Kriminal

Kişi ona pul verməyən arvadını döydü

Kişi ona pul verməyən arvadını döydü

Füzuli rayonunda 41 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Fərman yaşadığı evə gecə saat 20 radələrində içkili vəziyyətdə gəlib və həyat yoldaşı Fərqanədən (adlar şərtidir – red.) pul istəyib.

İstintaq sənədlərinə görə, Fərqanə isə pulu olmadığını, ona pul verməyəcəyini bildirib. Buna görə də aralarında mübahisə baş verib. Mübahisə zamanı 41 yaşlı kişi hər iki əli ilə həyat yoldaşının hər iki qolunu sıxıb və hər iki qoluna yumruqla vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hazırda zərərçəkmiş şəxslə barışdığını, bir daha bu kimi hallara yol verməyəcəyini bildirib.

Zərərçəkmiş Fərqanə də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib, bu barədə ərizəni məhkəməyə təqdim edib.

Füzuli Rayon Məhkəməsinin hökmü ilə Fərmanın barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az