
"Azdrama"da vətənpərvərlik mövzusunda tamaşa yoxdur. Səbəbi mənə də bəlli deyil. "Zəfər" tamaşasını yeni rəhbərlik gələndə repertuardan çıxartdı. "Ana intiqamı" tamaşası var idi. İstərdim ki, yenidən səhnələşdirilsin".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Məsmə Aslanqızı "Özümüz olaq" verilişində deyib. Aktrisa Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aralarında keçən qalmaqaldan danışıb:
"Mehriban Ələkbərzadə ilə aramda əvvəllər heç bir ədavət olmayıb. Problem oldu və bir qadın kimi ona müraciət etmək qərarına gəldim. Qəbul otağına girən kimi telefonu əlimdən aldı. "Sən mənim otağıma nə ixtiyarla gəlmisən?", "Səsimi yazmaq istəyirsən?" dedi. Telefonumu söndürüb kənara qoydum. Bu yaxınlarda bilmişəm ki, telefonda səsi necə yazırlar. Təbii ki, bunları təkzib edəcək. Kim ayranına turş deyər? Bu söhbət ikimiz arasında olub. Bunu təsdiq edəcək şahidim yoxdur. Özümə haqq qazandırmağa da çalışmıram. Hadisədən sonra İlham Əsgərova (teatrın direktoru -red. ) da bunu danışdım. Teatrda bir neçə adama problemimi demişdim. Onlar Mehriban Ələkbərzadəyə müraciət etməyi tövsiyə etdilər. Onun yanına gedəndə anladım ki, mənim haqqımda ona "qəşəng" sözlər deyiblər. Mənim barəmdə onda düzgün olmayan fikirlər formalşıb. Amma bu da ona haqq qazandırmır. Rəhbər insanın öz fikri olmalıdır. Biri var tənqid, biri də var təhqir. Özümü bağışlaya bilmirəm ki, orada dayanıb yalnız ağladım. Onu əvvəlcədən buna hazırlamışdılar".
Aktrisa M. Ələkbərzadəyə ev üçün müraciət etdiyini təsdiqləyib:
"Ev vermək mənim səlahiyyətimdə deyil" desəydi, baş əyib otağından çıxardım. Onun deməyi ki, "10-15 il sonra ev siyahısı gələrsə, fikirləşərəm, verə bilərik, ya yox"... Nə yaxşı ki, evi bizə Mehriban Ələkbərzadə yox, dövlət verir. İstəyirdim deyim ki, qarşıdan 20 Yanvar hadisələrinin 35 illiyi gəlir və siz tərəfdən müraciət olunarsa, müsbət qarşılanar. Teatr camiyəsində yeganı şəhid övladıyam. Elə ağzımı açmışdım ki, dedi, "20 Yanvar nədir? 20 Yanvar yoxdur. 20 Yanvar şəhidləri dəbdə deyil". Onda ayıldım. O ana qədər ağlayırdım. Cavab verdim ki, məgər şəhidlər də dəblə olur? Söylədi ki, "Elə demək istəmədim, yəni, 20 Yanvar artıq unudulub". Dedim, xeyir. Şəhidi şəhiddən ayırmaq nəyə lazımdır? Sən axı vaxtı ilə bununla bağlı silsilə verilişlər hazırlamısan. Bunu ona deyəndə acığına gəldi. Məşqi olduğunu deyib çıxıb getdi. Onun sayəsində məndə şəkər xəstəliyi də yaranıb. Özümə söz verdim ki, heç vaxt teartrdan heç nə istəməyəcəyəm. O qadında qəribə bir istedad var, qarşısında insanı intihar dərəcəsinə gətirib çatdıra bilər. Çox təəssüf edirəm ki, 30 ildir teatrda işləmişəm, bu qədər hörmətsilik görməmişdim. Çox şeylər var, desəm zənglər gələcək. Problemim də həll olub. Allah sağlamlığımızı əlimizdən almasın".
M.Aslanqızı bu hadisədən sonra səhhətində problemlər yarandığını açıqlayıb:
"15 gün stolun üstünündə başımı masaya qoyub yatmışam. Əgər buna yatmaq demək olarsa. 10 gün içində çəkim 46-dan 43 kiloqrama düşdü. Çalışırdım qızım görməsin ki, mən ağlayıram.
Aktrisaya "az" deyə müraciət etmək olmaz. Rafiq Əzimov ən qocaman aktyorumuzdur. Bir dəfə də görməmişəm ki, mənə kobud söz desin. Bura Akademik Milli Dram Teatrıdır, bazarda deyilik".