Deputat: "Bu, regionda sülhün və sabitliyin bərqərar olunması baxımından ciddi irəliləyiş kimi qiymətləndirilir"

GÜNDƏM 10 iyul 2025, 18:18
“Azərbaycan ilə Ermənistan arasında uzun illərdir davam edən gərgin münasibətlərin normallaşdırılması istiqamətində növbəti mühüm mərhələ yaxınlaşmaqdadır. Hazırda tərəflər arasında imzalanması nəzərdə tutulan sülh anlaşması mətni tam şəkildə razılaşdırılıb. Bu, regionda sülhün və sabitliyin bərqərar olunması baxımından ciddi irəliləyiş kimi qiymətləndirilir. Lakin sənədin imzalanması üçün Ermənistanın hələ yerinə yetirmədiyi bəzi öhdəliklər mövcuddur”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat qeyd edib ki, Azərbaycan tərəfi bu öhdəliklərin yerinə yetirilməsini sülhün reallaşması üçün şərt olaraq irəli sürür:

“Azərbaycan, sülh sənədinin daha tez yekunlaşması məqsədilə kommunikasiyaların açılması məsələsinin sənəddən çıxarılmasına razılıq verib. Ermənistan da bu yanaşmanı dəstəkləyərək, müzakirələrin üç istiqamətdə aparılmasını qəbul edib:

Sərhədlərin demarkasiyası: Bu istiqamətdə real irəliləyiş əldə olunub. Qazax rayonunun bir neçə kəndinin Azərbaycana qaytarılması və bəzi bölgələrdə sərhədlərin müəyyənləşdirilməsi artıq başa çatdırılıb.

Sülh mətninin razılaşdırılması: Anlaşmanın mətni hazırdır və hər iki tərəf bu sənədi qəbul edib. Bu, prosesin siyasi və diplomatik baxımdan ən mühüm mərhələsidir.

Kommunikasiyaların açılması: Ən həssas məsələlərdən biri hesab edilən bu mövzu hazırda ayrıca müzakirə olunur. Əsas mübahisə nöqtəsi isə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlıdır”.

Deputat əlavə edib ki, Azərbaycan üçün Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də regional inteqrasiyanın və iqtisadi inkişafın əsas təməl sütunlarından biridir:

“Bu dəhliz Naxçıvanla quru əlaqəsini bərpa etməklə yanaşı, Türkiyə, Mərkəzi Asiya və daha geniş coğrafi əraziləri birləşdirən Orta Dəhlizin bir hissəsini təşkil edəcəkdir. Azərbaycan öz ərazisində bu dəhliz üzrə dəmir yolu və avtomobil yolunun inşasını demək olar ki, tamamlayıb. Ermənistan ərazisindən keçən 40-42 kilometrlik hissə ilə bağlı razılıq əldə olunduğu təqdirdə, bu yolda tikinti işlərinə dərhal start verilə bilər. Bu, həmçinin regionun tranzit potensialını artıracaq və Ermənistan üçün də yeni iqtisadi imkanlar yaradacaq. Zəngəzur dəhlizi ilə yanaşı, Qazax istiqamətində dəmir yolu bağlantısı məsələsi də müzakirə olunur. Bu marşrut vasitəsilə Ermənistan Azərbaycan dəmir yollarına çıxış əldə edə bilər. Gələcəkdə bu, Ermənistan üçün ticarət və yükdaşımalar baxımından əlavə imkanlar yaradacaq. Sədərək istiqamətindən də belə bir çıxış təmin olunduğu təqdirdə, Ermənistan üçün müstəqil və daha çevik logistik imkanlar yaranacaq. Əvvəllər Azərbaycan-Ermənistan danışıqlarında beynəlxalq vasitəçilər mühüm rol oynayırdı”. 

Millət vəkilinin sözlərinə görə,  son görüşlərdə bu tendensiya dəyişib  tərəflər birbaşa dialoqa üstünlük verir:

“Bu, Azərbaycanın təşəbbüsü ilə baş verir və nəticədə daha səmərəli və operativ müzakirələr mümkün olur. Görüşlərdə liderlərin bədən dili, nümayəndə heyətlərinin səmimi ünsiyyəti və açıq dialoqları da danışıqlarda pozitiv atmosferin mövcud olduğunu göstərir. Mövcud reallıqlar fonunda Ermənistanın seçim etmək imkanı daralır. Azərbaycanla sülh əldə edilmədikcə, Türkiyə ilə sərhədlərin açılması mümkün deyil. Çünki Türkiyə uzun illərdir bu sərhədləri məhz Qarabağ münaqişəsi səbəbilə bağlı saxlayıb. Ermənistan bu reallığı dərk edir və artıq müəyyən jestlər göstərməyə başlayıb. Digər tərəfdən, Azərbaycan onsuz da bütün əsas beynəlxalq və regional layihələri Ermənistan olmadan reallaşdırıb. Əgər Ermənistan sülh fürsətini dəyərləndirməzsə, gələcəkdə baş tutacaq layihələrdən də kənarda qala bilər. Xüsusilə Orta Dəhlizin inkişafı prosesində iştirak etmək Ermənistan üçün ciddi iqtisadi dividentlər gətirə bilər. Lakin bunun üçün ilk növbədə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməlidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top