
İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır. Qızlar və oğlanlar hər gün öz evlərində və icmalarında –mediada və onlara qayğı göstərən böyüklər arasında gender bərabərsizliyini görürlər. Əfsuslar olsun ki, bugün dünyanın müxtəlif yerində qadınlar və cinsi azlıqlar haqsızlığa, zorakılığa, şiddətə məruz qalırlar.
Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bütün kişi və qadınlar arasında hüquq bərabərliyi ölkə Konstitusiyasında birmənalı şəkildə təsbit olunub. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib, gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul edilib. Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi siyasətini həyata keçirən mərkəzi icra orqanı yaradılıb.
Eyni zamanda, müvafiq müddəalar sonradan qəbul olunmuş və təkmilləşdirilmiş bir sıra normativ-hüquqi aktlarda da əks olunub. Demoqrafik vəziyyətin ən son icmalına əsasən ölkədə kişi və qadınların gözlənilən ömür uzunluğunun, habelə qadınların savadlılıq səviyyəsinin artması da daxil olmaqla bir sıra irəliləyişlər müşahidə olunur.
Eyni zamanda, əldə olunmuş nəticələr göstərir ki, 20-ci əsrin əvvəlləri ilə müqayisədə cari dövrdə qadınlar daha yetkin yaşlarında ailə qurur, daha az sayda uşaq dünyaya gətirir, kənd və ya şəhərdə yaşamaq üçün təxminən eyni imkanlara malikdir və ev təsərrüfatından kənarda gəlir gətirən fəaliyyət növlərinə daha çox cəlb olunurlar.
Yaşadığımız dövrdə bəzən hər iki istiqamət üzrə - həm media idarəetməsi, həm də məzmunun yaradılması prosesində gender bərabərliyi prinsipi pozulur. KİV işçiləri, xəbər istehsalçıları bəzən bilməyərəkdən, fərqinə varmadan, bəzən də bilərəkdən, reytinq qazanmaq xatirinə gender stereotiplərin dərinləşməsinə xidmət edən informasiyalar yayırlar; məzmun yaradıcılığında gender balansının pozulmasına gətirib çıxaran təhriflərə yol verirlər. Digər tərəfdən, monitorinq təşkilatları məlumat verirlər ki, qadınlar media strukturlarında qərarvermə, idarəçilik və təsisçilik proseslərində kişilərdən geridə qalırlar. Medianın qərarvermə və idarəetmə səviyyələrində qadın və kişilərin bərabər iştirakı mövzusu bütün beynəlxalq sənədlərdə təşviq edilsə də, XXI əsrin ilk onilliyinin sonunda hələ də buna nail olunmamışdır.
Beynəlxalq Jurnalistlər Federasiyasının hesablamalarına əsasən, qlobal səviyyədə media qurumu sahibləri və rəhbərlərinin 73 faizini kişilər, 27 faizini qadınlar təşkil edirlər.
Məsələ ilə bağlı millət vəkili Vüqar İskəndərov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, hələ müstəqilliyimiz illərində Ulu öndər Heydər Əliyev Azərbaycanda qadınlarını bütün sahələrdə dəstəkləyirdi:
“Dövlət idarəçiliyi, qanunvericilik orqanları, yerli özünüidarəetmə, biznes strukturları yəni, cəmiyyətimizin bütün sahələrində qadınların fəal iştirakının təmin edilməsi ilə bağlı müvafiq işlərin görülməsini təmin etdi. O cümlədən, bu qanunvericilik qaydasında da təsbit olunur. Biz artıq xanımlarımızın bütün sahələrdə aktiv fəaliyyətini görürük. Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında xanımlarımız humanitar sahələrdə, hətta əvvəlki illərdə onlara xarakterik olmayan sahələrdə bu gün qadınlarımızın izini, fəaliyyətini görürük. Bu gün idarəetmə sahəsində, parlamentdə, mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti sahələrində də onların uğurlu fəaliyyəti işlərimizə bariz nümunədir. Təbii ki, burada əsas məsələ media sahəsində qadınların hüquqları, ümumiyyətlə bu qanunların onların fəaliyyətinə təsiri kontekstindən baxmaq lazımdır. Bu sahədə də ölkəmizdə həm qanunvericilik bazası, həm digər qanunlar əsasən də mediada iştirakçılıq sahəsində onların hüquqları qorunur”.
Deputat diqqətə çatdırıb ki, jurnalistika sahəsində xanım jurnalistlərin sayı kişiləri üstələyib:
“Sovet ittifaqı dövrünə baxsaq, jurnalistikada kişilərin daha çox üstünlüyü hiss olunurdu. Artıq son illərdə bu sahədə də kifayət qədər təcrübəli, tanınmış jurnalistlərin sayı artmaqdadır. Onlara baxan gənc nəsil də stimul alaraq bu sahəyə yönəliblər. Bu gün Azərbaycan jurnalistikasında xanımların pay sahibi olduğu nisbəti artmaqda olduğu açıq-aydın görünür. Mediada çıxan yazıların da statistikasına baxsaq, qadınların bu və ya digər formada hüquqları onlarla bağlı olan yazılarda artıq xüsusi bir ayrıcı xəttin göründüyü hiss olunmur. Artıq dövlət siyasətinin tərkib hissələrindən biri də gender bərabərliyi ilə bağlı olan məsələdir. Bu həqiqətən də ölkəmizdə xüsusi bir hissə kimi ayrılıb. Burada xüsusi dövlət orqanının mövcud olması, onların fəaliyyəti, vətəndaş cəmiyyətinin rolu olduqca vacibdir”.
