“O zəng edəndə telefonun səsini qaldırdım ki, yoldaşım da eşitsin”

İDMAN 17 mart 2025, 09:09

Onun Azərbaycana qayıdışı Reynaldonun geridönüşündən sonra ölkəmizdə ən çox müzakirə olunan futbol hadisələrindən idi. Oynadığı 1 illik mövsümlə azarkeşlərin ürəyində özünə taxt qurmağı bacarmışdı. Gedişi "Qarabağ"ın tarixinə düşsə də, Ağdam klubuna 5 milyon qazandırıb onların satdığı ən bahalı futbolçu olsa da, azarkeşlər braziliyalının ayrılığı ilə barışmırdı. Rusiya təmsilçisi "Krasnodar"ın oyunlarını da ölkəmizdə ona görə izləyirdilər.

Kadi Borges ölkəmizə gəlmiş ən yaxşı legionerlərdəndir. Yenidən Azərbaycana geri döndü. Elə gedişi kimi dönüşü də fırtınalı idi. Böyük əks-səda yaratdı, "Qarabağ"ın eniş yaşadığı vaxtda komandaya motivasiya oldu. Elə buna ən çox sevinənlərdən biri də Qurban Qurbanov idi. O, ən yaxşı futbolçularından biri Julio Romaonu macar "Ferençvaroş"una versə də, Kadi ilə təsəlli tapa bildi.

Qayıdışını qollar və qol ötürmələri ilə qeyd edən Kadi ilə müsahibəni razılaşdırmaq uzun çəksə də, istədiyimizə nail olduq. Bizi evində qonaq edən braziliyalı vinger xanımı Samara Qonçalveşlə birgə "Qafqazinfo" ilə söhbətində "Qarabağ" ətrafında baş verənlərdən, buradakı həyatlarından və ölkəmizdən danışıb:

- Gedişiniz də, geridönüşünüz də səs-küylü oldu. Baş verənləri ətraflı sizdən eşidək...

- Kadi Borges: Bu proseslərin hamısını ətraflı deyə bilməyəcəyəm. Amma bir gün Azərbaycana qayıtmağı düşünürdüm. Lakin bu qədər tez geri dönəcəyimə ehtimal verməzdim, planda da yox idi. "Ferençvaroş"a keçəndən sonra hər şey mənim üçün yaxşı idi. Yüksək səviyyədə oynayırdım, çempionatda qol ötürmələrində lider idim, Avropa Liqasında komandamız növbəti mərhələyə çıxmışdı. Həmin vaxt qış fasiləsi yarandı və biz istirahətə yollandıq. Macarıstanda belə bir şey var ki, biz oyunlar üçün bir gün öncədən bazaya yığışmırdıq. Birbaşa evdən matçlara yollanırdıq. Xanımım Samara ilə evdə oturmuşduq və zəng gəldi. Klubun idman direktoru Tomas Hanyal idi. Klub rəsmisi mənə dedi ki, "Qarabağ"a qayıtmaq variantı var və bunu istəyərsən? Dedim ki, klub üçün də, mənim üçün də xeyirlisi budursa, olsun, gedərəm. Beləliklə, bu keçid baş tutdu və Azərbaycana qayıtdım.

- Samara Qonçalveş: Mən ona heç nə demədim, bildirdim ki, əgər Azərbaycana qayıtmaq sənin üçün yaxşıdırsa, belə qərar verirsənsə, dəstəkləyirəm. Azərbaycan bizim üçün evimiz kimidir. Həqiqətən ilk gəlişimizdə özümüzü çox xoşbəxt hiss etmişdik. Kadiyə bildirdim ki, bu dəfə eyni xoşbəxtlik olacaqsa, karyeran baxımından da yaxşı olacaqsa, gedək.

- Elə xanımınız Azərbaycan "evimiz kimidir" dedi, siz də bura gələndə azarkeşlər "evə qayıdır" həştəqi yaratmışdılar. Klubun rəsmi səhifəsi də eyni cür paylaşım etmişdi. Həqiqətən evinizə qayıtdınız?

- K.B: Əslində, "evə qayıtmaq" o deməkdir ki, sən özünü orada xoşbəxt, rahat hiss edirsən. Bura qayıdanda hər kəs bizi çox yaxşı, xoş qarşıladı. Bu insanların sevgisini gördüyüm yerə, əlbəttə ki, qayıtmaq istərdim və bunu etdim. Qızımız Sofi Bakıda dünyaya gəlib. Biz bu ölkədə sevgini hiss etdiyimiz üçün onun burada dünyaya gəlməsini istədik. "Ferençvaroş"un idman direktoru mənə zəng edəndə telefonun səsini qaldırdım, yoldaşım Samara da eşitsin ki, Azərbaycana, "Qarabağ"a qayıtmaq variantı var. O, bunu eşidəndə kənardan başı ilə mənə işarə edirdi ki, "hə" de, qayıdaq". Bizim Azərbaycana bağlılığımız o dərəcədə var idi.

