Təmizlikçidən milyarderliyə gedən yol — "WhatsApp"ın qurucusunun uğurlu hekayəsi

MARAQLI 08 avqust 2025, 10:00

Bir çox uğurlu biznes adamının həyat yolu göstərir ki, zəhmət, inadkarlıq və düzgün istiqamət insanı yoxsulluqdan zirvəyə apara bilər. Onların əksəriyyəti uşaqlıqda ağır sosial və maddi şəraitdə böyümüş, bəziləri isə heç bir imkana sahib olmadan həyatda irəliləməyə çalışmışlar. Lakin bütün çətinliklərə baxmayaraq, onlar öz gələcəklərini əlləri ilə qurmuş, həyat yollarını formalaşdıraraq dünyaya təsir edən şəxsiyyətlərə çevrilmişlər.

Onlardan biri də 1976-cı ildə Ukraynanın Kyiv şəhərində yəhudi ailəsində anadan olan Yan Koumdur. Yan Koumun atası tikintidə işləyir, anası isə evdar qadın idi. Totalitar nəzarətin hökm sürdüyü mühitdə böyüməsi onun məxfiliyə önəm verməsinə səbəb olmuşdu. “Hər şeyin dinlənildiyi, qeydə alındığı, satqınlıqla müşahidə edildiyi bir cəmiyyətdə böyümüşdüm. Belə bir sistemə heç kim layiq deyil,” – deyə Koum sonralar müsahibələrin birində deyir.

Valyuta.az sizə ""WhatsApp"ın qurucusu Yan Koumun uğurlu və çətin həyatını təqdim edir.

Kommunizmin süqutundan sonra Koumun anası ailə üçün daha yaxşı həyat ümidi ilə ABŞ-yə köçməyə qərar verdi. Lakin Kaliforniyanın Mauntin Vyu şəhərində başlayan yeni həyat heç də asan olmadı. Koumun atası onlara qoşula bilmədi, anası isə qısa müddət sonra xərçəng diaqnozu aldı. Onlar hökumət yardımına, ərzaq talonlarına və sosial mənzilə möhtac qaldılar. Gənc Koum isə ailəyə maddi dəstək olmaq üçün mağazada təmizlikçi işləməyə başlayır.

İrəliyə doğru addımlar

Çətinliklərə baxmayaraq, Yan Koum öyrənməyə həvəsli bir gənc olub. ABŞ-yə köçdükdən iki il sonra kompüter proqramlaşdırmasını özü öyrənir, eyni zamanda, elit haker qrupu “w00w00”a qoşularaq kibertəhlükəsizlik sahəsində təcrübə qazanmağa başlayır. San Xose Dövlət Universitetində təhsil alsa da, “Yahoo” şirkətində işin gərginliyinə görə bir ildən sonra universiteti tərk etdi.

Tərəfdaşlıqla yüksəliş

“Yahoo”da işlədiyi dövrdə Koum gələcək biznes tərəfdaşı olan Brayan Ektonla tanış oldu. Onların iş münasibəti dostluğa çevrildi və 2007-ci ildə hər ikisi işdən ayrılaraq Cənubi Amerikaya səyahətə yollandılar. Bu müddət ərzində “Facebook”da iş üçün müraciət etsələr də, qəbul olunmadılar. Maraqlısı budur ki, bir neçə il sonra “Facebook” onları milyarderlərə çevirəcək təkliflə qapılarını döyəcəkdi.

“WhatsApp” ideyasının yaranması

2009-cu ildə ABŞ-yə qayıtdıqdan sonra Koum rabitə sahəsində mövcud problemlərə praktiki həll tapmaq ideyası üzərində düşünməyə başladı. Uşaqlıqda ailəsi ilə əlaqə qurmaqda çəkdiyi çətinliklər ona sadə, sərfəli və platformalararası işləyən mesajlaşma tətbiqi yaratmaq fikri verdi. Dostu Aleks Fişmanla bu ideyanı müzakirə edən Koum, Rusiyadan bir proqramçı ilə də əlaqə qurdu. Fevralın 24-də – doğum günündə, “WhatsApp” rəsmi olaraq qeydiyyatdan keçirildi və onun biznes ortağı Ekton da bu ideyaya qoşuldu.

