Ölkədə bu xəstəlik sürətlə artır — Həkimdən XƏBƏRDARLIQ

GÜNDƏM 19 avqust 2025, 15:19
“Nazoloji vahidlərə əsasən bu gün dünyada ən çox yayılmış xəstəliklər sırasında ürək-damar və onkoloji xəstəliklər ön sırada dayanır. Bu isə bir çox hallarda həyat tərzi, genetik meyllilik, stres, qidalanma və ətraf mühit faktorları ilə əlaqələndirilir”.

Bunu Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, bildirib ki, Azərbaycanda isə hazırda tənəffüs sistemi xəstəliklərinin sayı ciddi şəkildə artmaqdadır:

“Bu artımın başlıca səbəblərindən biri, əlbəttə ki, COVID-19 pandemiyasıdır. Pandemiya dövründə ağır forma keçirən şəxslərdə, xüsusilə ağciyərlərdə qalan izlər, uzunmüddətli tənəffüs problemləri yaratmışdır. Post-covid sindromları bu xəstəliklərin statistikasına əhəmiyyətli təsir göstərir. Digər tərəfdən, ağciyər xəstəliklərinin artmasında vərəm, ağciyər xərçəngi, pneumoniya və digər infeksion və qeyri-infeksion xəstəliklər mühüm rol oynayır. Siqaret çəkmə, çirkli hava, kimyəvi maddələrə məruz qalma və digər ekoloji faktorlar bu riskləri daha da artırır. Pandemiyadan sonra xəstəliklərin ümumi dinamikası müəyyən qədər dəyişsə də, əsas tendensiyalar sabit qalır. Belə ki, həzm sistemi xəstəlikləri mədə-bağırsaq traktı, xüsusilə də yoğun bağırsaq xərçəngi, mədə xəstəlikləri, autoimmun problemlər statistikada önə çıxır”. 

Həkim əlavə edib ki, qan-damar sistemi xəstəlikləri isə həm ölüm göstəricilərinə, həm də xəstəliklərin yükünə görə aktual olaraq qalır:

“Hazırda bu dinamikaya təsir edən əsas amillər var. Bunlara səbəb pandemiya sonrası təsirlər, ekoloji problemlər, qidalanma mədəniyyətinin zəifləməsi, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, stres və psixoloji yüklənmələrin artmasıdır. Bu faktorlar təkcə xəstəliklərin artımına deyil, həm də onların daha erkən yaşlarda və daha ağır formada ortaya çıxmasına səbəb olur. Bu isə səhiyyə sistemindən daha ciddi yanaşma, qabaqlayıcı tədbirlər və maarifləndirmə tələb edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 16:35
Top