Goranboy xəstəxanasında həkim növbəsi üstündə DAVA

KRİMİNAL 24 yanvar 2025, 14:42
Goranboy rayon Mərkəzi Xəstəxanasında dava olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Nizam Səlimov xəstəxanada olan zaman Babək (adlar şərtidir – red.) adlı şəxslə mübahisə edib. 

Hadisə 24 may 2024-cü ildə, saat 11 radələrində Goranboy rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin dəhlizində baş verib. 

Nizam ictimai qaydanı pozaraq, növbəsini gözləməsi üçün ona məlumat verən Babəkin ünvanına söyüş söyüb, hər iki əli ilə onun yaxasından tutaraq itələyib. Onu yerə yıxaraq döyüb.

Hadisəni törədən Nizamın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, heç bir işlə məşğul olmur, təqaüdçüdür: “Barəmdə Goranboy rayon polis şöbəsinə şikayət etmiş Babəki tanımamışam, görməmişəm, onunla heç bir ədavət və düşmənçiliyim olmayıb. Hadisə günü, saat 9 radələrində həyat yoldaşım Günel ilə birlikdə yaşadığım Goranboy rayonunun Veyisli qəsəbəsindən çıxdım, Goranboy rayon mərkəzi xəstəxanasına getdik. Xəstəxanaya getməyimizə səbəb həyat yoldaşımı MRT müayinəsindən keçirtmək olub. Biz xəstəxanaya daxil olub nevrepataloq Ceyran həkimin qəbuluna düşmək üçün növbə götürdük. Növbədə yeddinci şəxs olmuşuq. Növbəmiz çatdıqda Ceyran həkimin qəbuluna girdik. Həkimin qəbulunda olan zaman tanımadığım bir nəfər şəxs içəri daxil oldu və mənə “səndən qabaq gəlmişəm, növbəni gözlə” dedi. Mən həmin şəxsə cavab verərək hər kəsin öz növbəsi olduğunu bildirdim. Həmin şəxs çölə çıxdı, yenidən içəri daxil olaraq mənə müharibə veteranı olduğunu dedi. Mən həmin vəsiqədən məndə də olduğunu bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Babək onun üzərinə gələrək əl qaldırıb: “Mən hər iki əllərim ilə Babəkin yaxasından tutub itələdim, otaqdan çıxardım. Bu zaman onu arxası üstə bərk şəkildə yerə yıxdım. Bundan sonra ətrafda olan şəxslər Babəklə mənim aramda baş verən mübahisəni sakitləşdirdi. Mən Goranboy rayon mərkəzi xəstəxanasından çıxdım və xəstəxananın həyətində həyat yoldaşımı gözlədim. Həyat yoldaşım gəldikdən sonra maşına əyləşərək yaşadığım Goranboy rayonunun Veyisli qəsəbəsinə qayıtdım”. 

Təqsirləndirilən şəxs təqsiri olduğunu etiraf edib. O, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ilk dəfə ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, evli olmasını, himayəsində 3 yetkinlik yaşına çatmayan övladı olmasını nəzərə alınmasını istəyib. 

İş üzrə zərərçəkmiş Babəkin sözlərinə görə, heç bir işlə məşğul deyil, təqaüdçüdür: “Hadisə günü, saat 9 radələrində oğlumu müayinə etdirmək üçün Goranboy rayon mərkəzi xəstəxanasına getdik. Biz xəstəxanaya daxil olduq, oğlum üçün növbə götürdük. Həkimlərin oğluma yazdığı dərmanı almaq üçün oğlum aptekə gedərək dərman aldı. Mən isə xəstəxanada həkimin otağının qarşısında gözlədim. Bir qədər sonra həkimin otağına daxil oldum, anketi həkimə təhvil verdim. Həkimin qəbulunda olan zaman tanımadığım bir nəfər şəxs ucadan səs-küy saldı. Mən həmin şəxsə sakit olmağı dedim. Həmin şəxs hərəkətlərinə davam edərək məni söyüb təhqir etdi. Hər iki əli ilə boğaz nahiyyəmdən və qollarımdan sıxaraq otaqdan çıxardı. Bu vaxt  məni yerə yıxdı. Yerdə məni vurdu. Ətrafda olan şəxslərin köməyi ilə mübahisə yekunlaşdı. Oğlum xəstəxanaya daxil olub səs-küyü eşitdi. Məndən nə baş verdiyini soruşdular. Oğluma tanımadığım şəxs tərəfindən döyüldüyümü dedim. Daha sonra hadisə yerinə Goranboy rayon polis şöbəsinin əməkdaşları gəldi. Mən ərizə, izahat vermək üçün Goranboy rayon polis şöbəsinə dəvət olundum”.

Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizam 2 min manat cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top