“Məscidlərin içərisində inəklər saxlanılırdı...” — Metyu Brayza ermənilərin Ağdamdakı vəhşiliyindən DANIŞDI (EKSKLÜZİV)

GÜNDƏM 05 may 2021, 15:20
“Dini müxtəlifliyə hörmət və tolerantlıq göstərməyin Azərbaycan mədəniyyətində nə qədər vacib olduğunu nəzərə alsaq, Azərbaycanın Şuşadakı kilsəni təmir etmək niyyətində olması təəccüblü deyil. Azərbaycan böyük mədəniyyətlərin, müxtəlif dinlərin cəmləşdiyi məkandır”.

Bu sözləri Demokrat.az-a eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmmsədri, beynəlxalq ekspert Metyu Brayza bildirib. 

Beynəlxalq ekspert Azərbaycan kimi tolerant ölkənin bu addımına təəccüblənmədiyini deyib:

"Bakının tam mərkəzində mükəmməl şəkildə qorunub saxlanılan erməni kilsəsinin olduğu məlumdur və indi onun içərisində kitabxana var. Bu dini müxtəliflik, çoxmillətliliyin Azərbaycan kimi müsəlman, şiə çoxluğunun olduğu bir dövlətdə olması ABŞ və ABŞ-ın bütün müttəfiqləri üçün Azərbaycanın stratejik olaraq böyük güclərindən biridir". 

Metyu Brayza qeyd edib ki, bu məsələ ABŞ-da çox böyük şəkildə nəzərdə saxlanılır:

"Şuşadakı kilsənin bərpa edilməsi kimi hərəkət insanlara kömək edir. Ölkəm də Azərbaycanla bağlı bu faktları başa düşür. Əvvəllər hər dəfə işğal olunmuş ərazilərdə dağıdılmış məscidləri görəndə çox pis olurdum. Ağdamda bir neçə dəfə ziyarət etdiyim məscidi görmək həqiqətən çox ağrılı idi. 

2007-ci ildə ilk dəfə orda olanda məscidlərin birinin içərisində inəklər saxlanılırdı. Onlar məscidi pis vəziyyətə salırdılar. 

Daha sonra bu barədə digər həmsədr həmkarlarımla birlikdə Ermənistan rəhbərliyinə şikayət etdik. Bundan sonra onlar inəkləri çıxardaraq məscidi təmizləyib bağladılar. Mən çoxmillətliliyin və çoxdinliyin, tolerantlığın, mədəniyyətin mərkəzində olan bir ölkədənəm. Bunun Azərbaycan üçün də böyük bir güc olduğunu düşünürəm”.


Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top