ATƏT-in Minsk qrupunun ləğvi hüquqi baxımdan zəruridir — Aydın Mirzəzadə

GÜNDƏM 14 avqust 2025, 18:32
“Hüquqi normalara əsasən, hər hansı beynəlxalq təşkilatın müəyyən bir münaqişə ilə bağlı yaradılmış strukturunun fəaliyyətinə son qoyulması üçün, həmin münaqişənin tərəflərinin rəsmi müraciəti tələb olunur. ATƏT-in Minsk qrupu bir vaxtlar Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Lakin hazırda bu münaqişə faktiki olaraq başa çatmışdır və tərəflər sülh müqaviləsinin imzalanması mərhələsinə qədəm qoyublar”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

O deyib ki, bu reallıqlar fonunda Minsk qrupunun fəaliyyətinin davam etdirilməsi üçün nə hüquqi, nə də praktiki əsas qalıb:

“Bu səbəbdən Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri tərəfindən ATƏT-ə rəsmi müraciət təqdim edilib. Bu müraciətə əsasən, Minsk qrupunun fəaliyyətinə formal hüquqi prosedurlar çərçivəsində xitam verilməlidir.  ATƏT-in Nazirlər Şurası və ya digər idarəedici orqanlar bu müraciət əsasında qərar qəbul etməlidir. Bu, sadəcə bir texniki məsələ deyil, həm də siyasi və hüquqi baxımdan vacib addımdır. Minsk qrupunun formal olaraq fəaliyyətinin saxlanılması gələcəkdə regionda yenidən gərginlik yaratmaq niyyətində olan radikal qüvvələr üçün təhlükəli ola bilər. Ermənistanda gələcəkdə hakimiyyətə gələcək revanşist dairələr bu qurumu yenidən Azərbaycana qarşı siyasi təzyiq vasitəsinə çevirməyə cəhd etsinlər.  Azərbaycanın artan gücü və suverenliyini təmin edən milli imkanları bu kimi risklərə adekvat cavab verməyə qadirdir. Lakin buna baxmayaraq, gələcək nəsillər üçün hər hansı hüquqi qeyri-müəyyənlik və ya yarımçıq məsələ saxlanmamalıdır. Bu səbəbdən ATƏT-in Minsk qrupunun ləğvi hüquqi baxımdan zəruri və siyasi baxımdan tam əsaslandırılmış addımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top