USAID-in qrantlarının dayandırılması Avropa mediasında təşvişə səbəb olub

XARİCİ SİYASƏT 15 fevral 2025, 16:01
USAID-in xaricə yardım qrantlarının dayandırılması maliyyə axınlarında şəffaflığın olmaması səbəbindən Avropa jurnalistikasında xarici təsir barədə mübahisələrə səbəb olub.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bu barədə “AnewZ”un “USAID-in Media maliyyələşdirilməsi təsiri və ya müdaxiləsi” mövzusunda hazırladığı süjetdə məlumat verilib.

Materialda USAID-in fəaliyyət mexanizminə diqqət çəkilərək bildirilib ki, təşkilat rəsmi olaraq müstəqil bir agentlik olsa da, o, ABŞ Prezidentinə, Dövlət Katibinə və Milli Təhlükəsizlik Şurasına birbaşa tabedir:

“Rəsmi qaydada onun fəaliyyətinin humanitar yardım, iqtisadi inkişaf, səhiyyə və demokratiya təşəbbüslərinə həsr olunduğu bildirilsə də, USAID müxtəlif ölkələrdə ictimai rəyə və daxili işlərə təsir göstərmək məqsədilə media və QHT-lərin maliyyələşdirilməsində də rol oynayıb və bu rolu səbəbindən hazırda nəzarətə məruz qalır”.

Analitiklər hesab edirlər ki, USAID layihələri xüsusi siyasi ideologiyalardan ayrılmış fərd və proqramları seçərək dəstəkləməklə məşğul olub. Tənqidçilər bu maliyyələşdirmənin media qərəzsizliyi ilə bağlı suallar yaratdığını, xüsusilə ABŞ-nin xarici siyasət maraqları ilə sıx əlaqəli narrativlərə dair narahatlıq doğurduğunu iddia edirlər.

İndi isə, xüsusilə, ABŞ-də Respublikaçı qanadından olan tənqidçilər “BBC Media Action”ın 2023-2024-cü illərdə USAID-dən 3 milyon dollar aldığını qeyd edirlər. Birləşmiş Krallıqda bəzi ekspertlər hesab edirlər ki, USAID-lə bağlı baş verənlər əslində Birləşmiş Krallığın yumşaq güc gedişi kimi beynəlxalq inkişaf layihələrində bu boşluğu doldurması üçün bir fürsətdir.

“ANews”un Britaniya müxbirinin Londondan verdiyi məlumata görə, fevral ayının əvvəllərində ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask çıxışı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin BBC-ni maliyyələşdirdiyi iddialarını gücləndirib:

“Bu iddialar USAID-in BBC-nin beynəlxalq inkişaf xeyriyyə təşkilatı olan “BBC Media Action”a maliyyə dəstəyinə əsaslanırdı. “BBC Media Action” “BBC News”dan müstəqil fəaliyyət göstərsə də və müvafiq maliyyələşdirmə qlobal inkişaf təşəbbüslərinə dəstək olsa da, bu iddia ciddi mübahisəyə səbəb oldu”.

Materialda USAID-in Almaniyadakı fəaliyyətinə də diqqət çəkilib. Bildirilib ki, Almaniya mediasının birbaşa maliyyələşdirilməsi aydın olmasa da, USAID media üzrə QHT-lər vasitəsilə Almaniyada faktların yoxlanılması təşəbbüslərini və dezinformasiyaya qarşı səyləri dəstəkləyib:

“ABŞ-nin yardım əsaslı layihələri rus narrativlərlə mübarizə aparmaq üçün alman institutları ilə birgə işləyib ki, bu da informasiya müharibələrində hökumət mediasının əlbir olması ilə bağlı narahatlığa səbəb olub. Bu maliyyə axınlarında şəffaflığın olmaması Avropa jurnalistikasında xarici təsir barədə mübahisələrə gətirib çıxarıb”.

Jurnalist hesab edir ki, əgər bu maliyyələşdirmənin dondurulması prosesi davam edərsə, boşluğu doldurmaq avropalılara qala bilər:

“Çünki hazırda Avropa Komissiyası ABŞ-dən sonra humanitar yardıma ən böyük töhfəni verir. Almaniya hökuməti isə üçüncü sırada dayanır. Ona görə də hazırda ABŞ Avropadakı media təşkilatlarını USAID-in maliyyələşdirməsindən imtina edərsə, avropalıların bu boşluğu doldurması barədə müzakirələr gedir”.

Sujetdə USAİD-lə bağlı Macarıstan hökumətinin mövqeyinə də diqqət çəkilib. Bildirilib ki, Macarıstanın Baş naziri Viktor Orban USAID-i onun hökumətini zəiflətmək üçün müxalif media qurumlarına maliyyə dəstəyi verməkdə ittiham edib. Materialda o da vurğulanıb ki, USAID-in maliyyələşdirməsinin dayandırılması ilə Macarıstanda bir çox media qurumları indi alternativ maliyyə dəstəyi tapmaqda çətinlik çəkir.

Reportajda Ukrayna mediasının 90 faizinin ABŞ-dən maliyyə yardımı almasına da toxunulub. Qeyd olunub ki, təkcə 2024-cü ildə Ukrayna mediasına 6 milyard dollardan çox vəsait ayrılıb:

“USAID-in Ukraynada media dəstəyi Rusiya dezinformasiyasına qarşı mübarizə kimi təqdim edilsə də, tənqidçilər bunun jurnalistika ilə strateji təsir arasındakı sərhədi aradan qaldırdığını iddia edirlər. USAID-in maliyyələşməsi dondurulduğuna görə uzun müddət xarici qrantlardan asılı olan Ukrayna media qurumları sağ qalmağa çalışırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top