- Azərbaycandan getsəniz də, azarkeşlərin sizə sevgisi azalmırdı. Sosial şəbəkələrdə çoxlu videolar paylaşılırdı, hamı sanki qayıdışınız üçün dua edirdi. Düşünürsünüz ki, bu qayıdışda o duaların rolu var?

- K.B: Mən və həyat yoldaşım Allaha inanan adamlarıq. Nəsə baş verirsə, təsadüf deyil. Təsəvvür edin ki, "Ferençvaroş" "Krasnodar"a böyük məbləğdə pul ödəyib məni transfer etmişdi və müqaviləm 4 illik idi. Sadəcə üstündən 6 ay keçdi və sadə bir vəziyyətdən "Qarabağ"a qayıtdım. Bunlar təsadüf ola bilməz. Mənə karyeramın yaxşı dönəmində təkliflər gəldi. İstənilən halda düşünürdüm ki, Azərbaycanda bitməmiş missiyam var və şans yarandı, gəldim. Keçən dəfə də demişdim ki, mən Çempionlar Liqasında oynamaq istəyirəm. "Qarabağ"a daha çox xeyir verə biləcəyəm.

- Ölkəmizə bu qədər bağlılığınızı nəzərə alaraq Braziliya və Azərbaycan arasındakı oxşar və fərqli cəhətləri soruşum. Sizə özünüzü doğma hiss etdirən nələrdir?

- K.B: Fərqli cəhətlər çoxdur. Çünki bura gəlirsən ki, yeni mədəniyyət, başqa ab-hava...Hər şey tamamilə fərqlidir. Amma belə bir şey var ki, əgər sənin düşüncə tərzin bura öyrəşə bilirsə, problem yoxdur. Mənim üçün ən vacib olan buradakı insanların istiqanlı olmasıdır. Bəzən səni tanımasalar belə, kömək etməyə çalışırlar. Mən bura kimi qonaq çağırıramsa, həm şəhərdən, həm də insanlardan razı qalır. Məsələn, bir neçə gün öncə menecerim öz həyat yoldaşı ilə bura gəlmişdi. Bakıdakı ab-havadan çox razı qaldılar.

- S.Q: Başqa bir neçə ölkədə olmuşuq, amma oradakı insanlar Azərbaycandakı kimi deyil. Burada istər marketlərdə, istər xəstəxanalarda və digər yerlərdə hər kəs istiqanlıdır, yardım etməyə çalışır. Burada özümüzü rahat hiss etdirən çox şey var. Tamam fərqli hisslərdir.

- Necə tanış olmusunuz?

- S.Q: Çox qəribə olub tanışlığımız... Kadi Portuqaliyada oynayırdı, orada yaşayırdı. Mən isə Braziliyanın Kurutiba şəhərində idim. Bir gün feysbukdan mənə dostluq təklifi və mesaj gəldi. Təbii ki, əvvəlcə baxmadım, hətta ona 3 gün fikir vermədim. Pandemiya dönəmi idi, hamı karantində idi, heç yerə çıxış yox idi. 3 gün keçdikdən sonra isə ona cavab yazdım. Nəticədə başladıq danışmağa. Bir ilə yaxın elə feysbuk üzərindən söhbətləşdik. Bir il sonra isə Kadi Braziliyaya bizim evə gəldi. Qapımızı döydü və ailəmdəki hər kəs evdə idi. İlk dəfə bir-birimizi görməyimizə baxmayaraq, illərin tanışı kimi qucaqlaşdıq, sonra ayrıldıq. Daha sonra Kadi "Qarabağ"a transfer olunanda mən də onunla birlikdə Azərbaycana gəldim. Bizim həyat hekayəmiz məhz Azərbaycanda başladı.

- Belə demək mümkünsə, münasibətinizin təməli burada qoyulub?

- K.B: Əsas münasibət burada yarandı, inkişaf etdi. Bir il sonra isə biz Braziliyaya gedib orada ailələrimizlə birlikdə toy etdik, evləndik.

- Qızınız Azərbaycanda, Bakıda dünyaya gəlib. Bunu da sizi ölkəmizə bağlayan hadisə saymaq olar?

