"Xəstələrin razılığı olsa da, həkimlər xoş olmayan görüntüləri paylaşmamalıdır"

SOSİAL 18 mart 2025, 18:27
"Tiktok"da tanınan şəxslərdən biri burun əməliyyatı olub. 2 gündür ki, həkimin köməkçisi həmin şəxslə bağlı canlı yayın açır. Bu məsələ istənilən halda məndə ikrah hissi doğurdu. Çünki əməliyyatdan dərhal sonra və 2 gün ərzində həmin şəxslə bağlı ard-arda paylaşım edirlər. Əməliyyatdan yeni çıxmış insanın üz-gözü şiş vəziyyətdə olur. Bir insanın o halda paylaşılmasını qəti şəkildə düzgün qəbul etmirəm.

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Ramil Nəcəfli deyib.

O bildirib ki, xəstələrin razılığı olsa belə, həkimlərin xoş olmayan görüntüləri paylaşması heç də yaxşı qarşılanmır:

"Həkimlər xəstənin məlumatlarını gizli tutaraq əməliyyatxanadan reportaj da hazırlaya bilərlər. Xəstəni tanıdacaq vəziyyətdə paylaşım etmək qəbul edilməzdir. Əməliyyat zamanı canlı yayın açıb, məhrəmiyyəti ortaya tökürlər. 

Əməliyyatdan sonra narkoz  bədəndən çıxdığı zaman insan özündə olmur, qeyri-ixtiyari səslər çıxarır, hərəkətlə edir. Bir də görəcəyik ki, hansısa tibb bacını bunu da paylaşır. Videolar bir göz qırpımında yayılır. Ona görə də diqqətli olmaq lazımdır. Həkim özü bilavasitə çəkilişə rəhbərlik etməlidir.

Mən tibbi jurnalist kimi əməliyyat çəkilişlərində iştirak etmişəm. Həkimlərin ağlına gəlmədiyi hallarda qapalı  məsələləri redaktə etmişəm, hansısa görüntünün qarşısını almışam. Bütün bunlar yığışdırılmalıdır".

Onun sözlərinə görə, həkimin savadlı danışığı, estetik görünüşü varsa, informasiyanı onun dilindən almaq insanlara xoş təsir edəcək:

"Xüsusi fərasəti ilə seçilən həkimlərin videobloggerlik etməsi yaxşı olar. Ancaq bunun kütləvi şəkildə olması yarıtmaz dəb halına gələ bilər. Bacaran və bacarmayan hər kəsin buna qalxışması nəticəsində ciddi səhvlər meydana çıxa bilər. Canlı yayın formasında videobloggerlik məqsədəuyğun hesab edilmir. Həkimlər bacarıqlı məsləhətçilərlə işləməlidirlər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top