"Dövlət maraqlarına zidd fəaliyyətin olması ilə bağlı xüsusi xidmət orqanları araşdırma aparmalıdır" — Deputat

GÜNDƏM 11 fevral 2025, 21:00
"Rusiya ilə gərginlik fonunda bir sıra keçmiş dövlət məmurlarının Rusiya ilə buradakı maraqları baxımından iş birliyində olmaları ilə bağlı iddialar gündəmə gətirilib. Mətbuatda məsələ ilə bağlı konkret adlar da çəkilir, mülahizələr söylənilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

Deputat bildirib ki, bu məsələlər daha çox xüsusi xidmət orqanlarının səlahiyyət dairəsindədir:

"Hansısa dövlətlə, həmin dövləti təmsil edən rəsmilərlə, məmurlarla isti münasibətlərin olması məsuliyyət yaratmır. Məsuliyyət yalnız o halda yarana bilər ki, münasibətlər öz mənsub olduğu dövlətin maraqlarına xidmət etməsin, digər dövlətin maraqları daxilində alınmış hansısa tapşırıqlar yerinə yetirilsin. 

Mülahizələr və konkret adlar var. Adı çəkilən şəxslərin Rusiya ilə isti münasibətlərinin olması ilə bağlı cəmiyyətdə də mövqe, məlumat var. 

İstənilən halda münasibətlərin hansı kontekstdə olması, öz dövlətinin maraqlarına xidmət edib etməməsi və ya dövlət maraqlarına zidd fəaliyyətin olması ilə bağlı xüsusi xidmət orqanları araşdırma aparmalıdır, nəticəyə uyğun olaraq məsuliyyət müəyyən edilməlidir".


Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 23:55
Top