BSQ və KSQ problemi: Yeni qiymətləndirmə formaları zərurətdir

SOSİAL 31 yanvar 2025, 11:21

Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) metodları hər ilin sonunda müzakirə olunan ən aktual məsələlərdən biridir. Bəzi müəllimlər KSQ və BSQ-ləri düzgün qiymətləndirmə metodu hesab etmirlər.

Demokrat.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ilə həmsöhbət olub.

O bildirib ki, bu çox maraqlı və aktual sualdır:

“Bu mövzu ilə bağlı həm valideyn, həm də təcrübəli bir mütəxəssis kimi fikir bildirmək istərdim. Əvvəlcə valideyn kimi deyim: Mənim üçün əsas məsələ övladımın real bilik və bacarıqlarının düzgün qiymətləndirilməsidir. Düzdür, summativ qiymətləndirmələrin məqsədi budur, amma çox vaxt uşaqlar bu qiymətləndirmələrə görə böyük stress keçirirlər. Belə vəziyyətlərdə yalnız bir test və ya yazılı iş nəticəsi ilə onların bacarıqlarını tam dəyərləndirmək mümkün olmur. Mən valideyn olaraq övladımın yalnız nəticəyə görə deyil, prosesə görə də qiymətləndirilməsini istəyirəm. Yəni, onun dərslərdə necə fəal olması, yeni bilikləri necə tətbiq etməsi də nəzərə alınmalıdır. Təcrübəli mütəxəssis kimi isə deyə bilərəm ki, summativ qiymətləndirmələrin faydaları ilə yanaşı, məhdudiyyətləri də var. Məsələn, bu qiymətləndirmələr əsasən şagirdin konkret bir mövzunu necə mənimsədiyini yoxlayır. Amma məsələnin digər tərəfi var: yaradıcı düşüncə, tənqidi təfəkkür, qrupda işləmə bacarığı kimi əhəmiyyətli bacarıqlar bu qiymətləndirmələrlə ölçülmür. Üstəlik, bu proses müəllimlər üçün də əlavə iş yükü yaradır. Şagirdlərin performansını obyektiv şəkildə təhlil edib rəy vermək çox vaxt və enerji tələb edir. Bu, bəzən müəllimlərin motivasiyasını da azalda bilər”.

G.Əkvərova qeyd edib ki, şagirdlər bəzən “imtahan yazmaq üçün oxuyuram” deyir:

“Bu ifadəni eşidəndə ürəyim sıxılır, çünki təhsil bu deyil. Təhsil hər şeydən əvvəl inkişaf və öyrənmə prosesidir. Təkcə nəticəyə görə dəyərləndirmək onların təhsilə həvəsini azaldır, gələcək perspektivləri haqqında neqativ təsəvvür yaradır.

Yeni qiymətləndirmə formalarına gəldikdə isə, məncə, bu, artıq zərurətdir. Misal üçün, formativ qiymətləndirmələr çox yaxşı işləyə bilər. Bu, şagirdin gündəlik fəaliyyətlərinə əsaslanır – dərs zamanı müzakirələri, qrup işləri, təqdimatlar. Belə qiymətləndirmələr şagirdlərin özlərini daha rahat ifadə etməsinə imkan yaradır.Həmçinin, portfolio qiymətləndirməsi kimi yanaşmalar tətbiq oluna bilər. Bu zaman şagirdlərin müxtəlif işləri – layihələr, təqdimatlar, yazılar – toplamaqla onların irəliləyişini izləmək mümkün olur. Belə qiymətləndirmə şagirdlərin təkcə biliklərini yox, həm də bacarıqlarını ortaya çıxarır”.

Müsahibimiz sonda bacarıq yönümlü testlərə də toxunub:

“Praktik bilikləri və onların real həyatda tətbiqini yoxlayan testlər şagirdlər üçün həm daha faydalı, həm də maraqlı olar. Bir sözlə, qiymətləndirmə sistemi balanslı olmalıdır. Yalnız nəticə yox, proses də dəyərləndirilməlidir. Çünki hər bir şagirdin öz potensialını göstərməsi üçün fərqli yanaşmalara ehtiyac var. Məncə, dəyişikliklərə ehtiyac var və bu dəyişikliklər müəllimləri də, şagirdləri də daha motivasiyalı və uğurlu edə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top