Şuşaya artıq televizordan baxmayacağam, onu canlı görəcəyəm — Şuşa sakini

SOSİAL 14 noy 2020, 14:32

Şuşaya mütləq qayıdacağam, amma bu, mənim üçün çox ağır olacaq. Çünki heç nə mən qoyub gəldiyim kimi deyil. Şəhərdə dağıntılar, erməni izi... Lakin mənim üçün önəmlisi odur ki, artıq Şuşaya televizordan baxmayacağam, ayağım Şuşa torpağında olacaq, onu canlı olaraq görəcəyəm.


Bunu Trend-ə jurnalist, Şuşadan olan məcburi köçkün Kəmalə Cahidqızı deyib.


Onun sözlərinə görə, Şuşanı köçkün kimi tərk edəndə 18 yaşı olub:


"18 yaşımadək mənə elə gəlirdi ki, həyat elə Şuşada oxumaqdan, işləməkdən, yaşamaqdan ibarətdir. Təsəvvür edin ki, mən Şuşadan məcburi köçkün düşənə qədər bir gün də olsa, başqa bir rayonda, şəhərdə qalmamışdım. Şuşanın işğalı mənim üçün ifadə edilməyəcək qədər bir nisgil idi. Xüsusilə də işğaldan sonrakı görüntülərə baxanda dəhşətli dərəcədə sarsıntı keçirirdim".


K.Cahidqızı deyib ki, jurnalistika sahəsində çalışdığına görə hər il mayın 8-də Şuşanın işğalı ilə bağlı reportaj hazırlamağı bir şuşalı olaraq ona həvalə edirdilər:

"Bunu borc olaraq qəbul eləsəm də, belə reportajları hazırlamaq mənim üçün həddən artıq dəhşətli hiss idi. Düz 2005-ci ilədək hər il mayın 8-də işgalla bağlı süjetlər hazırladım. Nəhayət, 2005-ci ildə hisslərim buna daxilən etiraz elədi. Şuşada doğulmayan bir şuşalı tapdım və ona "Şuşanın dağları" mahnısını oxutdum. Kadrarxası bircə cümlə dedim: "Mən artıq Şuşanın işğalı ilə bağlı bir cümlə də yazmaq istəmirəm!"


K.Cahidqızı bildirib ki, Şuşa işğal ediləndən sonra onun yeganə təsəllisi şəxsiyyət vəsiqəsində doğulduğu yer kimi Azərbaycanın Şuşa şəhərinin göstərilməsi olub.


Müsahibimiz doğma şəhəri Şuşanı qayğısız uşaqlığının, yaşaya bilmədiyi gəncliyinin və nəhayət, xoşbəxt qocalığının keçəcəyi yer sayır:


"Şuşaya qayıdanda ilk gedəcəyim yer oxuduğum 4 nömrəli orta məktəb olacaq. Çünki mənə elə gəlir ki, Şuşaya qayıdanda özümü elə ordan çıxdığım yaşda hiss edəcəyəm".


Müharibə illərində Şuşada çox çətin günlər yaşadığını da xatırladan K.Cahidqızı bildirib ki, həmin dövrdə günlərlə susuz, qazsız, işıqsız, hətta çörəksiz qalıblar:


"Yadımdadır ki, 1991-ci ilin qışında tam blokadada idik, evdə palto, əlcəklə otururduq. İşıq, qaz, su yox idi. Laçından bizə vertolyotla çörək gətirirdilər. Ermənilər vertolyotu da vururdular deyə bir neçə gün çörəyimiz də olmadı. Belə çətin günlərdən keçən Şuşa düşmənin əlindən tam adına uyğun şəkildə şərəflə alındı".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top