Miqrantlar üçün son 5 gün: Azərbaycanlılar hansı çətinlikləri yaşayacaq?

GÜNDƏM 05 sentyabr 2025, 12:59
"Azərbaycanlı miqrantlarla bağlı Rusiyada yaranmış vəziyyət Azərbaycan-Rusiya münasibətlərinin hazırkı durumunu əks etdirir.Rusiya Azərbaycana qarşı təzyiq göstərməyə çalışır və bu məqsədlə azərbaycanlı miqrantları hədəfə alır. Atılan addımlar nəticəsində Rusiya getdikcə irqçi, neonasist bir dövlətə çevrilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

O bildirib ki, təkcə azərbaycanlılara yox, həm də taciklərə, özbəklərə, qırğızlara və ümumilikdə qeyri-rus millətlərinə qarşı düşmənçilik mühiti yaradılıb:

"Bu mühit isə Kremlin təlimatları əsasında Rusiya mətbuatı və propagandistləri tərəfindən geniş şəkildə təbliğ olunur və cəmiyyətə qəbul etdirilir.

Rusiya cəmiyyəti də bu ideologiyanı mənimsəməyə başlayıb ki, bu da ölkə üçün olduqca təhlükəli prosesdir. Çünki milli və dini mənsubiyyətinə görə insanların təqib olunması nəticə etibarilə dövlətin öz əleyhinə çevriləcək. Halbuki miqrantlar, xüsusilə MDB ölkələrindən gələnlər, Rusiya iqtisadiyyatına çox böyük fayda verirdilər. İndi isə Rusiya onların əvəzini necə dolduracağı barədə düşünməli olacaq".

Politoloq deyib ki, ilkin mərhələdə Hindistandan ucuz işçi qüvvəsi gətirmək planlaşdırılır:

"Lakin Kremlin tezliklə anlayacağı kimi, Hindistandan gələnlərlə MDB məkanından olan miqrantlar arasında ciddi fərqlər mövcuddur. MDB ölkələrindən gələnlər müəyyən qədər Rusiyanın daxili vəziyyətini və əhval-ruhiyyəsini anlaya bilirdilər. Hindistandan gələnlər isə tamamilə başqa dünyagörüşün təmsilçiləridir ki, bu da Rusiya cəmiyyətində daha dərin qarşıdurmalara yol aça bilər.

Üstəlik, onların Rusiya cəmiyyətinə adaptasiyası da çətin olacaq. Fərqli dünyagörüşünə malik olan hindistanlıların gəlişi Rusiya üçün yeni problemlər yaradacaq. Kremlin məqsədi qeyri-ruslara qarşı düşmənçilik siyasəti apararaq cəmiyyəti öz ətrafında birləşdirməkdir. Amma bu yanaşma siyasi-ideoloji hədəflərlə yanaşı, iqtisadi çətinliklər də doğurur. Ən təhlükəli məqam isə ondan ibarətdir ki, Rusiya tədricən faşistləşmiş, neonasist bir dövlətə çevrilməkdədir".


Qeyd edək ki, Rusiyanın miqrantlara verdiyi müddət sentyabrın 10-da başa çatır.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top