Dərmanların qiyməti qalxır, keyfiyyət isə yerində qalır — AÇIQLAMA

GÜNDƏM 20 sentyabr 2025, 16:56
"Dərmanların qiymətinin qalxması məsələsini, adətən, yalnız Tarif Şurası müəyyənləşdirir. Yəni ölkəyə dərman gətirən şirkətlər qiymətləri özbaşına qaldırmırlar. Çünki alıcılıq qabiliyyəti zəif olan bir ölkədə heç bir şirkət dərmanların qiymətini artırmaq istəməz. Əks halda, insanlar dərman ala bilməz və həmin şirkətin də iqtisadi inkişafı problemlə üzləşər. Ona görə də şirkətlər məcburdurlar dərmanları elə qiymətə satsınlar ki, əhali ala bilsin". 

Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Rasif Bağırov deyib. 

Ekspert bildirib ki, Tarif Şurası müəyyən səbəblərə əsaslanaraq qiymətləri qaldırır, bu səbəbləri izah etmək isə, açığı, çətin məsələdir:

"Dərmanların keyfiyyətinə gəlincə, burada ciddi dəyişiklik yoxdur. İnsanlar adətən keyfiyyət barədə şikayət edirlər. Amma çox vaxt bu, həkimlərin dərmanları düzgün təyin etməməsi, diaqnozu düzgün qoymaması ilə bağlı olur. Belə hallarda xəstələr gözlənilən effekti görmədikdə, dərmanın keyfiyyətini şübhə altına alırlar. Halbuki, bu gün də ağır xəstəliklərdən əziyyət çəkən insanlar var ki, müəyyən dərmanları qəbul edərək sağalırlar, nəticə də yaxşı olur. Deməli, dərmanlarda müəyyən keyfiyyət var".

O, bildirib ki, demək olmaz ki, Azərbaycandakı dərmanların keyfiyyəti Avropa dərmanlarının səviyyəsindədir:

"Ölkənin və əhalinin alıcılıq qabiliyyətinə görə, bizdə dərmanların keyfiyyət göstəricisi təxminən 45-50% arasında dəyişir. Bu da müəyyən qədər fayda verir. Amma Avropada təsir dərəcəsi 90%-ə çatırsa, bizdə bu mümkün deyil. Bizdə təxminən 40-55% səviyyəsində nəticə əldə olunur. Əsas məsələ isə dərmanın düzgün təyinatla yazılmasıdır. Əgər düzgün yazılarsa, xəstə effekti görür, düzgün yazılmadıqda isə effekt olmur".

Onun sözlərinə görə, bu göstəricini müqayisə üçün Sovet dövründəki dərmanlarla yanaşı qoymaq olar:

"O vaxt da effektlilik 40-50%-dən yuxarı deyildi. Deməli, bu, müəyyən qədər normal hesab edilə bilər. Amma dərmanların keyfiyyəti barədə deyilən bəzən əsassız fikirlər var ki, onlar da daha çox televiziya vasitəsilə yayılan, reallığa uyğun olmayan söhbətlərdir".

Ekspert qeyd edib ki, unutmaq olmaz ki, hər bir kapsul və ya tablet müəyyən nisbətlərdə qarışdırılmış maddələrdən ibarətdir:

"Bu nisbət pozularsa, dərman orqanizmdə əks effekt verə bilər. Ona görə də həmin nisbətlərə həmişə ciddi riayət olunur. Keyfiyyət məsələsinə təsir edən əsas amillərdən biri də dərmanın xammalıdır. Xammalın hansı ölkədən və hansı keyfiyyətdə gətirilməsi dərmanın təsirinə birbaşa təsir göstərir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2025, 17:44
20 sentyabr 2025, 16:14
Top