"Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir" — Prezident


SİYASƏT 20 apr 2021, 21:25
Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir.

Demokrat.az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır. Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim.

O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.

Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır".


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top