Otlaq sahəsində həmkəndlilər arasında dava — TƏFƏRRÜAT

KRİMİNAL 03 yanvar 2025, 15:45
Yardımlı rayonunda 1995-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində həmyerlisi Oqtaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 noyabr 2023-cü ildə Yardımlı rayonunun kəndi ərazisində baş verib. Vüsal aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı istintaqa məlum olmayan bərk küt əşya ilə həmkəndlisi Oqtayı qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 3-də, saat 16:30-da şəxsi təsərrüfatında olan xırda buynuzlu heyvanları otlaq sahəsində otararkən həmkəndlisi Oqtay idarə etdiyi “Vaz 21214” markalı avtomobil ilə həmin əraziyə gəlib, avtomobildən düşərək ona qoyunları həmin ərazidən çıxarmasını bıldirib: “Həmin vaxt Oqtay məni nalayiq söyüşlərlə təhqir etdi. Mən Oqtaydan söyüşlərini dayandırmasını tələb etsəm də, hərəkətlərini davam etdirdiyinə görə əsəbləşdim, əlimdəki ağac parçası ilə ona bir-neçə zərbə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Oqtayın sözlərinə görə, Yardımlı rayonunun kəndində yaşayır və həmkəndlisi Bəhramın kənd ərazisində yerləşən pay torpaq sahəsini payız aylarında müvəqqəti istifadə etmək üçün ona verib: “Lakin həmkəndlim Vüsalın təsərrüfatında olan xırda buynuzlu heyvanları mütəmadi Bəhramın mənə verdiyi torpaq sahəsində otarır. Mən də Vüsala dəfələrlə heyvanları həmin ərazidə otarmamasını bildirmişəm. Noyabrın 3-də, saat 16:30-da idarə etdiyim “Vaz 21214” markalı avtomobil ilə yaşadığım evə gedərkən Vüsalın yenə də heyvanları həmin ərazidə otarmasını gördüm. İdarə etdiyim avtomobil ilə həmin əraziyə getdim və Vüsala öz iradlarımı bildirdim. Vüsal heyvanları həmin ərazidən aparmayacağını bildirdikdə, aramızda mübahisə yarandı. Mübahisə zamanı Vüsal əlindəki ağac parçası ilə baş və sağ qol nahiyələrimə üç-dörd zərbə vurdu. Mən həmin zərbələrdən xəsarətlər aldım”. 

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top