"Uşaq bilməlidir ki, valideyninə hər şeyi deyə bilər və bu, onun valideynin gözündəki dəyərini azaltmayacaq" — AÇIQLAMA

GÜNDƏM 02 iyun 2025, 19:46
Azərbaycanda ötən il Uşaq Qaynar Xətt Xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Onlardan 237-si (29%) psixoloji, 343-ü (42%) fiziki, 19-u (3%) cinsi, 217-si (26%) etinasızlıqla əlaqəlidir. Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.Bunların hər biri öz-özlüyündə ciddi problem, yanlış yanaşmadır. Uşaqların 343-ü konkret olaraq fizki zorakılığa məruz qalsa da, 237-si psixoloji, 217-si isə etinasızlığa görə Komitədən yardım istəyib.

Psixoloq Gövhər Məmmədova Demokrat.az-a bununla bağlı açıqlama verib.

Psixoloq bildirib ki, Azərbaycanda uşaq zorakılığı ilə bağlı müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, bu problem hələ də aktuallığını qoruyur:

“Zorakılıq hallarının qarşısının tam alınmaması bir sıra səbəblərlə bağlıdır. Ən önəmlilərindən biri hüquqi tədbirlərin yetərli olmaması və zorakılıq törədən şəxslərin cəzasız qalmasıdır. Bu səbəbdən qanunvericilik daha sərtləşdirilməli, zorakılığa yol verən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır ki, bu, cəmiyyət üçün bir siqnal funksiyası daşısın. Uşaqların təhlükəsizliyinin təmin olunması yalnız hüquqi tədbirlərlə deyil, sosial, təhsil və maarifləndirmə tədbirləri ilə də mümkün ola bilər. Yetkin yaşına çatmamış uşaqların təhsildən yayındırılması və ya məcburi əmək fəaliyyətinə cəlb olunması onları daha asanlıqla zorakılığa məruz qoyur. Bu həm fiziki, həm də psixoloji zorakılıq risqini artırır. Belə hallarda uşaqlar tez-tez susmağa üstünlük verir, çünki ya qorxurlar, ya da vəziyyətlərini ifadə etmək bacarığına malik olmurlar. Valideynlər və cəmiyyət uşaqları təhsildən yayındırmamalı, əksinə, onların maarifləndirilməsinə, hüquqlarını tanımalarına və təhlükəli situasiyalarda necə davranmalı olduqlarını bilmələrinə yardım etməlidirlər. Məktəblərdə, ailədə və cəmiyyət səviyyəsində bu istiqamətdə davamlı iş aparılmalıdır. Yalnız bu şəkildə uşaqlar zorakılıqdan qoruna bilər”.

Psixoloq əlavə edib ki, uşaqların gündəlik davranışlarına diqqət yetirmək valideynlərin ən vacib vəzifələrindən biridir:

“Onlara təkcə fiziki ehtiyacları yemək, içmək, geyim deyil, psixoloji vəziyyət baxımından da zaman və diqqət ayrılmalıdır. Əgər valideyn övladında adi davranışlardan kənara çıxmalar əvvəlki kimi aktiv olmaması, sosial çevrədən uzaqlaşması, iştahanın azalması, yuxu pozuntuları və ya gecə kabusları kimi hallar müşahidə edirsə, bu, artıq bir siqnal ola bilər. Belə hallarda valideynlər mütləq şəkildə övladlarının təhsil aldığı müəssisələrlə əlaqə saxlamalı, müəllimləri və psixoloqları ilə danışmalıdırlar. Eyni zamanda, övladla açıq və güvənə əsaslanan ünsiyyət qurulmalıdır. Uşaq bilməlidir ki, valideyninə hər şeyi deyə bilər və bu, onun valideynin gözündəki dəyərini azaltmayacaq. Əks halda, uşaq özünü dəyərsiz və etibarsız hiss etdikdə, cəmiyyətin kənarına çəkilə, təhlükəli təsirlərə məruz qala bilər. Təəssüf ki, zorakılıq halları ilə üzləşən uşaqlar çox zaman bu barədə susurlar. Bunun qarşısını almaq üçün ailə daxilində sevgi, anlayış və qarşılıqlı hörmət mühiti yaradılmalı, uşaqlara psixoloji dəstək verilməlidir. Kiçik yaşlardan etibarən övladla münasibətlərin qayğı, sevgi və hörmət üzərində qurulması son dərəcə vacibdir. Əgər valideyn övladına qarşı zorakılıq və ya şiddət tətbiq edirsə, bu, yalnız həmin anın problemi deyil uzunmüddətli psixoloji fəsadlara səbəb ola bilər. Belə uşaqlar içlərində topladıqları aqressiyanı böyüdükcə cəmiyyətə yönəldir, ya da öz yaxınlarına qarşı təkrarlayırlar. Bu da zorakılığın nəsildən-nəslə ötürülməsinə yol açır. Valideyn-övlad münasibətlərində sevgi və anlayış mühiti formalaşdırılmalıdır ki, uşaq həm psixoloji sağlam, həm də sosial baxımdan balanslı bir fərd kimi yetişsin”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top