İqtisadçı ekspert: "Zəngəzur dəhlizinin açılması Azərbaycanı iqtisadi mərkəzə çevirməklə yanaşı..."

GÜNDƏM 11 may 2021, 16:48
“Zəngəzur dəhlizi hazırda ciddi işlərin aparıldığı sahə olduğundan və Azərbaycan bu məsələdə irəliləyişlərin və nəticələrin əldə ediləcəyindən əmin olduğu üçün artıq dəhlizin Naxçıvan hissəsində görüləcək işlərin planı mövcuddur. Bu plan çərçivəsində ən zəruri addımlardan biri dəmir yolu stansiyasının qurulması və avtomobil yolunun yenidən salınmasıdır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. 

Zəngəzur dəhlizinin açılmasının iqtisadi əhəmiyyəti barədə danışan ekspert digər ölkələrin bu layihədəki marağına toxunub:

“Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizini “Turan qapısı” adlandırıbsa, Atatürk isə “Avrasiya-Türk” qapısı adlandırırdı. Bu dəhliz çox iqtisadi-siyasi önəm daşıyır. Bu məsələnin həm də mənəvi-tarixi əhəmiyyəti də var. Türkiyə kimi böyük xarici ticarət dövriyyəsində olan bir ölkə Orta Asiya ilə ticarət əlaqələrində olduqca kiçik həcmdə göstəricilərə malikdir. Buna səbəb isə məhz Zəngəzur dəhlizinin açıq olmaması, başqa sözlə ermənilər planlı şəkildə Türkiyənin Orta Asiyaya çıxışını bağlamasıdır. Bunun nəticəsi olaraq, Türkiyə tərəfi məhz Orta Asiyaya çıxışı zamanı çox ciddi maneələrlə qarşılaşmış və xarici ticarət dövriyyəsi bu sahədə uğursuzluqla yadda qalıb. Yəni Türkiyənin bu məsələdə marağı çox böyükdür. 

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində görülən işlər quruculuq, azad iqtisadi zonanın yaradılması ilə bağlı işlərdir. Yaxın gələcəkdə bu dəhliz açılan zaman praktik istifadəyə yararlı olmalıdır. Naxçıvan blokada şəraitində qalmış, çətinliyin öhdəsindən gəlməyə çalışan coğrafi məkandır. Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanda inkişaf edəcək sahələrdən biri də turizm sahəsidir. Bu bölgədə müalicəvi turizm potensialı genişdir. Orta Asiyadan, həmçinin digər xarici ölkələrdən olan turistlər dəhlizin açılmasından sonra bu dəmir yolu vasitəsilə çox rahatlıqla səfər edə biləcəklər. Naxçıvanda turistik fəaliyyət genişlənəcək. Bu da ölkə iqtisadiyyyatına və turizmin inkişafına böyük dəstək olacaq”.

Culfa-Ordubad magistral avtomobil yolunun qurulmasına toxunan ekspert bu layihənin işğaldan azad edilmiş ərazilərin bərpasına da böyük töhfə verəcəyini bildirib:

“Naxçıvan həm də tikinti xammal ehtiyatları ilə zəngindir. Bu ehtiyatlardan birbaşa işğaldan azad edilmiş ərazilərimizdə istifadə edə bilərik. Culfa-Ordubad avtomobil yolu, həmçinin Ordubad dəmir yolu stansiyası bilavasitə bu logistik fəaliyyətlərin həyata keçirilməsində olduqca əhəmiyyətli şərait yaradacaq. Qısacası, Naxçıvanın tikinti materialları bu ərazilərimizə daşınacaq. Bununla da işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi üçün ucuz xammal mənbəyi əldə etmiş olacağıq. Bununla yanaşı nəzərə alaq ki, bu prosesdə işçi qüvvəsi də lazım olacaq. Yəni sözügedən dəmir yolu iqtisadi aktivliyi stimullaşdırmağa da töhfə verəcək.

“Bu proseslər tamamlanandan sonra, həm dəmir yolu, həm magistral avtomobil yolu tamamlandıqdan sonra Zəngəzur dəhlizi üzərindən tam bir logistik xətt bərpa edildikdən sonra Naxçıvanın özündə kifayət qədər çiçəklənmə müşahidə ediləcək. Mən bunu səhrada vahəyə də bənzədirəm, yəni Zəngəzur öz ətrafında bir növ vahə yaradacaq. Bunun təsiri Ermənistanda da hiss ediləcək. Bu ölkənin ən acınacaqlı, inkişafdan geridə qalmış hissəsi məhz Zəngəzur ərazisində olan hissəsidir. Dəhlizin açılmasından sonra yolüstü otellər, xidmət sahələri tədricən yaradılacaq. Təxminən 10 il sonra bu yol üzərində tamamilə başqa həyat canlanacaq”. 

Ekspertin sözlərinə görə, hazırda görülən işlər və yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması Azərbaycanı iqtisadi mərkəzə çevirməklə yanaşı, digər ölkələrin də asılılığını azaldacaq:

“Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, Orta Asiyanın da Avropaya çıxışını təmin edəcək. Rusiya Ermənistana yük daşımaq üçün Gürcüstandan asılı vəziyyətdədir. Bu dəhlizin açılmasından sonra bu asılılıq azalmış olur, Rusiya üçün alternativ yol açılır, Ermənistana çıxış əldə edir. Həmçinin Ermənistanda da bu yol vasitəsilə Azərbaycan üzərindən Rusiyaya çıxışını bərpa edə bilər. Bütün bunlara görə, hazırda görülən işlər yaxın gələcəkdə bu istiqamətdə böyük dəyişikliklərin olacağını göstərir. Yaxın 10 ildə regionda tamamilə başqa mənzərə müşahidə ediləcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top