Millət vəkilinin sözlərinə görə, cəmiyyətimizdə qadına olan münasibət, hətta dünyada nümunə sayıla bilər:
“Ona görə ki, biz tarix boyu qadınla kişinin hüquqlarının bərabər olduğunu görmüşük. Yəni, xanımlarımız kişilərlə birlikdə bir çox sahələrdə çalışıblar, hətta at belində vuruşan xanımlarımız da olub. Bu mənada bu gün Azərbaycan cəmiyyətində media sahəsində hər hansı bir ayrıcı xəttin göründüyü hiss olunmur. Hər hansı bir yazılar, sosial məsələlər, ailə dəyərləri ilə bağlı olan məsələlərdə, xüsusi olaraq hansısa kişilərlə bağlı və ya xanımlarla bağlı olan ayrıcı xətt yoxdur. Çatdırılan, ötürülən məlumat, xəbər ümumi olaraq xəbərin mahiyyəti kimi çatdırılır. Ümumi olaraq sözümüzə belə yekunlaşdıra bilərik ki, ölkəmizdə gender bələbərliyi təmin olunmaqdadır, qadınlarımızın rolu cəmiyyətdə kifayət qədər aktivdir və bu siyasət, bu proses hazırda yüksələn xətt üzrə davam etməkdədir”.
Jurnalist, media eksperti Azər Həsrət məsələyə münasibət bildirib.
O qeyd edib ki, Azərbaycanda həm media sahəsində, həm də istənilən başqa sahədə qanunvericilik müstəvisində qadınlara qarşı hər hansı ayrı seçkilikdən danışmaq olmaz:
“Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasətində cinsi ayrı seçkilik deyə bir şey yoxdur. Azərbaycan dünyəvi dövlətdir. Nə qədər müsəlman toplumu olsaq da, burada dünyəvi qanunlar hakimdir. Ona görə də qadınlarla bağlı hər hansı problemin olduğunu deyə bilmirik. Sadəcə olaraq, media sahəsində getdikcə xanımlarımızın sayı artmaqdadır. Bu da bərabərində əlavə suallar doğurmaya bilməz. Misal üçün, hazırda media rəhbərləri arasında xanımlarımız bir əlin barmaqları sayı qədər deyil. Yəni çox az saydadır. Reallıqda bu problemimiz var. Amma belə media qanunvericiliyinin hər hansı şəkildə xanımlarımıza bir ayrı seçkilik tətbiq etməsi, ümumiyyətlə qanunlarımızın ayrı seçkilik tətbiq etməsi, praktikada da “Sən qadınsan, jurnalist işləyə bilməzsən”, “Media sahəsində sənə yer yoxdur” deyə bir şey də yoxdur. Hətta deyərdim ki, ən aparıcı media qurumlarımız xanımları həvəslə işə də götürürlər, onlarla uzun illərlə də işləyirlər. Təbiidir ki, bacarığına uyğun olaraq daha irəli getməsinə də şəraiti yaradırlar. Yəni, bu baxımdan düşünürəm ki, problemlər haqqında danışa bilmərik. Ümumi medianın problemləri fonunda nədənsə danışsaq, bəli, qadın kişi demədən, ayrı seçkilik etmədən danışa bilərik. Yaxud da ki, ümumiyyətlə, qadınların cəmiyyətimizdəki rolu haqqında danışsaq, yenə də bir ciddi ayrı-seçkiliyə rast gələ bilmirik”.
Ekspert deyib ki, müəyyən bölgələrimizdə qadınların özəlliklə təhsil almaması, cəmiyyət içində olmaması problemi var:
“Bu problemlə illərlədir ki, müzakirə aparırıq. Amma sırf media baxımından, şəxsən, mən hər hansı problem müşahidə etməmişəm, indi də etmirəm, gələcəkdə də belə bir şey gözləmirəm. Ümumi media siyasətinin qadın hüquqlarına təsirindən danışsaq, yəni konkret olaraq artıq geniş anlamda qadın hüquqlarından danışsaq, burada da şəxsən problem görmürəm. Hətta deyərdim ki, media bu məsələyə daha həssas yanaşır. Qadınlarla bağlı baş verən proseslər, bir qadının şiddət görməsi, incidilməsi, ailə içində problemlərinin olması Azərbaycan mediası bu cür məsələlərə çox həssasdır. Amma bir şeyi də təəssüflə qeyd etməliyik ki, bəzən həmkarlarımız belə məsələlərdən də şou düzəltmək üçün də az istifadə etmirlər. Bu sahədə problem olduğu haqqında danışa bilərik, yəni insan həyatını heçə sayaraq özəlliklə də qadınlarla bağlı xəbərlərin bəzən uyğunsuz şəkildə təqdimatı yer alır. Bundan da təbiidir ki, qadınların bəziləri əziyyət çəkir”.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqamətində hazırlanıb.
Leyla Turan
Demokrat.az