Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

MƏDƏNİYYƏT 20 may 2025, 10:31
Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Demokrat.az xəbər verir ki, Mədəniyyət Günlərinin açılış mərasimi ilə bağlı qala konsert mayın 20-də baş tutacaq.

Mayın 22-dək davam edəcək tədbirlərdə Azərbaycanın mədəniyyət tarixini özündə əks etdirən tədbir və konsert proqramları Düşənbə ilə yanaşı, Danqara şəhərində də olacaq.

Zəngin proqramı olan Mədəniyyət Günləri çərçivəsində mayın 20-də Tacikistan Milli İncəsənət Muzeyində "Azərbaycanın sənət incilərində yaşayan milli irsi" mövzusunda sərgi açılacaq.

Ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən təşkil olunan "Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında" adlı bölmədə milli təsviri sənətin inkişafında müstəsna xidmətləri olan, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il 200 illik yubileyi qeyd edilən Mirzə Qədim İrəvaninin (1825-1875) yaradıcılıq nümunələri yer alacaq.

Nümayiş məkanında, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin xalça və qurama kolleksiyası, ənənəvi sənətkarlıq nümunələri, "Qarabağ: milli irsin yaddaşı" fotosərgisi və moda nümayişi də olacaq.

Mayın 20-də axşam isə Tacikistan paytaxtının ən böyük mədəniyyət ocaqlarından olan "Koxi Borbad" konsert kompleksində Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala konsert olacaq.

Azərbaycan Mədəniyyəti Günləri iki ölkə arasında kitabxana və ədəbiyyat sahəsində əməkdaşlıq üçün yeni səhifə açacaq.

Mayın 21-də Tacikistan Milli Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılış mərasimi olacaq. Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum da imzalanacaq.

Mayın 21-də Düşənbədən 110 km məsafədə yerləşən Danqara şəhərində Azərbaycan Qədim Musiqi Alətləri Ansamblının konserti keçiriləcək.

Mədəniyyət Günlərinə həmin gün paytaxtdakı Tələbxoca Səttarov adına Tacikistan Milli Konservatoriyasında incəsənət ustalarımızın etnocaz konserti ilə yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycanda Tacikistan Mədəniyyət Günləri ilk dəfə 2007-ci ildə, Tacikistanda isə Azərbaycan Mədəniyyəti Günləri 2008-ci ildə keçirilib.

Sonuncu dəfə 2024-cü ilin mayında Bakı və Gəncə şəhərlərində Tacikistan Mədəniyyəti Günləri təşkil olunub. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top