Rusiyanın “İsgəndər-M” susqunluğu və Köçəryanı “diriltmək” cəhdi

GÜNDƏM 07 apr 2021, 11:48
Ermənistanda bu ilin iyun ayında keçiriləcək seçkilər ərəfəsində bu ölkənin hərbi-siyasi xunta rejiminin keçmiş rəhbərlərindən biri olan, sabiq prezident Robert Köçəryanın aktivləşməsi, Rusiya mətbuatında zühur etməsi təsadüfi sayıla bilməz.  Görünən odur ki, Moskvada bəlli çevrələr Ermənistanda baş tutacaq seçkiləri sakitcə müşahidə etmək niyyətində deyil. Burada söhbət təkcə Qərbin adamı kimi tanınan baş nazir Paşinyanın siyasi hakimiyyətdən kənarlaşdırılmasına hesablanan siyasi gedişlərdən getmir. 

Rusiyanın son davranışları sübut edir ki, bu ölkədə müəyyən imperiyapərəst dairələr Qarabağ məsələsinin bu şəkildə həll olunmasında maraqlı deyillər. 30 ilə yaxındır davam edən işğala təkbaşına, öz gücü hesabına son qoyan Azərbaycan tərəfi dəfələrlə regionda yeni reallığa uyğun münasibətlərin qurulmasında maraqlı olduğunu bəyan edib. Rəsmi Bakı bütün baş verənlərə, faşist xislətli düşmənin davranışlarına baxmayaraq gələcəyə baxdığını, yeni reallığın doğurduğu qaydalar çərçivəsində əlaqələrin formalaşması kimi xoş niyyətini ortaya qoyub. Bu baş tutsa, bölgədə davamlı sülh yaranacaq, tədricən qurulacaq iqtisadi bağlar hər hansı üçüncü qüvvənin iştirakını sıfıra endirəcək.

İndiki məqamda əli günahsız azərbaycanlıların qanına batmış, Qarabağdakı hərbi cinayətlərin müəlliflərindən olan Köçəryanı süni şəkildə "diriltməyə" edilən cəhdlər onu sübuta yetirir ki, Cənibi Qafqazda münaqişə ocaqlarının yenidən alovlanmasını istəyən bəlli çevrələrin çirkin niyyətləri aradan qalxmayıb. Rusiyanın dövlətə yaxınlığı ilə seçilən 1-ci kanalında Vladimir Poznerin öz verilişinə Köçəryanı çıxartmaq tapşırığı verənlərlə, Köçəryana seçki ərəfəsində siyasi baxımdan fəallaşmaq tapşırığı verən qüvvə eynidir. Pozner Cənubi Qafqazla bağlı bəlli sifarişin icraçılarından biri olduğunu bütün davranışları ilə ortaya qoymaqdadır. Onun ötən həftə biabırçı formada Gürcüstandan qovulması heç də sıradan bir olay deyildi. Hansı sifarişlərin icraçısı olduğu gün kimi ortaya çıxıb. Belə bir adamın Köçəryana efir imkanı yaratması, onu “Dağlıq Qarabağın ilk prezidenti” kimi təqdim etməsi də heç bir halda öz təşəbbüsü və ya sıradan bir yanaşma ola bilməz...

Köçəryan rejimini yenidən hakimiyyətə qaytarmaq üçün qollarını çırmalayan imperialist dairələr düşünür ki, faşist mahiyyətli bu adam bölgədə yenidən nifrət toxumu səpəcək, vəziyyəti mürəkkəbləşdirəcək və s. Belə olan halda öz siyasi maraqlarını təmin etmək üçün daha münbit şərait yaranacaq. Fəqət anlamırlar ki,  bu kimi cəhdlər mövcud reallığı dəyişməyəcək. 44 günlük müharibədə tək yumruq kimi birləşən, Zəfərə imza atan Azərbaycan 92-93-cü illərdə ilişib qalmayıb, müasir ordu qurub, güclü iqtisadiyyata malik olub, müstəqil siyasət yürütdüyünü bütün dünyaya nümayiş etdirib. 

Köçəryanın Ermənistanda yenidən hakimiyyətə gətirilməsinə cəhdlər ancaq və ancaq münasibətlərin korlanmasına zəmin yarada bilər. Müəyyən dairələrin belə  təhlükəli gedişləri Azərbaycan-Rusiya əlaqələrini mənfi istiqamətə doğru aparmağa xidmət edir. Rusiyanın prezidenti Vladimir Putinin mövqeyinə zidd fəaliyyət ortadadır. Putin Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə bəyan edib. Bundan başqa, 9 noyabrda imzalanan sazişdə Putinin imzası var; sənədin tələbləri icra olunub və olunmaqdadır. Belə bir durumda Azərbaycana qarşı Rusiya tərəfindən başladılan informasiya siyasəti anlaşılan deyil. 

Nə 44 günlük müharibə zamanı, nə də ondan sonra Rusiya mətbuatı tək-tük istisnaları çıxmaq şərti ilə proseslərə obyektiv yanaşmadı. Özü də o mətbuat ki, birbaşa Rusiya dövləti ilə bağlılığı var. Yəni bu qədər təsadüfün olması da inandırıcı təsir bağışlamır...

Rəsmi Moskvanın Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı davam edən susqunluğu belə bir mənzərə yaradır ki, bu ölkədə reallığı həzm etməyən müəyyən dairələr öz məkrli planları ilə hələ də ortadadırlar. Ermənistanı qanunsuz silahlandırmaq, təhlükəli silahları pay verib istifadəsinə şərait yaratmaq, Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş Köçəryanı hakimiyyətə gətirmək cəhdlərinin arxasında heç də xoş niyyət dayanmır.

Bir 1 nəfər, oturur və bunu deyən yazı "познер гость роберт кочарян" şəkili ola bilərBir 1 nəfər və mətn şəkili ola bilər

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top