Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: "Qumarbaz, nəşəxor idi"

XARİCİ SİYASƏT 25 mart 2025, 16:49
“Mən Bako Saakyanın bütün taleyini bilirəm. 1988-ci ildə biz Xankəndidən çıxanda o fəhlə idi. 1994-cü ildə isə nazir oldu. Oxumurdu, təhsili yox idi. Bu, onun hansı cinayətkar yollarla vəzifəyə gəlməsindən xəbər verir”.

Bunu Musavat.com-a Xankəndidən olan Kazımov Temirxan Daşdəmir oğlu deyib.

O, keçmiş separatçı rejimin Bakıda məhkəməsi keçirilən üçüncü “prezidenti” Bako Saakyanın qonşusu olub.

“Onun adı Bahadır olub, mən qoymuşam, sonradan dəyişib Bako edib. O doğulanda uşaq idim, dedilər ona ad de, dedim, Bahadır olsun. Onda qabaq bir neçə qardaşı doğulan kimi ölmüşdü. Hətta Bahadırı xəstəxanadan biz çıxarmışdıq. Anası və atası bizimlə qonşuluq edirdilər, normal adamlar idilər. Özü isə oxumayan, qumarbaz, nəşəxor idi. Məktəbi bitirəndən sonra instituta girə bilmədi. 1988-ci ildə dəri sexində fəhlə işləyirdi. O, sonradan əvvəllər prokuror olan, sonra isə Daxili İşlər Nazirliyində çalışan İsaqulova qoşuldu. Hər ikisi nəşə çəkirdi. Beləliklə, Bahadır onun vasitəsi ilə Rusiyaya getdi, əlaqələrini genişləndirdi və vəzifələrə yolu açıldı.

İndi məhkəmələrini televiziyalardan izləyirəm. Kimin ağlına gələrdi ki, ad verdiyim Bahadır cinayətkara çevriləcək və ölkəmizdə mühakimə olunacaq. Bahadırı polis tuturdu, mən çıxardırdım. Mən həmin vaxt universal mağazanın müdiri idim. Bahadırın atasıgil ilə yaxın küçələrdə qalırdıq. Bahadırı polis saxlayanda atası yanıma xahişə gəlirdi. Rəis dotum olduğu üçün ona zəng edirdim, buraxırdılar”.

Qeyd edək ki, Saakyan 1960-cı ildə Xankəndi şəhərində anadan olub. Keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü "prezidenti" olub.

O, ilk dəfə 19 iyul 2007-ci ildə “prezident” seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz "vəzifəsində” qalıb.

Bako Saakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu "vəzifəni" icra edib.

Və nəhayət 2023-cü ildə Bako Saakyan törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Hazırda digər separatçılarla birgə məhkəməsi keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top