Fazil Mustafa: "İmtiyazlı məmurlar Xəzər dənizindən insanlarımızı məhrum edirlər"

GÜNDƏM 23 fev 2021, 17:46
"Ötən ay Azərbaycan dövləti Türkmənistanla Xəzərdəki resursların istifadəsi ilə bağlı memorandum imzalayaraq böyük bir tarixi addım atdı. Bunun ardınca Azərbaycan xalqı ilə imtiyazlı sahibkar-məmurlar arasında da Xəzərlə insafla davranılması barədə memorandum imzalanmalıydı".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, məmurlar, imtiyazlı sahibkarlar Xəzər dənizinə gedən yolları harada əllərinə imkan düşürsə, bağlayırlar:

"Ləhiş, Kürdəxanı, Pirşağı bağlarından döngə ilə dənizə çıxmaq istərkən görürsən ki, qarşına hündür hasarlar çıxır və dalana dirənirsən. Bizdə dənizlə tikinti arasında mühafizə zolağı haradasa 50 metr olmalıdır. İllərdir qanunun bu tələbinə əməl olunmur, üstəlik də "el yolu" deyilən dənizə çıxışlara da ya hasarla, ya da şlaqbaumla əngəl yaradırlar. İmtiyazlı məmurlar istənilən şəkildə obyektlər tikərək bu nemətdən insanlarımızı məhrum edirlər.

Digər yandan da ekoloqlar xəbərdarlıq edirlər ki, Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşəcək, indiki sahildən 20 metrdən çox aralanacaq və böyük ekoloji fəlakət yaşanacaq. Əslində mən buna ekoloji fəlakət kimi baxmıram. Bu, sadəcə mistik ədalətin təntənəsi kimi anlaşılmalıdır. Xəzər illərdir gözləyirdi ki, adamlar insafa gəlib dənizin içinə girməzlər, onu hasarlamazlar, qumunu daşıyıb aparmazlar, balıqlarını məhv etməzlər.

Ancaq görəndə ki, azərbaycanlı mentalitetini dəyişmək mümkün deyil, dəniz özü məğlubiyyətini qəbul edib geri çəkilməli oldu. Erməni orada özünə "dənizdən dənizə" deyib saxta bir xəyal qurub, biz isə böyür-başımızda "dənizə" bir ilahi nemət kimi hələ də dəyər verə bilmirik".

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top