"Zara"da müştərinin əl çantası oğurlandı

HADİSƏ 24 mart 2025, 19:24

"Gənclik Mall" Ticarət Mərkəzində yerləşən "Zara" geyim dükanında müştərinin çantasını oğurlayan şəxs həbs edilib. 

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü K.L. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, K.L. "Zara" geyim dükanın paltar dəyişmə otağının dəhlizində F.G.-ya məxsus qadın əl çantasını oğurlayıb. 

Belə ki, zərərçəkmiş F.G. "Gənclik Mall"a alış-veriş etmək üçün gedib. Alış-veriş etdikdən sonra "Zara" dükanına daxil olaraq orada olan geyimlərə baxıb. Bəyəndiyi paltarları seçərək dəyişmə otağına gedib. Dəyişmə otağına daxil olduqda aldığı digər məhsulları dəhlizin girişinə qoyub. Həmin vaxt rəfiqəsi də onunla birlikdə olub.

Birlikdə paltar dəyişmə otağından çıxdıqda qoyduqları paketlər yerində olsa da, əl çantasının orda olmadığını müəyən edib. Ətrafı axtarsalar da, tapa bilməyiblər. Əl çantasının içərisində özünə və azyaşlı oğluna məxsus şəxsiyyət vəsiqələri, kosmetik vasitələr, bank kartları və nağd 150 manat pul olub.

K.L. oğurladığı çantanı içindəki əşyalarla birlikdə zərərçəkmişə qaytarsa da, içindəki 150 manatı imkansızlıqdan xərclədiyini deyib. 

Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top