"İndi Rusiyanın bu faktı gizlətməyə çalışması..." — RƏY

GÜNDƏM 27 dekabr 2024, 19:07
"Tarix boyu bir dövlətin başqa dövlətin sivil təyyarəsini yanlışlıqla vurduğu hadisələr olub. Məsələn, bir neçə il öncə İran səması üzərindən uçan Ukrayna təyyarəsini bilmədən vurmuşdu. Daha sonra İran səhvini etiraf edib, üzr istədi".

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi ekspert Həşim Səhrablı deyib. 

"Rusiyanın etiraf etməməsinin arxasında iki səbəb ola bilər. Birincisi, Rusiyanın təyyarəni qəsdən vurmasıdır. Dünyada Ukraynanın Qroznıya, Çeçenistana hücumları zamanı digər ölkələrin də zərər gördüyü görüntüsünü yaratmaq istəyi ola bilər. Öz xeyirlərinə xal toplamaq üçün məqsədli şəkildə təyyarəmizi vurmuş ola bilərlər. İkinci məsələ Rusiyanın təyyarəni vurduqdan sonra enişinə icazə verməməsidir. Bu birmənalı şəkildə o deməkdir ki, Azərbaycan təyyarəsi salamat şəkildə Rusiya hava limanlarına enə bilərmiş. Rusiya bu faktı gizlətmək üçün təyyarəni Xəzər dənizi üzərinə yönləndirib ki, sübutlar yox olsun. Təyyarənin Rusiya HHM tərəfindən vurulması artıq təsdiqini tapıb".

O bildirib ki, indi Rusiyanın bu faktı gizlətməyə çalışması özünü dünyadakı bütün dövlətlərdən üstün saymasıdır:

"Dövlət və xalq olaraq özünübəyənmişlik onların eqoist davranmasına səbəb olur. Buna görə də səhvlərini etiraf etmək istəmirlər. Düşünürlər ki, özünü dünyanın texniki olaraq ən yaxşı göstərməyə çalışan dövlətinin havada sivil təyyarəni vurması beynəlxalq imicinə ciddi zərbə olacaq. Rusiya Azərbaycandan üzr istəmək, təzminat ödəmək istəmir. Müxtəlif vasitələrlə cinayətin izini azdırmağa çalışır. Artıq bütün faktlar ortadadır. Bunu görməzdən gəlmək mümkün deyil. Rusiya bunu etməyəcəksə, Azərbaycan bundan sonrakı bütün addımlarında bu faktı nəzərə almalıdır. Düşünürəm ki, bundan sonra Rusiya ilə müttəfiq əlaqələrinə xitam verilməlidir. Vətəndaşlarımız cüzi də olsa xilas olmaq ehtimalı var ikən Rusiya buna məhəl qoymadı. Xalqımızın həyatı onlar üçün önəm daşımır.  Azərbaycan bundan sonra addımlarını atarkən Rusiya siyasətini ikinci plana qoymalıdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top