Aydın Mirzəzadə: "Xarıbülbül" musiqi festivalı Azərbaycanın şanlı qələbəsini dünyaya bir daha nümayiş etdirir"

GÜNDƏM 12 may 2021, 14:47
"Xarıbülbül" musiqi festivalı Azərbaycanın şanlı qələbəsini dünyaya bir daha nümayiş etdirir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Şuşada keçirilən "Xarıbülbül" festivalı ilə bağlı danışarkən deyib.

Deputat hesab edir ki, "Xarıbülbül" festivalının yenidən dirçəlməsi qələbənin simvoludur: "Bildiyimiz kimi, müstəqillik qazanana qədər bu festival Şuşada uzun müddət keçirilib, Azərbaycan mədəniyyətinin gözəlliyini cəmiyyətə və dünyaya göstərmək üçün çox əla imkan olub. Şuşanın Ermənistan tərəfindən işğalı nəticəsində 29 il festivalın keçirilməsinə fasilə verilib. Azərbaycan cəmiyyəti isə qərara gəlib ki, bu festival işğaldan azad olunduqdan sonra yalnız Şuşada keçirilə bilər. Belə də oldu! "Xarıbülbül" festivalı Azərbaycanın böyük zəfərini dünyaya bir daha göstərir, Azərbaycan mədəniyyətinin qədim tarixə malik olduğunu, bu gün də yaşadığını və hər zaman yaşayacağını sübut edir. Festivalın maraqlı cəhətlərindən biri isə ondan ibarətdir ki, orada Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyət və incəsənət nümunələri də nümayiş etdirilir. Yəni Azərbaycan dünyaya nümunə olacaq multikultural cəmiyyət olduğunu bir daha təsdiq edir. Festivala təşkilatçılığı Heydər Əliyev Fondunun etməsi isə, hesab edirəm ki, bu tədbirin mahiyyətinin dünyaya çatdırılması üçün olduqca əhəmiyyətlidir. Cənab İlham Əliyev "Xarıbülbül" festivalında şəxsən iştirak edir ki, bu da tədbirin əhəmiyyətini artırır. Azərbaycan öz torpağını, mədəniyyətini, tarixini hər zaman yaşatmaq qüdrətində olduğunu bugünkü festivalla bir daha nümayiş etdirir".

Qeyd: Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva festivalda iştirak edirlər.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top