Vüqar Rəhimzadə: “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji təhlükəsizliyini daha gücləndirəcək

GÜNDƏM 24 iyun 2025, 17:33
İyunun 24-də ölkəmizin enerji sektorunda  əlamətdar hadisə yaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov  çıxış etdilər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə  yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu.  Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.  Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında  Bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin  bu ilin aprelində  Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsası oldu. Həmin səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğun olaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açan layihələrin icrası geniş müzakirə edildi. Azərbaycan hazırda  bu sahədə böyük potensiala malik olması ilə dünyanın diqqətindədir.

Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışında  diqqəti bu məsələlərə yönəldərək bildirdi ki,  bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. İtaliya ilə xüsusilə energetika, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlanılıb.  Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Hər iki ölkə ilə Azərbaycanın siyasi əlaqələri də  çox yüksək səviyyədədir. Münasibətlərimiz çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi həm enerjiyə olan daxili tələbatının ödənilməsində, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında  əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü ildə imzalanan  “Əsrin müqaviləsi” Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu inam hazırda regional çərçivədən çıxaraq beynəlxalq miqyas alan  əməkdaşlıqda özünün aydın ifadəsini tapır.  Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqların təməlini qoydu. Hazırda Azərbaycanın uğurla inkişaf etdirdiyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritetliyi diqqətdən kənarda qalmadığını görərik. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə  diqqətdədir. Bu mühüm  məqamı da xüsusi qeyd etməliyik ki, ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatında öz sözünü dedi və yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul oldu.  Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək “8 Noyabr” Elektrik Stansiyasının açılışı da Azərbaycanın gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya  enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya  Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda ölkəmizin  elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.

 Vüqar Rəhimzadə onu da vurğulayıb ki,  Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini  daha da möhkəmləndirir,  Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Enerji təhlükəsizliyi  hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır.  Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda  Azərbaycanın təbii qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyasına görə Azərbaycan  dünya miqyasında qabaqcıl yerlərdədir. “Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik” söyləyən  Prezident İlham Əliyev onu da əlavə etdi ki,   Azərbaycan  bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.

Milli Məclisin deputatı dövlət başçısı İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən  çıxışında əksini tapan məqamlara xüsusi diqqət yönəldərək bildirib ki,  son 20 ildə Azərbaycanın energetika sistemi  sıfırdan qurulub. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu.  2020-ci il iyununda burada stansiyaya yeni həyat verildi.  Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. “8 Noyabr” layihəsinin qısa müddətdə  icra edilməsi rekord nəticədir.  Dövlət başçısı İlham Əliyev çıxışında bunu belə əsaslandırdı ki, təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamış,  birinci blok 1981-ci ildə istismara verilmişdir. Yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. “8 Noyabr” layihəsinin qısa zamanda uğurla başa çatmasını şərtləndirən əsas amillər  mövcud  energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və  beynəlxalq tərəfdaşlarımızın da töhfəsidir.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarına yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da bu baxımdan diqqətdə oldu. Torpaqlarımızın uzun illər işğal altında olduğunu,  İkinci Qarabağ müharibəsində Ermənistanın nəinki  şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını,  hətta  Mingəçevirə də öz raketlərini göndərməyi  unutmadığını önə çəkərək bildirdi ki, məqsəd enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Bu əraziyə düşən  mərmilər,  raketlər də bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır.

Azərbaycan beş il öncə tarixi Zəfərə imza atdı. Artıq ölkəmiz dünya çapında yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi tanınır, nüfuz qazanır. Şanlı Qələbəmizdən sonra ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artır. 30 ildən sonra sahibinə qovuşan azad Qarabağ və azad Şərqi Zəngəzur malik olduqları iqtisadi imkanları ilə gələcəkdə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verəcəklər. Bu ərazilərin malik olduqları  bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayır. İstismara verilən “8 Noyabr” Elektrik Stansiyası üçün bu adın seçilməsi də təsadüfi deyil. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu,  şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Bu stansiyanın ömrünün uzun və fəaliyyətinin uğurlu olacağına əminik.

Millət vəkili qısa təhlil əsasında bildirib ki, 1994-cü ildə  “Əsrin müqaviləsi”nin,  2017-ci ildə isə onun davamı olaraq  “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni səhifələr yazmaqla  müxtəlif dövlətlərlə strateji tərəfdaşlığa doğru yönələn yolunu  uğurlarla zənginləşdirdi. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycan malik olduğu təbii resursları daim əməkdaşlığa, dostluğa yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qurulan  növbəti körpünün təqdimatıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top