Bu şəxslər üçün gəlirli imkanlar yaranacaq — Millət vəkili

GÜNDƏM 12 iyun 2025, 11:05
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

Bəs bu yenilik Azərbaycan iqtisadiyyatına nələr qazandıracaq?

Bu barədə Demokrat.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov deyib ki, qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişin imzalanması Azərbaycan–Çin əlaqələrinin dinamik inkişaf etdiyinin göstəricisidir:

“Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qeyd edim ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyarddan artıqdır. Hazırda iqtisadi əlaqələrin genişlənməsi, strateji əməkdaşlığın dərinləşməsi müşahidə olunur. Eyni zamanda, Çindən Azərbaycana səfər edən turistlərin sayında da artım var. Bu artım statistik rəqəmlərdə də özünü göstərir. Turist artımı iki ölkə arasındakı əlaqələrin, əməkdaşlığın güclənməsindən xəbər verir”.



Millət vəkilinin sözlərinə görə, qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş ölkə turizminin daha da inkişafına səbəb olacaq:

“Strateji əməkdaşlığa uyğun olaraq vizasız rejimin tətbiqi turizm və digər sferalarda əməkdaşlığın dərinləşməsinə səbəb olacaq. Həmçinin turist axınının artması ilə otellər, restoranlar, nəqliyyat şirkətləri və bələdçilər üçün gəlirli imkanlar yaranacaq. Çin ilə vizanın ləğv olunması yeni iş yerlərinin açılmasına da səbəb olacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top