Cavabsız qalmış və Lavrova veriləcək SUALLAR


SİYASƏT 10 may 2021, 22:03
Rusiya Xarici İşlər Naziri Serqey Lavrovla Bakıda mətbuat konfransında iştirak edəcək həmkarların diqqətinə!

Ona bu sualları mütləq verin:

1. Cənab nazir, məlum üçtərəfli bəyanatın 4-cü bəndi indiyədək niyə yerinə yetirilmir? Axı o rusiyalı sülhməramlıların bölgəyə daxil olması ilə paralel həyata keçirilməli idi...

2. Rusiyalı sülhməramlıların məqsədi əgər həqiqətən də bu iki xalqı barışdırmaqdırsa, onda Azərbaycan ərazisində Njdenin abidəsinin qoyulmasına niyə şərait yaradıblar?

3. Daim humanizmdən danışan Ermənistan tərəfi minaladıqları ərazilərin xəritəsini Azərbaycan tərəfinə vermək istəmir. Məgər Rusiya tərəfi onlara bu məsələdə təsir edə bilməzmi?

4. Sizcə "İskəndər M" raketini Şuşaya kim atıb, əgər ermənilər atıbsa onlar bunu necə əldə ediblər?

5. Qarabağda sülhməramlıların sayı 1960 nəfər olduğu halda niyə orda 7500 nəfərlik kazarma inşa edilir?

6. Azərbaycan tərəfindən beynəlxalq axtarışda olan separatçı Araik Arutyunyanın Rusiyaya rəsmi dəvət edilməsi sizcə Moskva tərəfindən nə qədər doğrudur?

7. Əgər Robert Koçaryan Ermənistanda yenidən liderliyi ələ alıb revanşist addımlar atsa Rusiyanın münasibəti buna necə olacaq?

8. Ötən illər ərzində ATƏT-in  Minsk qrupunun fəaliyyətinin nəticə vermədiyi məlum olduğu halda, bu həmsədləri yenidən danışıqlara qoşulmasında Rusiyanın marağı nədir? 

9. 44 günlük müharibədən sonra sülhməramlılar dərhal bu bölgədən olan bütün erməni qaçqınları geri qaytardı. Bəs, nədən 30 ildir öz evlərindən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin geri qaytarılmasında sülhməramlılar bu qədər maraqlı görünmür?

10. Laçın dəhlizinə nəzarət edən sülhməramlılar niyə oradan İrana məxsus yük maşınlarını Azərbaycanın icazəsi olmadan buraxır? 

Mübariz Əhmədov


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top