Əziyyətin ilk bəhrələri

Tətbiq 2009-cu il mayın 3-də istifadəyə verilsə də, ilkin mərhələdə uğursuz oldu. Lakin bir ay sonra “Apple”ın “push” bildiriş funksiyasını işə salması sayəsində “WhatsApp” yeni strategiya ilə inkişaf etdirildi. Koum tətbiqi insanların sosial əlaqələrinə əsaslanaraq yenidən qurdu, Ekton isə investisiya və biznes planlamasında dəstək verdi. Sentyabrda buraxılan yeni versiya sürətlə populyarlaşdı. “WhatsApp” pulsuz olanda gündəlik 10 min yükləmə əldə edir, pullu olduqda isə bu rəqəm 1 minə düşürdü. Nəhayət, istifadəçilərə ilk ildən sonra illik 0.99 dollar ödəniş təklif edilərək sabit və gəlirli model quruldu.

Şirkətin böyüməsi

Artan populyarlıqla yanaşı, “WhatsApp”ın xərcləri də artmışdı. Məsələn, SMS təsdiqləmə sisteminə görə ayda minlərlə dollar xərclənirdi. Buna baxmayaraq, Koum və Ekton ilk illər maaş almadan, şəxsi yığımlarını tətbiqə yatırdılar. 2011-ci ildən etibarən işlər dəyişməyə başladı. “Sequoia Capital” şirkətindən Cim Gets ilə razılıq əldə edilərək əvvəlcə 8 milyon, 2013-cü ildə isə əlavə 50 milyon dollar investisiya cəlb edildi. Koum və Ekton reklamdan uzaq qalmaq şərti ilə bu əməkdaşlığa razılıq verdilər.
Bu vəsaitlə ofis genişləndirildi, işçi heyəti artırıldı, texniki təkmilləşmələr aparıldı. 2013-cü ilin aprelindən 2014-cü ilin fevralınadək “WhatsApp”ın istifadəçi sayı 265 milyon nəfər artdı.

“Facebook”a satışı və ayrılıq

2014-cü ildə “Facebook” “WhatsApp”ı 19 milyard dollara almaq təklifi irəli sürdü və bu, texnologiya tarixinin ən böyük satınalmalarından biri oldu. Koum və Ekton bir müddət “Facebook”da işləməyə davam etsələr də, sonradan istifadəçi məxfiliyi və reklam siyasətindəki fikir ayrılıqlarına görə şirkətdən ayrıldılar. Ekton 850 milyon dollar dəyərində payından imtina edərək “#DeleteFacebook” hərəkatına dəstək verdi. Koum isə daha sakit şəkildə, eyni prinsipial mövqeyinə sadiq qalaraq ayrıldı.

Xeyriyyəçilik fəaliyyəti

Şirkətdən ayrıldıqdan sonra Brayan Ekton və həyat yoldaşı Tegan “Wildcard Giving” adlı üç fondan ibarət xeyriyyə platforması yaratdılar: “Sunlight Giving”, “Acton Family Giving” və “Solidarity Giving”. Bu təşkilatlar insan hüquqları, sosial ədalət və ictimai dəyərlərin inkişafını dəstəkləyir. İndiyə qədər onlar xeyriyyə məqsədilə 1 milyard dollar ianə ediblər. Yan Koum isə 2016-cı ildə yaratdığı “Koum Family Foundation” vasitəsilə xeyriyyəçiliyə davam edir. 2018-ci ildə Stenford Universitetinə 10 milyon dollar bağışlayan Koum, həmçinin yəhudi və İsrail ilə bağlı layihələrə on milyonlarla dollar dəstək verib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top