Rusiya universitetinin dosenti: "Bayden ermənilərin ərazi iddialarını qəbul etməyəcək"

DÜNYA 28 apr 2021, 13:07
"Əvvəla, qondarma soyqırımı tanıması ilə Co Bayden avtoritar siyasi rejimlərlə mübarizə aparacağı vədini təsdiqləyir".

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.



O bildirib ki, Bayden tarixə vacib hadisələrlə düşmək istəyir:

"Qeyd edim ki, Türkiyə siyasi rejimi tipinə görə əksər politoloji dairələrdə avtoritar və yaxud avtoritarizmə meylli siyasi rejim sayılır. Bu baxımdan Baydenin Türkiyəyə və Rusiyaya qarşı münasibəti analojidir. ABŞ lideri bir ölkədə Prezidenti qatil adlandırır, digərində is dövləti kütləvi qətldə ittiham edir.

İkincisi, SSRİ dağılıb və Türkiyə NATO üçün 1991 ci ilə qədərki əhəmiyyəti kəsb etmir. Etiraf edək ki, Rusiya ilə SSRİ-nin gücü arasında fərq nisbəti böyükdür. O zaman sual oluna bilər, niyə keçmiş ABŞ prezidentləri 1991-ci ildən sonra "soyqırımı" tanımadı? Birincisi, Bill Klinton üçün "soyqırımı" mövzusu maraqsız idi, o hətta Yuqoslaviyada baş verən Serebrenitsa soyqırımını tanımamışdı, halbuki Yuqoslaviya onun prezidentliyi dövründə məğlub edilmişdi. Corc Buşa gəldikdə isə onun dövründə İraqa müharibə elan edilmişdi və Türkiyənin rolu bu müharibədə xüsusi idi. Bu səbəbdən Buş "soyqırımı" tanıya bilməzdi. Barak Obama ümumiyyətlə sülh sahəsində Nobel mükafatı almış ABŞ prezidenti olub. Hakimiyyəti dövründə o, ən sərt xarici siyasəti Rusiyaya qarşı apardı ki, buna da səbəb Krımın birləşdirməsi idi. Digər ölkələrə münasibətdə o, daha çox yaxınlaşmanın tərəfdarı idi. Donald Tramp da Ərdoğanla normal münasibətdə olan bir dövlət başçısı olub. Co Bayden isə tam başqa bir liderdir ki, o, tarixə vacib hadisələrlə düşmək istəyir. Addımların sərtliyi həm də bu niyyətdən irəli gəlir". 

A.Həsənov deyib ki, Baydenin erməni diasporunun təzminat və ərazi iddiaları kimi absurd xülyaları ilə məşğul olacağını ehtimal etmirəm:

"Düşünmürəm ki, Bayden qondarma soyqırımı tanıdıqdan sonra Türkiyədən təzminat istənilməsi məsələsini qaldırsın, çünki ABŞ-da yaxşı anlayırlar ki, Türkiyədən təzminat almaq mümkünsüzdur. Nə Türkiyə demokratik Almaniyadır, nə də Ərdoğan alman liderlərinin təkrarı. Odur ki, Almaniyanın Xolokostu tanımasından sonra atdığı addımlar Türkiyədə təkrarlanmayacaq. Türkiyənin Almaniya yolu tutacağı və nə vaxtsa qondarma "soyqırımı" məcburən tanıması üçün Ankarada siyasi sitem dəyişməlidir. İstər Rusiya, istər Türkiyənin siyasi xəttində keçmişə qayıdışı, ötən illərin güc simvollarının bərpasını görürəm. Rusiya Dzerjinskinin heykəlinin bərpasına qərar verib, Türkiyə Osmanlı dönəmini təbliğ edir. Odur ki, istənilən təsir əks təsirə səbəb olacaq. Və sonda bir daha vurğulamaq istərdim ki, Baydenə tarixə düşmək lazım idi - amma onun erməni diasporunun təzminat və ərazi iddiaları kimi absurd xülyaları ilə məşğul olacağını ehtimal etmirəm. Hərçənd, bu, erməni kartının tam oynanılması anlamında da qəbul edilməməlidir". 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top