Azad olunmuş ərazilərdə turizmlə bağlı hansı işlər görülür? — RƏSMİ AÇIQLAMA

TURİZM 18 may 2021, 19:11
“Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin, o cümlədən Şuşanın turizm konsepsiyası üzərində işlər aparılır. Bu istiqamətdə digər dövlət qurumları ilə müzakirələr gedir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə işğaldan azad olunmuş ərazilərin turizm potensialı barədə danışarkən bildirib:

“Burada iki yanaşma nəzərdən keçirilir: klasterlərlə yanaşma və tematik yanaşma. Klasterlə yanaşma dedikdə, misal üçün, Şuşa üçün festivallar, mədəniyyət, tarix və bunlarla bağlı turizm məhsulları nəzərdə tutulur. Kəlbəcərə isə sağlamlıq turizmi, mədəniyyət, tarix, qış turizmi aid edilir. Və digər bölgələr üzrə də bu istiqamətlər araşdırılır. Tematik yanaşmada təklif olunan marşrutlar arasında Zəfər marşrutu var, bununla yanaşı müharibə və işğalın nəticələrini çılpaq şəkildə göstərməklə qara turizm, “İpək yolu”, “Alban irsi” və sairə marşrutların yaradılması nəzərdə tutulur. Konsepsiyalar təsdiqləndikdən sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”. 

Qurum rəsmisinin sözlərinə görə, artıq bu ərazilərin turizm potensialının yaradılması istiqamətində ilk addımlar atılıb:

“Bu günlərdə artıq ilk dəfədir ki, biz birbaşa iştirakla işğaldan azad olunan ərazilərimizin turizm potensialı haqqında beynəlxalq auditoriyaya məlumat veririk. Bu, 16-19 may tarixlərində Dubayda keçirilən ATM sərgisində baş verir. Onlayn qaydada olduğu kimi real iştirak edilən tədbirlərdə də Qarabağ turizm destinasiyasına marağın böyük olduğunu görürük. Təhlükəsizlik təmin edildikdən sonra həmin ərazilərə həm yerli, həm də xarici turistləri cəlb edəcəyik”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top