İrandakı etirazların Azərbaycana hansı təsirləri ola bilər? - PROQNOZ...

İQTİSADİYYAT 18 noy 2019, 12:39

İranda getdikcə artan sosial etirazlar davamlı xarakter alarsa ölkəni siyasi və iqtisadi böhrana sürükləyə bilər. Belə ki, idarəolunmaz formata keçən xalq etirazları qurbanlarının sayına (verilən məlumatlara görə 14 nəfər həyatını itirib), iştirakçıların kütləviliyinə və coğrafı əhatə dairəsinə görə son illərin ən şiddətli aksiyalarından sayılır. Baş verənlər əsasında qurulan istənilən ssenaridən aydın görsənir ki, İranda qiymətlərin artımının yeni dalğası, milli valyutanın dəyərsizləşməsinin növbəti mərhələs iqtisadi durumu daha acınacaqlı vəziyyətə sala bilər. Bu isə istənilən halda İrandan əmək miqrasiyasını və kapital axınını sürətləndirəcək. Azərbaycan emiqrantlara ev sahibliyi, maliyyə transfertlərinə vasitəçilik etmək məcburiyyətində qala biləcək potensial ölkələrin siyahısındadır. Hər iki trendin iqtisadi təsirlərinin əvvəlcədən dəyərləndirilməsi və Azərbaycanın prosesə hazırlıqlı olması baxımından aşağıdakıları bildirmək istərdim.


Birincisi, Azərbaycanın İranla sərhəddə yaşayan əhalisi üçün bu ölkə əvvəlki kimi alış-veriş və tibbi xidmətlər üçün faydalı olmayacaq. Bu isə xüsusilə də cənub rayonlarında onsuz da pisləşən sosial vəziyyəti bir az da gərginləşə bilər.


İkincisi, İrandan Azərbaycana əmək emiqratlarının gəlməsi ilk növbədə əmlak kirayəsi və istehlak bazarında qiymətlərin bahalaşmasına artırıcı təsir göstərəcək.
Üçüncüsü, İran və Azərbaycan arasında xarici ticarət döviyyəsi azalacaq. Lakin bununla yanaşı, İran mənşəli kapitalın Azərbaycana daşınması prosesi sürətlənəcək ki, bu da Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıra bilər.


Dördüncüsü, İran tüməninin dəyərdən düşməsi Azərbaycan manatına və dolayı yolla da ABŞ dollarına olan tələbatı artıra bilər. Bu da Azərbaycanın xarici şoklara həsas olan valyuta bazarında gərginliyi artıracaq.


Nəhayət, İranda hakimiyyətlə xalq arasında münasibətlərin gərginləşməsi qısa müddətli dövrdə dünya bazarında neftin qiymətinə artırıcı təsir göstərə bilər. Bu da Azərbaycanın neft gəlirlərinin artımını şərtləndirən amillərdəndir.
Göründüyü kimi, İranda baş verənlər Azərbaycan iqtisadiyyatına birmənalı müsbət və ya mənfi təsir göstərməyəcək. Bu təsirlərin hansının çox, hansının az olması qonşu ölkədəki hadisələrin gedişatından və Azərbaycanın prosesə hazırlıq səviyyəsindən asılı olacaq.

Qubad İbadoğlu, İqtisadçı alim

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top