“Ay Musa müəllim, Milli Məclisin qəbul etdiyi qanun niyə 13 ildir icra olunmur?”

GÜNDƏM 18 dek 2020, 12:14
Deyirlər ki, “Gündə bir söz eşitməsən qulağın kar olar”. Ona görə də çoxları kimi mən də hər saat qulağımı dinşiyirəm ki, təzə xəbər eşidim. Yoxsa bu yaşda kar olmaq əsl biabırçılıq olardı. İnsafən də Azərbaycanın ictimai camiəsi də təzə xəbər eşitməyə və ŞOK açıqlamalar verməyə aludədir. Ona görə də ŞOK xəbərlərdən o qədər də korluq çəkmirəm. İndii sizə dünən eşitdiyim ŞOK xəbərdən danışmaq istəyirəm. Hörmətli veteran deputatımız Musa Quliyev (20 ildən çox deputat stajı var) deyir ki, dövlət müəsissələri COVID19 analizlərini çatdıra bilmir. Yaxşı olar ki, bu iş yükünün bir qismi özəl xəstəxanalara ötürülsün.

Təklif kimi ilk baxışdan pis görünmür. Amma… (bu sözü tez-tez işlədəcəm) Mən Musa Quliyevin deputatlıq stajını təsadüfən xatırlamadım. Ona görə ki,  İcbari Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilməsindən az qalıb ki, 5/1 əsr keçsin. Amma bu Qanun işləmir. Baxmayaraq ki, Azərbaycan Prezidentinin sərəncamı ilə düz 13 il qabaq  Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Lakin məlum olmayan səbəblərə görə qurum yalnız 2016-cı ildə fəaliyyətə başlayıb. Özü də publik hüquqi şəxs kimi. Bəs  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi – TƏBİB-in fəaliyyət istiqamətləri hansılardır?

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– İcbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

– Əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;

– İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq;

– İcbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;

– İcbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək

Bəs İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətlər əldə edə bilərlər?

– Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);

– İlkin səhiyyə (ailə həkimi) xidməti;

– Ambulator şəraitdə müayinə və müalicə;

– Stasionar müalicə;

– Funksional-diaqnostik müayinələr;

– Fizioterapevtik xidmətlər;

– Laborator müayinələr;

– Hamiləlik və doğuş xidməti;

– Təcili vaksinasiyalar;

– Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;

– Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları

Bu məsələnin hüquqi tərəfi. İndi də keçək texniki-prodsedur tərəfinə. Rəsmi məlumatlara görə, 2017-ci ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. Layihənin uğurlu nəticəsini nəzərə alan Respublika Prezidenti ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə göstəriş verib. Göstərişə əsasən, İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaqdı.

Belə ki, 2020-ci ilin yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt və Abşeronda tətbiq olunacaqdı. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaqdı. Amma…(bu ammalar məni bezdirdi) Nəyə görəsə birdən-birə icbari tibbi sığortanın tətbiqi daha bir il uzadıldı.

Belə ki, icbari tibbi sığortanın tətbiqinin ikinci mərhələsi 2021-ci ilin yanvar ayından başlayacaq və 36 inzibati ərazidə qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortadan istifadə edə biləcəklər. Qeyd olunan ərazilərə Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul daxildir.

Üçüncü mərhələdə 2021-ci ilin aprel ayından etibarən Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşada qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortadan istifadə edəcəklər.

İndi Musa müəllimdən soruşuram: Ay Musa müəllim, Milli Məclisin qəbul etdiyi qanun niyə 13 ildir (Agentlik 2007-ci ildə yaradılıb) icra olunmur? Niyə İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi ilbəil ləngidilir?  Ola bilsin ki, Musa müəllimin xətrini istəyən oxucularımızdan bəziləri sual verə bilər ki, bunun Musa Quliyevə nə dəxli var. Məndə həmən (srazı yox haaa) cavab verirəm ki, dəxli çoxdur. Çünki Musa Quliyev Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədridir. Yəni TƏBİB-in büdcəsinin formalaşmasında bu Komitənin bilavasitə rolu var. Və nəzərə alaq ki, 2020-ci ildə dövlət büdcəsindən TƏBİB-ə 900 milyon manat vəsait ayrılıb. Və ölkənin səhiyyə sistemindəki aparıcı müəsissələrin tam əksəriyyəti TƏBİB-in nəzarətinə verilib. Və belə çıxır ki, Naxçıvan Muxtar Respublikası, ölkəmizin şimal və şimal-şərq bölgəsi artıq icbari tibbi sığortanın yaratdığı şəaitdən bəhrələnirlər. Amma (bunsuz keçinmək olmur)  bu xoşbəxtliyə nəsib olan insanlar haqqında heç eşitməmişəm. Yəqin Musa müəllim də eşitməyib. Yoxsa Musa müəllim deməzdi ki, dövlət xəstəxanalarındakı qiymətlərlə özəl xəsəxanalarda COVID-19 müayinəsi aparılsın.

Bu yerdə hörmətli deputatımıza xatırladım ki, səhiyyə xidməti Azərbaycanda pulsuzdur. Hələ icbari tibbi sığortanın tətbiq edildiyi əraziləri demirəm. Baxmayaraq ki, bu gün heç bir dövlət xəstəxənasında istər Səhiyyə Nazirliyinin, istərsə də TƏBİB-in tabeçiliyində olan xəstəxanalarda COVID-19 analizləri pulsuz aparılmır. Xəstəxanların prestijinə uyğun qiymətlər dəyişir. 10 aydır ki, COVID19-a görə çoxlu sayda insanlar dolanışıq yerlərini itirib. Bu adamlar üçün 70-150 manat arasında dəyişən qiymət çox bahadır. Nəzərə alaq ki, ən kiçik ailə 4 nəfərdən ibarətdir. Bir ailə üçün 500 manat analizlərə pul tapmaq səhrada su axtarmağa bənzəyir. Ona görə də hörmətli Musa Quliyev vətəndaş təşəbbüsü ilə yox, deputat kimi qanunvericilik təşəbbüsü ilə çıxış etsə idi ki, “İcbari Tibbi Sığorta haqqında Qanun niyə işləmir?”, onda daha yaxşı olardı. Amma (zəhrimara qalsın bu sözü) neyləyək ki, çoxlarımız iş görmək, hökumətə yardımçı olmaq üçün yox gündəmdə qalmaq üçün danışırıq… (konkret.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top