Xalq artistinin Şuşadakı evinin görüntüləri — VİDEO

İNCƏSƏNƏT 11 dek 2020, 14:34
Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, ictimai xadim, Süleyman Ələsgərova həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüntülərdə bəstəkarın Şuşadakı evinin videogörüntüləri, həyat və yaradıcılığını əks etdirən fotolar yer alıb.

S.Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olub. 1943-cü ildə Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru olub.

O, 1954-1956-cı illərdə Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi, 1960-1971-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, daha sonra isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru vəzifələrində çalışıb.

Yaradıcılığında operetta janrı əsas yer tutur. “Məhəbbət gülü” (1945),  “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan, ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Subaylardan görəsiniz”, “Gurultulu məhəbbət” operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır.

Onun “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfonik muğamı, simfonik poema və süitaları, üç tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), “Tarantella”, “Rəqs-tokkata”, “Rondo”, “Aşıqvari”, Qanun aləti üçün yazdığı “Poema”(“Rapsodiya”) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışıb.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə vəfat edib.(oxu.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top