Türkiyəli general: “Ərdoğan ABŞ-nın bu qərarını müsbət dəyərləndirib”

XARİCİ SİYASƏT 14 may 2025, 17:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş olub. 

Bununla bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-mayor Yücel Karauz Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci il mayın 14-də Səudiyyə Ərəbistanında Suriya Prezidenti Əhməd Əl-Şaraa ilə yüksək səviyyəli görüş keçirib:

“Bu, son 25 ildə ABŞ və Suriya arasında baş tutan ilk rəsmi görüş kimi tarixə düşüb. Görüşə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ev sahibliyi edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə görüşə onlayn şəkildə qatılıb. Prezident Tramp görüş zamanı Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğv edildiyini açıqlayıb və bu qərarın Suriyaya böyük bir imkan verdiyini vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nın bu qərarını tarixi addım adlandıraraq müsbət dəyərləndirib”.

Y.Karauz bildirib ki, görüş çərçivəsində Prezident Tramp Suriyadan bir sıra şərtləri yerinə yetirməyi tələb edib:

“Bunlara Suriya ilə İsrail arasında münasibətlərin normallaşdırılması və İbrahim Razılaşmalarına qoşulmaq, fələstinli militantların deportasiyası, İŞİD-in yenidən fəallaşmasının qarşısının alınması və İŞİD məhbuslarının idarəsinin Suriyaya həvalə olunması daxildir. Suriyanın hazırkı prezidenti Əhməd Əl-Şaraa keçmişdə radikal qruplaşmalarla əlaqədə ittiham edilsə də, son illərdə dini plüralizmin tərəfdarı kimi çıxış edir və beynəlxalq dəstəyə doğru addımlar atır. 

ABŞ tərəfi həmçinin Suriyanın neft sektoruna investisiya və Dəməşqdə "Trump Tower" tipli layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə edib. 

Görüş bölgədə sülh və sabitliyə doğru mühüm addım kimi qiymətləndirilir. Suriyanın uzun illərdir davam edən beynəlxalq təcriddən çıxması yolunda yeni mərhələ kimi qəbul olunur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top