- S.Q: İstənilən halda biz Azərbaycanda öz ölkəmizin mədəniyyətini təmsil edirik. Qızım isə burada Azərbaycan mədəniyyətini görəcək, fərqli mədəniyyətlə tanış olacaq. Eyni zamanda, bizdən də Braziliya mədəniyyətini öyrənəcək. Həm də Azərbaycanda yeni dil öyrənəcək və bu onun üçün yaxşı olacaq.

- Azərbaycan dilini necə? Öyrənməyə cəhd etmisiniz?

- K.B: Çox maraqlıdır, amma çətindir. Hətta bizim üçün ingilis dilini öyrənmək o qədər asan deyil. Əlbəttə, istəyərəm ki, Azərbaycan dilini bilim. Əlavə dillər bilmək heç zaman pis deyil.

- Bəs, mətbəximiz sizdə hansı fikirləri yaradıb? Yeməklərimizin dadı xoşunuza gəlir?

- K.B: Yeməklərin dadı çox xoşuma gəlir. Bəzən yeyirəm, bəzən özümü saxlayıram... Evimizdə gördüyünüz Azərbaycan şirniyyatlarını, paxlavanı sizin üçün stola düzmüşük. Çünki mən onları çox yeyə bilmirəm. Sonra "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudo (Çudomir Çakarovu nəzərdə tutur-red.) ilə başım ağrıyacaq (gülür). Yeməklərin dadına gəlincə, Braziliya ilə oxşar cəhətlər var. Ədviyyatlardan daha çox istifadə edirsiniz və bu bizim çox xoşumuza gəlir. Bir də yeməyi sevgi ilə bişirmək var... Azərbaycanda da, Braziliyada da yeməklər sevgi ilə hazırlanır.

- S.Q: Mən də ədviyyat məsələsinə qoşuluram. Braziliyadan fərqli olaraq burada daha çox ədviyyat istifadə olunur və bu, əladır.

- Bir neçə gün öncə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu. Bu bayram fərqli fikirlərə yol açır. Siz bu bayramı necə qeyd etdiniz?

- S.Q: Bu suala Kadi cavab versin, çünki evin kişisi odur.

- K.B: Əlbəttə ki, qadınlara hər gün dəyər verilməlidir. Amma 8 Mart spesifik gündür və bu gündə xanımlara daha çox diqqət ayırmaq pis bir şey deyil. Nəinki həyat yoldaşına, anana, bacına, qızına və yaxınlarına diqqət ayırmalısan. Mən müntəzəm hədiyyə verməyi xoşlayıram. 8 Martda xanımıma adının baş hərfinə uyğun "S" formalı gül buketi hədiyyə etdim. Məncə, qəşəng idi, amma xoşuna gəlib-gəlmədiyini bilmirəm.

- S.Q: Buket xoşuma gəldi. Braziliyada da bu bayram yaxşı qeyd olunur.

- Fərqli mədəniyyətlərdən danışdıq. Məsələn, bizdə belə bir şey var ki, azərbaycanlı futbolçuların böyük əksəriyyəti mətbuata, kameralar önünə öz xanımları, öz ailələri ilə çıxmaqdan imtina edir. Siz bunu nə qədər doğru hesab edirsiniz?

- K.B: Ailə hər kəsin şəxsi işidir. Amma mən azərbaycanlı futbolçuların bundan niyə çəkindiyini deyə bilmərəm. Sadəcə, həyatındakı ən önəmli insanın yanında olması pis bir şey deyil. Çətin günündə də, yaxşı günündə də xanımın yanındadırsa, bu, müsahibədə də, efirdə də ola bilər. Bəzən bir oyun uduzursan, əhvalın pis olur, o səni təsəlli edir. Sənə dəstək olan insanla çıxıb bir yerdə müsahibə verməkdə pis nə ola bilər ki?

- Son zamanlar legioner futbolçuların Azərbaycan toylarında oynamağına tez-tez rast gəlirik. Bizim toylarda olmusunuz?

- K.B: Mənim oynadığım videonu görməyəcəksiniz (gülür). Belə bir video var və onu sizə göndərəcəyəm. Bizim komandanın dietoloqu İlqar Şamilovun toyuna getmişdik. Orada Azərbaycan mahnıları ilə rəqs elədim. Bir də komandamızın çempionluq tədbirində də oynamışdım.

- UEFA Konfrans Liqasının pley-off-una yüksəldiyiniz zaman Prezident İlham Əliyev sizi qəbul etdi. Həmin görüşü necə xatırlayırsınız?

