Oftalmoloq-cərrah: Koronavirusdan sonra xəstələrin görmə qabiliyyətini itirməsi halları məlumdur


SOSİAL 02 fev 2021, 22:44
Koronavirus gözün selikli qişası vasitəsilə ötürülə bilərmi? Gözlər infeksiya üçün giriş qapısıdırmı? Koronavirus xəstələri kor ola bilərmi?

Media.Az-ın bu və digər suallarını oftalmoloq-cərrah, Amerika Oftalmologiya Akademiyasının üzvü İmran Cərullazadə cavablandırıb.

O, bildirib ki, bəzi vətəndaşlar koronavirus keçirdikdən sonra göz problemlərindən şikayət edirlər.

“Belə xəstələri iki qrupa bölmək olar. Sistematik patologiyalar fonunda görmə qabiliyyəti pisləşənlər: diabet, otoimmun xəstəliklərdən əziyyət çəkənlər və tamamilə sağlam olub, koronavirusdan sonra görmə qabiliyyətində problem yarananlar. Adətən, COVID-19-dan sonra bəzi şəxslər hər hansı bir yazını oxumaq üçün diqqəti cəmləşdirməkdə çətinlik çəkdiklərini qeyd edirlər. Bunun başlıca səbəbi neyrogen xarakterlidir. Belə hallar bir qayda olaraq, əsəbi gərginlik fonunda baş verir.

Amma bəzən koronavirusdan sonra görmə orqanlarının işi xeyli yaxşılaşır. Görmə qabiliyyəti artır, selikli qişada allergik reaksiyalar yox olur, qızartılar azalır və s. Bəzi xəstələr yoluxmadan sonra hətta qaymoritdən sağaldıqlarını da bildirirlər.

Belə hallarda orqanizmdə görünən dəyişikliklərin bilavasitə virusun, yoxsa ona qarşı alınan dərman vasitələrinin təsirilə baş verdiyini müəyyənləşdirmək vacibdir”, - deyə oftalmoloq izah edib.

Həkim qeyd edib ki, virus infeksiyaları gözlərə müxtəlif cür təsir edir və fərqli fəsadlara gətirib çıxarır.

“Viruslar gözlərdə sadə qızartıdan tutmuş, iltihaba qədər müxtəlif fəsadlar yarada və görmə qabiliyyətinin tamamilə itirilməsinə səbəb ola bilər. Əksər hallarda gözlərin qızarması və yaşarması müşahidə olunur.

Yoluxmadan sonra gözün mərkəzi sinir və ya damar sistemlərinə işemik hücumlar nəticəsində dəyişikliklər baş verərsə, görmə orqanının funksiyası ciddi şəkildə zədələnə bilər. Onun əvvəlki vəziyyətinə qayıtması isə zərərin miqyasından asılıdır.  

Məsələn, əgər bulanıq görmə haqqında danışırıqsa, bu, əsasən orqanizmin xəstəlik səbəbindən zəiflədiyi üçün baş verir. Orqanizm özünü toparlayan kimi görmə də sabitləşir.

Koronavirusdan sonra orqanizmin ciddi şəkildə zəiflədiyini nəzərə alsaq, onun özünü bərpa etməsi üçün vaxt lazımdır. Post-kovid dövründə görmə uzun müddət bərpa olunmazsa, əlbəttə ki, mütləq həkimə müraciət olunmalıdır. Bu vəziyyətdə müalicə, bir qayda olaraq simptomlar əsasında təyin olunur”, -deyə İ.Cərullazadə bildirib.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 apr 2021, 13:05
11 apr 2021, 11:12
Top