27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

GÜNDƏM 04 oktyabr 2025, 11:44

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi ilə  Cocuq Mərcanlı kəndindən  başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl rayonu ilə bağlıdır. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyevin  31 iyul 2023-cü il tarixdə imzaladığı  sərəncamla bu tarixi hadisə əbədiləşdi - 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq dörd ildir ki, cəbrayıllılar, eləcə də  bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyə ilə qeyd edirlər. Cəbrayıl rayonu işğaldan azad ediləndən bu günə qədər Prezident İlham Əliyev bu ərazilərdə 10 dəfə səfərdə olub. Ölkə başçısının hər səfəri mühüm hadisələrlə yadda qalıb. Belə ki, hər səfərdə Cəbrayılda yeni obyektlərin və hər cür infrastruktura malik yaşayış evlərinin təməli qoyulub. Bəzilərinin isə açılış mərasimləri keçirilib. Artıq bütün bunlar arxada qalıb və cəbrayıllılar böyük coşqu ilə doğma ata-baba yurdlarına qayıdırlar.

Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlksəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanının 2024-cü ilin sentyabrın 26- da yola salındığını deyərək bildirib ki, bu vaxta kimi Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb. Bu, hələ son deyil. İsti ocaqlarına köçənlərin sayı getdikcə artır. İşğalçı Ermənistan və onun himayədarları bir daha şahid oldular ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasında heç bir qüvvə bizim qarşımızda dayana bilməz.

Ç.Qənizadə Cəbrayılın işğal olunduğu günü – həmin o məşəqqətli günləri xatırlayaraq deyib ki,  Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, habelə tarixi abidələr  ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tanınmış hüquqşünas deyib ki, cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. Baxmayaraq ki, onların rahat yaşamaları üçün bütün imkanlar yaradılmışdı, ancaq yurd həsrəti hər bir cəbrayıllının ən böyük dərdi idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Ordumuz 27 il sonra cəbrayıllıların doğma yurd həsrətinə birdəfəlik son qoydu. 2020-ci il sentyabrın 27- də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3- də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın4- də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər  və 90 kənd işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdir.

Ç.Qənizadə artıq o günlərin arxada qaldığını vurğulayaraq deyib ki, bu gün Cəbrayıl rayonu sürətli inkişaf yolundadır: “Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Cəbrayıl rayonunun elektrik təchizatının və yol infrastrukturunun yenidən qurulması önəmli hadisələrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir”.

Hüquq müdafiəçisi Baş plandan söhbət açaraq deyib ki, 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi nəzərdə tutulub, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 min sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq əsas götürülüb.  Təməlqoyma mərasimlərində  Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı keçmiş məcburi köçkün soydaşlarımızın doğma dədə-baba ocaqlarında əbədi və təhlükəsiz yaşamalarına böyük inam yaradıb. Bu, həm də Cəbrayılın yeni inkişaf yolunda inamla irəliləməsinin göstəricisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 15:18
Top