Ərəstun Oruclu: "Vaşinqton Ankaraya güzəşt vədini veribsə, buna inanmaq sadəlövhlükdür"

TƏHLİL 25 apr 2021, 10:00
Bunu da tarix üçün yazdım. C. Baydenin  R.T. Erdoğanla dünənki telefon danışığınadək ABŞ administrasiyasının ölkəsinin strateji maraqları naminə "erməni soyqırımını" tanıyacağına inanmırdım. Çünki soyqırım tanıma heç bir mənəvi və əxlaqı məsələ deyil, sırf siyasi spekulyasiyadır.

Amma ABŞ prezidenti Baydenin Türkiyə prezidenti Erdoğana zəng edərək ona "erməni soyqırımını" tanıyacağını deməsi göstərir ki, Vaşinqton bu məsələdə "nə şiş yansın, nə də kabab" siyasəti həyata keçirmək istəyir. 

Yəqin ki, bu mənada zəngin əsas məqsədlərindən biri "tanıma" ərəfəsində onsuz da kritik durumda olan Vaşinqton-Ankara münasibətlərinə bunun vura biləcəyi zərbəni bir qədər yumşaltmaqdan ibarət olub.

Bəs Vaşinqton Ankaraya "erməni soyqırımını" tanımağının əvəzində nə vəd edə bilər(di)? Yəqin ki, söhbət ilk növbədə hərbi və iqtisadi sahələrdə əməkdaşlıqdan gedib.
ABŞ son illər hər iki sahədə ardıcıl olaraq NATO üzrə müttəfiqi Türkiyəyə qarşı addımlar atıb. Bunlardan ən ciddisi Ankaranın F-35 proqramından çıxarılması və Türkiyə hərbi sənayesinə qarşı sanksiyalar olub. 

Bəhanə kimi Rusiyadan C-400 raket-zenit komplekslərinin alınmasını gətirən Vaşinqtonun niyyəti isə tamamilə başqadır və buna hətta uzunmüddətli strategiya da demək olar.
 
Bugünkü dünyada qlobal güclərin əsas prioritetlərindən biri siyasi və geosiyasi iddialar ortaya qoyan ölkələri texnoloji inkişafdan saxlamaqdan ibarətdir. Müasir texnologiyaların hər şeyi həll etdiyi dövrdə bu, davamlı olaraq geri qalmaq deməkdir.

Bu yanaşma da təkcə rəqiblərə deyil, elə müttəfiqlərə qarşı da nümayiş etdirilir. Məsələn, bu məsələdə Vaşinqton hətta İsrailə qarşı xüsusi loyallıq nümayiş etdirmir.
 
Belə siyasətin fəlsəfəsi isə yetərincə sadədir: müasir silah və ya digər avadanlıqlar, texnoloji məhsullar istəyirsənsə məndən al və asılı vəziyyətdə qal.
Belə siyasətin indi yürüdülməsi xüsusilə əhəmiyyətlidir, çünki keçən əsrin 70-90 illərindən fərqli olaraq bu gün texnoloji inkişaf imkanları xeyli dövlətlər üçün daha əlçatandır. Türkiyə də həmin ölkələrdəndir.
 
Bu da qlobal güclər tərəfindən onların maraqlarına potensial təhdid kimi qəbul olunur. Təsadüfi deyil ki, eyni siyasəti Rusiya postsovet ölkələrə qarşı yürüdür, onları aqrar dövlətlər səviyyəsində saxlamağa çalışır və xeyli dərəcədə buna nail olub da.

Əgər "erməni soyqırımının" tanınması qarşılığında Vaşinqton Ankaraya hansısa güzəştlərin ediləcəyi vədini veribsə, o zaman buna inanmağın özü belə sadəlövhlükdür və daha acınacaqlı nəticələr verə bilər.
 
Ən azı ona görə ki, bu gün Vaşinqtonun nəinki verdiyi vədi, hətta imzaladığı müqaviləni də 4 ildən sonra gələcək prezident bircə imza ilə tarixə yollaya bilər. Trampın İranla nüvə sazişindən çıxması buna əyani sübutdur. 

Ona görə də Ankara "erməni soyqırımını" tanıyacağı halda Vaşinqtona hər mənada sərt cavab verməlidir. Əks halda Türkiyə hər iki tərəfdən zərbə almış olacaq və həm də bu zərbələrin acısını uzun müddət çəkəcək.

Məndən deməkdir...


Ərəstun Oruclu
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top