəcəyi gözləniləndir”.(musavat.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top