- K.B: Həmin vaxt həyəcandan titrəyirdim. Çox möhtəşəm görüş oldu. O anları heç zaman unutmayacağam.

- Qurban Qurbanov sizin üçün kimdir və həyatınızda hansı önəmli rola sahibdir?

- K.B: Qurban Qurbanov həyatımda olan tək-tük məşqçilərdəndir ki, məni futbolçu kimi anlaya bilir. O, komandasında olan bütün oyunçular üçün belədir. Çünki o bilir ki, mən komandaya nə qədər xeyir verə bilərəm, hansı mövqedə oynamağı bacararam. Harada, necə çıxış edəcəyimi dəqiq bilir. Bütün bu təcrübələr başqa komandalarda da mənə kömək olub. Onun futbolçulardan istədiyini ala bilməsi məni təəccübləndirmişdi. Eyni zamanda məndən də istədiyini ala bilmişdi.

- Sanki siz "Qarabağ"dan gedəndə Qurban müəllim sizdən incimiş kimi görünürdü. Amma qayıdışınız az da olsa, düşüşdə olan komandaya kömək etdi...

- K.B: Deyirsiniz ki, incimişdi, amma yox, sadəcə ikimiz də çox pis olmuşduq. Hər kəs buna müxtəlif bucaqdan baxa bilər. Əslində, mənim gedişim klub üçün heç də pis olmamışdı. Komanda tarixində ilk dəfə 5 milyona oyunçu satmışdı. Ümumiyyətlə, mən başqa ölkədə olsam da, Qurban Qurbanov daim durumumla, ailəmlə maraqlanırdı. Bu səbəbdən həmişə digər futbolçular da özünü bura aid hiss edir. Başqa klublarda bu cür münasibət görməyəndə nəyinsə çatışmazlığını hiss edirsən. Bura qayıdanda Qurban müəllimin üzündə sevinci gördüm, eyni sevinc hissləri məndə də var idi. İkimiz də sevinirdik ki, qayıtdım, birləşdik. Gəldiyim gün gecə saat 11-də görüşdük, komandanın tərcüməçisi Elvar Quliyev də yanımızda idi. Qurban Qurbanovla görüşəndə o, həyatım, ailəm haqqında soruşdu, maraqlandı. Təbii ki, bu, kiməsə adi bir şey kimi görünə bilər, amma mənə buranın bir parçası olduğumu hiss etdirdi. Burada yaxşı başlanğıc etdim və bu da komandanın əməyidir.

- Heç olub ki, Kadi Qurban Qurbanovun hansısa tapşırığına əsəbiləşib və gəlib evdə bundan danışıb?

- S.Q: Yox, heç zaman olmayıb. Qurban müəllim kənardan hər kəsə qəzəbli görünə bilər, amma Kadi deyir ki, onun fərqli ürəyi var. Görüntü bir başqa, daxili bir başqa. Heç vaxt sərt olmur, qəzəbli olmur. Nəsə olanda hər zaman məsləhət verir, komandadakı futbolçulara ata olmağa çalışır.

- K.B: Sən onun sərt üzünü görməmisən (gülür).

- "Krasnodar"a transfer olduqdan sonra zədələndiniz və ağır bir dönəm keçirdiniz. Amma həmin vaxt "Qarabağ" Avropada tarix yazırdı. Heç peşmanlıq hissi keçirdinizmi ki, kaş, mən də orada olaydım...

- K.B: Heç kim deyə bilməz ki, burada qalsaydım, necə olacaqdı. Bəlkə burada da zədələnib oyunlardan kənarda qalardım, iştirakçı olmazdım. Ümumiyyətlə, mən "Qarabağ"ı hara getsəm də, qəlbimdə daşıyırdım. Çünki burada dostlarım var. Komandanı da izləyirdim, uğuruna sevinirdim. Çox gözəl hisslərlə nəticələri izləyirdim. Zədəmə gəlincə, üzümün sağ tərəfi, demək olar ki, qırılmışdı. Görmə qabiliyyətimi də itirə bilərdim. Çox çətin bir dönəm keçirdim.

- Komandada hansı futbolçularla yaxın münasibətiniz var?

- K.B: Mən gedəndən sonra komandada çox dəyişiklik olmayıb. Demək olar ki, hamı buradadır. Daha çox portuqaldilli futbolçularla münasibətimiz yaxşıdır. Partik Andradedir, Kevin Medinadır, Mateus Silvadır, Leandro Andradedir. Leandro ilə əvvəl də yaxın idik, ailəvi yaxınlığımız var idi, indi də belədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 mart 2025, 13:47
Top