34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

KRİMİNAL 22 iyul 2025, 15:17
Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Gülnar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Nizama (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, beton zavodun ərazisində yerləşən “Eyvaz” kafesinin yaxınlığında baş verib. 

Ağdam rayon sakini Gülnar orada əvvəllər tanıdığı Nizamin sol gözündən yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Gülnarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülnar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ondan borc alıb və dəfələrlə pulu istəməyinə rəğmən qaytarmayıb: “Mən “Eyvaz” kafesinin yaxınlığında axşam saatlarında onu gördüm. Nizam mənə qarşı düzgün hərəkət etmədi, aramızda mübahisə oldu. Mübahisə nəticəsində Nizama gözündən bir dəfə, başından isə iki-üç dəfə əlim ilə vurdum”.
İş üzrə zərərçəkmiş Nizamin sözlərinə görə, təqsirləndirilən şəxsdən ehtiyacı olduğundan 60 manat alıb: “Gülnar zəng edərək pulunu istədi. Mən isə pulumun olmadığını dedim. “Eyvaz” kafesinin yaxınlığında Gülnar məndən pulunu istədi. Həmin vaxt mən içkili olmuşam və Gülnarla aramızda mübahisə oldu. O, başıma və gözümə vurdu”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Qadın tərəfindən döyülən kişi onu bağışlayıb, ona qarşı şikayətini geri götürdüyü məlum olub. 

Bu səbəbdən müttəhimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top