Ömrünü elmə həsr edən dünya şöhrətli alim: Lütfi Zadənin 100 illiyidir


SOSİAL 04 fev 2021, 10:14
Bu gün elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümüdür.

Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakıda doğulub. İlk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Oraya köçdükdən sonra təhsilini amerikalıların “Albors missioner” məktəbində davam etdirib. ABŞ-da elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o, ABŞ-a gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq həmin vaxt Kolumbiya Universitetində çalışıb. Lütfi Zadə 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsini alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Berkli Universitetinə gedib. Burada ilk vaxtlar bir qədər çətinlik çəkən Lütfi Zadə ömrünün sonuna qədər də həmin universitetin professoru olaraq qalıb.

Lütfi Zadə Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. O, bir çox xarici ölkə akademiyalarının üzvüdür, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 000-dən çox istinad edilib.

Bu gün dünya elminə Lütfi Zadənin altı mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Alimə dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan, elmdə sıçrayış sayılan nailiyyəti qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi həmin ölkəyə milyardlar qazandırıb.

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb. “Alter” adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru olub. O, Avrasiya Akademiyasının qurucu üzvlərindən biridir. 

Qeyd etmək lazımdır ki, Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılıb.

Azərbaycanlı alim Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Dünya şöhrətli alim 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında vəfat edib.

Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət edib. 28 sentyabrda alimin cənazəsi San-Fransiskodan Bakıya yola salınıb. 29 sentyabrda onun nəşi Bakıya çatdırılıb. Lütfi Zadə həmin gün I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top